ABŞ-İran dialoqunda yeni mərhələ: Tehran Dohadan əlidolu dönə bilər

ABŞ-İran dialoqunda yeni mərhələ: Tehran Dohadan əlidolu dönə bilər
DÜNYA
23:47 02.11.2026
176
İran nümayəndə heyəti ölkənin nüvə proqramı ilə bağlı ABŞ-nin təkliflərini və münaqişəyə son qoyulması üçün mümkün razılaşmaları müzakirə etmək məqsədilə Dohaya səfər edib.

AZXEBER.COM "Bakupost"-a istinadən xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçının sözlərinə görə, rəsmi Tehran ABŞ-nin vitse-prezidenti Cey. Di. Vensin mesajı vasitəsilə çatdırılan Vaşinqtonun təkliflərini nəzərdən keçirir.

Bununla yanaşı, İran tərəfi hələlik ABŞ rəsmiləri ilə birbaşa görüş keçirməyi planlaşdırmır. XİN rəhbəri Abbas Əraqçı münaqişənin nizamlanması üçün İranın irəli sürdüyü əsas şərtlər sırasında sanksiyaların ləğvini və regiondakı ABŞ qoşunlarının sayının azaldılmasını göstərib.

"Al Arabiya" telekanalı mənbələrə istinadən ABŞ-nin təkliflərinin Tehranda müsbət qarşılandığını xəbər verib.

Məlumata görə, Vensin göndərdiyi mesaj yekun plan deyil, mümkün razılaşmanın ümumi prinsiplərini əks etdirir. Təklifləri ətraflı nəzərdən keçirmək üçün İran hakimiyyəti tərəfindən xüsusi komitələr yaradılıb.

Siyasi şərhçi Rəşad Bayramov "Bakupost”a bildirib ki, İran nümayəndə heyətinin Dohaya səfəri və ABŞ vitse-prezidenti Cey. Di. Vensin vasitəçiliyi ilə Tehrana çatdırılan təkliflərin müzakirəyə çıxarılması ABŞ-İran münasibətlərində diplomatik prosesin yenidən canlanması baxımından diqqətəlayiq hadisədir: "Xüsusilə "Al Arabiya” telekanalının mənbələrə istinadən İran tərəfinin Vaşinqtonun təkliflərini müsbət qarşıladığını bildirməsi danışıqlarda müəyyən irəliləyiş ehtimalını gündəmə gətirir. "Al Arabiya”nın yaydığı məlumatlar təsdiqlənərsə, bunu ABŞ-İran danışıqlarında irəliləyişə işarə edən müsbət diplomatik siqnal kimi qiymətləndirmək olar”.

Müsahibimizin fikrincə, bu məlumatın əhəmiyyəti ondadır ki, tərəflər arasında uzun müddətdir davam edən qarşıdurma fonunda artıq təkcə hərbi təzyiq və qarşılıqlı hədələr deyil, mümkün razılaşmanın konkret prinsipləri də müzakirə olunur:

"İranın xarici işlər naziri Abbas Əraqçinin ABŞ-dən gələn mesajı müsbət addım kimi qiymətləndirməsi də diplomatik təmasların müəyyən nəticə verdiyini göstərir. Bununla belə, Əraqçi birbaşa danışıqların hələ planlaşdırılmadığını, vasitəçilərlə təmasların davam etdiyini xüsusi vurğulayıb.

Burada əsas məqam ondan ibarətdir ki, Vensin mesajı yekun sülh planı deyil, mümkün razılaşmanın ümumi prinsiplərini əhatə edir. İran hakimiyyətinin bu təklifləri araşdırmaq üçün xüsusi komitələr yaratması Tehranın məsələyə müəyyən institusional səviyyədə yanaşdığını göstərir. Bu, özlüyündə razılaşmanın əldə olunacağına təminat verməsə də, təkliflərin dərhal rədd edilməməsi diplomatik proses üçün müsbət göstəricidir”.

Bununla belə, ekspert tərəflər arasında ciddi fikir ayrılıqlarının qaldığını da diqqətə çatdırdı: "Vaşinqton nüvə proqramı məsələsinin danışıqların ilk mərhələsindən etibarən müzakirə olunmasını istəyir. Tehran isə əvvəlcə hərbi qarşıdurmanın tam dayandırılmasını, ABŞ-nin liman blokadasına son qoymasını və İran neftinin ixracına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılmasını tələb edir. Bundan əlavə, İran dondurulmuş maliyyə aktivlərinin azad edilməsini və ABŞ hərbi qüvvələrinin regiondakı mövcudluğunun azaldılmasını istəyir. Digər mühüm məsələ Hörmüz boğazının açılmasıdır. İran bu istiqamətdə müəyyən təkliflər irəli sürüb və Qətərlə aparılan müzakirələr zamanı təklifin icra müddətinin iki günə qədər azaldılması variantı gündəmə gəlib. Bu məsələ ABŞ üçün də xüsusi əhəmiyyət daşıyır. Çünki Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin bərpası qlobal enerji bazarlarının sabitliyi və beynəlxalq ticarət baxımından vacibdir. Beləliklə, tərəflərin ortaq maraqlarının kəsişdiyi sahələrdən biri məhz dəniz nəqliyyatının təhlükəsizliyidir.
Bununla belə, İranın hələlik amerikalı rəsmilərlə birbaşa görüş planlaşdırmadığını bildirməsi göstərir ki, tərəflər arasında etimad problemi qalmaqdadır. Hələlik tərəflər arasında yekun razılaşmadan danışmaq tezdir. Daha real olan Hörmüz boğazında gəmiçiliyin bərpası və bundan sonra nüvə proqramı, sanksiyalar və təhlükəsizlik məsələləri üzrə mərhələli razılaşmanın əldə olunmasıdır”.

Şərhçi qeyd edir ki, burada əsas məsələ Tramp administrasiyasının İranın təhlükəsizlik və iqtisadi tələblərinə hansı həddə güzəştə getməyə hazır olması, Tehranın isə nüvə proqramı ilə bağlı hansı öhdəlikləri qəbul edəcəyidir:

"Əgər tərəflər bu məsələlərdə ortaq məxrəcə gələ bilsələr, Yaxın Şərqdə yeni hərbi eskalasiyanın qarşısını almaq mümkün ola bilər. Əks halda, diplomatik təmasların davam etməsinə baxmayaraq, hərbi qarşıdurma təhlükəsi gündəmdə qalacaq”.
OXŞAR XƏBƏRLƏR