ABŞ demokratiyası belə olur?

SİYASƏT
17:25 11.10.2013
1437
AZXEBER.COM Oksford Universitetinin Rusiyanın Cənubi Qafqaz siyasəti üzrə doktorantı, ATƏT-in İnsan Haqları və Demokratik Təsisatlar İnstitutunun müstəqil məsləhətçisi Elçin Musayevin ötən ilin noyabr ayında "Baku Post" qəzetinə verdiyi müsahibəni təqdim edir. Müsahibənin aktuallaşmasına səbəb ABŞ Dövlət Departamentinin və ATƏT DTİƏB-in Azərbaycana qarşı qərəzli münasibətidir. Müsahibədə adıçəkilən təşkilatla bağlı bir çox nüanslara aydınlıq gətirilib: “6 noyabr ABŞ-da prezident seçkilərini müşahidə edərkən xeyli qüsurlar aşkarladıq, düzü bu, mənə sürpriz oldu”. 
Bu sözləri Oksford Universitetinin Rusiyanın Cənubi Qafqaz siyasəti üzrə doktorantı, ATƏT-in İnsan Haqları və Demokratik Təsisatlar İnstitutunun müstəqil məsləhətçisi Elçin Musayev "Baku Post" qəzetinə müsahibəsində söylədi. ATƏT-in müşahidəçilər qrupu daxilində ABŞ-da prezident seçkilərini izləmək imkanı olan həmyerlimizin söylədikləri açığı bizi də xeyli təəccübləndirdi:
27 oktyabrda prezident Obamanın Nyu Hempşir ştatının Naşua şəhərində keçirilən seçkiqabağı kampaniyasından sonra onunla görüşmək imkanım oldu. Prezidentlə seçkiqabağı hazırlıq, seçki kampaniyasının təşkili və şəxsən onun seçki platforması haqqında söhbət etdik. Obamaya Azərbaycandan gəldiyimi bildirdiyimdə çox şad oldu və uzun məsafə qət edib Amerikadakı seçkiləri müşahidə etməyə gəldiyimə görə dərin təşəkkürünü bildirdi. Lakin o vaxt mən seçkilərin bu cür keçiriləcəyini təsəvvür etmirdim.ABŞ-da respublikaçılar ilə demokratlar arasında neçə illərdir gərgin mübarizə getdiyini çoxları yaxşı bilir. Bu cür gərgin mübarizə apararkən qüsurların üstündən keçirlər. Orada məni ən birinci narahat edən məsələ seçici siyahılarının olmaması və bu işin çox bərbad şəkildə aparılması idi.
– Necə yəni, onların seçici siyahısı yoxdur?
– Demək olar ki, yox. Azərbaycanda seçici siyahıları seçkidən xeyli əvvəl hazır olur, nəzarətdən keçirilir, baxılır. Seçicinin də imkanı var ki, adının siyahıda olub-olmamasını əvvəlcədən müəyyənləşdirsin. ABŞ-da isə elə bir sistem var ki, seçki günü də yaxınlaşıb siyahıya düşmək olur. Həddən artıq qarışıq bir sistemdir. Hansısa prosesi anlamaq çox çətin olur.
– Onlarda seçkiləri təşkil edən xüsusi orqan var?
– Yoxdur. Hər bir ştatın öz seçki qaydası var. Amma konkret seçkini idarə edən federal sistemli mərkəz yoxdur.
– Sizcə, bu mərkəzin olmaması seçki prosesini asanlaşdırır, ya əksinə?
– Məncə, qəlizləşdirir. Çünki hər bir ştatın öz seçki qaydası var ki, bu da çaşqınlıq yaradır.
– Ümumi qayda yoxdur, amma ümumi prezident seçirlər?
– Bəli. Elə ən böyük problemlərdən biri də budur. Elə buna görə də Texas ştatında ciddi problem çıxdı. ATƏT-in nümayəndələrinə seçkini müşahidə etməyə imkan verilmədi. Eyni problem Ohayo, Florida ştatlarında da yaşandı. Halbuki ABŞ 1975-ci ildə ATƏT-in qurucularından biridir. 1991-ci il Kopenhagen sazişinə görə, ATƏT-in ABŞ-ın hər bir ştatında keçirilən seçkini müşahidə etmək hüququ var.
