'ABŞ-ın çörəyini yeyən Əli Kərimli və 'Turan' agentliyi amerikanın üzünə ağ oldular' - YAP rəsmisi

Bütün Xəbərlər
22:44 18.04.2013
1666

ABŞ-ın çörəyini yeyən AXCP sədri Əli Kərimli və “Turan” agentliyi amerikanın üzünə ağ oldular”.

AZXEBER.COM SİA-ya istinadən xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə müşaviri Tomas Melianın “Turan” agentliyinə verdiyi müsahibənin təhrif olunmasına münasibət bildirərkən deyib.YAP rəsmisinin sözlərinə görə, Tomas Melianın səfəri, onun keçirdiyi görüşlər və verdiyi müsahibələr “Turan” agentliyi tərəfindən tamamilə saxtalaşdırılıb: “Bir sözlə Azərbaycan ictimaiyyətinə, cəmiyyətinə, o cümlədən “Turan”nın əməkdaşlıq etdiyi agentliklərə, qəzetlərə yalan informasiyalar verilib. Bu məsələyə ciddi müdaxilə olunduqdan sonra isə günün ikinci yarısı həmin məlumat təkzib olundu. Müsahibədə prezident İlham Əliyevin üçüncü dəfə prezident seçilməsi ilə bağlı sual qoyulur. Bu, sırf ölkə konstitusiyasının maddələrinə uyğun gələn məsələdir.Biz dəfələrlə demişik ki, Azərbaycanda seçki hüququ ölkə xalqına məxsusdur. Azərbaycan Konstitusiyasına əsasən hakimiyyətin mənbəyi xalqdır. Xalq kimi neçə dəfə hakimiyyətdə görmək istəyirsə və seçirsə, o insan da prezident, parlament və bələdiyyə üzvü olacaq. Buna heç bir məhdudiyyət qoymaq olmaz. Lakin müsahibədə həmin fikir silinərək saxtalaşdırılıb.Əslində T.Melian deyib ki, bu konstitusiyanın müddəasıdır və səsvermənin gedişindən asılıdır, gələcəkdə bu məsələlər müzakirə oluna bilər, buna nə "qırmızı" nə də ki, "ağ" xətt demək olar. “Turan” agentliyi də həmin fikri götürərək saxtalaşdırıb və qəzetlərinin başlıqlarında, eləcə də bütün agentliklərdə "bu, "qırmızı xətt"dir", deyərək burada da nöqtəni qoyublar.Bugünki "Azadlıq" qəzetində də həmin fikir olduğu kimi, yəni saxtalaşdırılaraq dərc olunub. Bu da Azərbaycan ictimaiyyətini ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə müşaviri Tomas Melianın adından aldatmağa hesablanıb. Bu bir daha onu göstərir ki, müxalifət və onların mətbuatı daimi olaraq ABŞ nümayəndələrinin, Avropa Şurasına üzv ölkələrin təmsilçilərinin, eləcə də ayrı-ayrı siyasi xadimlərin adından bu cür saxta, yalan bəyanatlar verirlər.Məqsəd də budur ki, nə olur-olsun özləri bir günlük gündəmdə qalsınlar. Günün ikinci yarısında isə “Turan” agentliyi bütün informasiya agentliklərinə düzgün versiyanı göndərib. Hesab edirəm ki, saxta müsahibəni mətbuata göndərməklə "Turan" agentliyi digər agentliklərin və qəzetlərin etibarından sui-istifadə etdilər. Düşünürəm ki, belə təşkilatlar və agentliklərlə gələcəkdə əməkdaşlığa heç bir ehtiyac yoxdur. Bu bir daha onların daxili xislətini göstərir”.ABŞ-ın Azərbaycanda keçirilən bütün seçkilərdə ATƏT nümayindələrinin guya iştirak edilməməsi ilə bağlı fikirlərə də aydınlıq gətirən S.Novuzov bildirib ki, Azərbaycan heç vaxt deməyib ki, ATƏT nümayəndələri seçkilərə buraxılmamalıdır:“Əksinə, Ermənistandan, Gürcüstandan, Rusiyadan fərqli olaraq Azərbaycan həmişə ATƏT nümayəndələrinin ölkəmizdə keçirilən seçkilərdə yaxından iştirak etmələrinə, müşahidəçi olmalarına geniş şərait yaradıb. Onların hansı rəy verməsindən asılı olmayaraq bütün məntəqələrdə ATƏT nümayəndələri üçün hərtərəfli şərait yaradılıb. Azərbaycandan fərqli olaraq ABŞ bir dəfə də olsun özündə keçirilən seçkilərə ATƏT-i və Avropa Şurasını müşahidəçi qismində buraxmayıb.Digər tərəfdən bizdə birbaşa seçki sistemidir. Yəni xalq seçki məntəqəsinə gələrək öz prezidentini, parlamentini və bələdiyyəsini birbaşa seçir. Bunlarda isə əskinə, dolayı seçki sistemidir. Belə ki, seçicilər hər ştatda nümayəndə seçir, onlar isə gedib prezidenti seçirlər. Dünyanın heç bir yerində belə sistem yoxdur, ABŞ istisna olmaqla.

Təbii ki, bunun özü də anti-demokratik sistemdir. Digər məsələ isə Azərbaycanda və Avropanın əksər ölkələrində ölüm hökmü ləğv olunub, amma ABŞ-da bu hələ də saxlanılır. Bunların çatışmayan o qədər cəhətləri var ki, baxmayaraq bu ölkələrin birinin dövlətçilik tarixi iki yüz ildir, digərinin iki min, başqa birisinin isə beş min ildir. Yəni hər bir dövlətin özünün hüquq sisteminin çatışan və çatışmayan cəhətləri vardır.Eləcə də hər bir xalqın özünün milli mənəvi dəyərləri, əxlaq normaları mövcuddur. Beləcə, bir ölkənin başqa bir ölkənin işinə və yaxud da ki, onun seçki sisteminə, daxili işinə qarışmağa heç bir ixtiyarı yoxdur. Çünki bütün dövlətlər bərabərhüquqludur və BMT-nin üzvüdürlər”.Millət vəkili onu da sözlərinə əlavə edib ki, burada ən maraqlısı isə odur ki, ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə müşaviri Tomas Melia ilə müsahibədə bir dəfə də olsun nə Dağlıq Qarabağ münaqişəsi, nə bir milyondan artıq qaçqın və məcburi köçkünlərimizin öz yurdlarından didərgin düşmələri, nə Xocalı faciəsi və s. haqqında sual qoyulmayıb: “Əksinə ölkə daxilində baş verən proseslərlə bağlı suallar qabardılıb. Bunları nə Dağlıq Qarabağ, nə Azərbaycan xalqı, nə Xocalı, nə də ki, işğal olunan torpaqlarımız maraqlandırmır.Halbuki, ən çox hüququ pozulan da məhz o təbəqədir. Onların işi ancaq şəxsi maraqlarına hesablanıb. Bunlar bir daha bu cür hərəkətləri, əməlləri ilə Azərbaycan xalqının qarşısında özlərini ifşa etdilər”.

OXŞAR XƏBƏRLƏR