ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Anna Paulina Luna Rusiya və Ukrayna arasında sülh sazişinin imzalanacağına əminliyini ifadə edib.
Florida ştatından seçilmiş respublikaçı konqresmen bu barədə "X” sosial şəbəkəsində paylaşım edib.
Luna ABŞ Prezidenti Donald Trampın Rusiyadan dizel yanacağının tədarükü ilə bağlı açıqlamasına münasibət bildirərək enerji sahəsində mümkün razılaşmanın tərəflər üçün faydalı olacağını vurğulayıb.
"Neft sahəsində möhtəşəm razılaşma hər kəsin xeyrinədir! Bu ticarət sazişinin necə olacağını görənədək gözləyin. Sülh razılaşmaları yaxşıdır. Rusiya ilə Ukrayna arasında sülh sazişi imzalanacaq. Yeganə çıxış yolu sülhdür”, – konqresmen yazıb.
Qeyd edək ki, oktyabrın 9-da Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub. Tərəflər digər məsələlərlə yanaşı, neft və neft məhsullarının tədarükünü də müzakirə ediblər.
Putin Rusiya tərəfinin ABŞ və dünya bazarlarına neft və neft məhsulları tədarük etməyə hazır olduğunu təsdiqlədiyini bildirib.
Rusiya Baş nazirinin müavini Aleksandr Novak isə ölkəsinin dizel yanacağının ixracına tətbiq olunan qadağanı nəzərdə tutulduğundan daha tez aradan qaldırmağa başladığını açıqlayıb.
Onun sözlərinə görə, Rusiya oktyabrda 300 min ton, noyabrda 500 min ton, dekabrda isə 1 milyon ton dizel yanacağı tədarük etməyə hazırdır. Perspektivdə bu həcmin ayda 3 milyon tona çatdırılması planlaşdırılır.
Məlumata əsasən, ABŞ administrasiyası Rusiya dizel yanacağının dünya bazarlarına tədarükünü 2027-ci il aprelin 7-dək Amerika sanksiyalarından azad edir.
Tramp isə oktyabrın 9-da Ağ Evdə jurnalistlərlə söhbəti zamanı Amerika bazarına dizel yanacağı tədarükü ilə bağlı qərarına görə Putinə təşəkkür edib.
///teleqraf///











