Həmin saziş 6 noyabr seçkilərində pozulub. Texas prokuroru çox düşüncəsiz hərəkətə yol verdi. Nümayəndələrə seçkiləri müşahidə etməyi qəti qadağan etdi. Əks halda həbs edəcəyini bildirdi. Eyni hal bizdə olsaydı, yəni hansısa bölgənin prokuroru desəydi ki, ATƏT-in nümayəndəsi müşahidə aparsa onu tutacam, bu böyük beynəlxalq qalmaqala səbəb olardı.
– Sizcə, bunun səbəbi nə idi?
– Məncə, bu məlumatsızlıqdan irəli gəlir. Nədənsə, ona elə gəlirdi ki, ATƏT nümayəndələrinin müşahidə aparması ABŞ-ın suverenliyinə təhlükədir. O, elə fikirləşir ki, onlar ən ideal seçkilər keçirirlər və keçmiş sovetlərdən gəlib onların seçkiləri barədə rəy bildirməyə ehtiyac yoxdur. Müşahidə qrupunun rəhbərliyi Ağ Evə şikayət etsə də, onlara yenə də müşahidə üçün icazə verilmədi.
– Sizcə, bu hərəkət amerikan eqoizmindən irəli gəlir?
– Tamamilə doğrudur. Hesab edirlər ki, hər şeydə onlar hamıdan üstündürlər, onlarda bütün işlər qaydasında və idealdır. Bizə sosial şəbəkələrdə də hücumlar təşkil edilmişdi. Bunu ən çox respublikaçılar edirdilər. Bu şəbəkələrdə “bunları həbs etmək, ölkədən qovmaq lazımdır” - deyə bəyanatlar səslənirdi.
– Siz onlara nədə mane ola bilərdiniz ki?
– Bizim müşahidə aparmaqdan başqa, nəyəsə müdaxilə etməyə mandatımız yoxdur. Ona görə də biz necə mane ola bilərdik ki? Elə başa düşürlər ki, biz onlarda insan haqlarına şübhə ilə yanaşırıq. Əslində, ABŞ seçkilərində problemlərin ortaya çıxması birinci dəfə deyil. Oğul Buş prezident seçilərkən Florida ştatında səslərin hesablanmasında ciddi narahatçılıq yaşandı. Ümid edirəm ki, ATƏT-in ciddi iradlarını nəzərə alacaqlar.
– Seçki qanunvericiliyi ilə tanış ola bildinizmi? Sizcə, amerikanların bu qanunvericiliyi idealdır?
– Tanış oldum. Orada hər ştatın öz qanunvericiliyi var. Adicə hər ştatın öz bülleten forması var. Ştatın birində bülleten bir balaca kağız, digərində isə 10 vərəqdir. Bundan başqa səsvermənin gizliliyi pozulur. Yəni, onlarda səs hesablayan qutu-makina var. Seçici bağlı yerdə bülleteni doldursa da o həmin bülleteni makinaya atan kimi makinanın yanında dayanan şəxslər kimə səs verdiyini asanlıqla müəyyən edirlər.
Onu da deyim ki, seçkinin təşkilatçılığı normal idi. Orada hər hansı qüsur müşahidə etmədim. Lakin qanunvericilikdə ciddi problemlər var. Seçkilərdə əsasən ikipartiyalılıq sisteminin özü də müəyyən çətinliklər yaradır. Bunu özləri də etiraf edir və çoxpartiyalılığın əhəmiyyətindən danışırdılar.
– ABŞ hamıya demokratiya dərsi verir. Bəs, bu halları nə ilə izah edəcəklər? Siz bu barədə rəy hazırlayacaqsınız?
– Mütləq. Biz artıq rəylərimizi bildirmişik və inanıram ki, bu narazılıqları nəzərə alacaqlar. Azərbaycanda müşahidəçilər üçün yaradılan rahat şərait ABŞ-da yox idi. Əsas odur ki, Azərbaycanda seçici siyahıları var, səsvermənin gizliliyi oradan çox yaxşı qorunur.
"Baku Post" qəzeti

OXŞAR XƏBƏRLƏR