ABŞ nəyə nail olmaq istəyir?

ABŞ nəyə nail olmaq istəyir?
Bütün Xəbərlər
15:47 25.12.2013
1296

Azər NiftiyevAzərbaycandakı son prezident seçkiləri fonunda ABŞ-ın demokratiya adı ilə imitasiya etməsi mövzusu yenidən gündəmə gəldi?

Bu gün hamı üçün, hətta ümidini və siyasi müstəvidə fəaliyyətini ABŞ-a və qərbə bağlayaraq quran ənənəvi müxalifət liderləri üçün də maraqlı olan suala cavab tapmağa çalışacağıq – ABŞ və qərb nə istəyir?

Siyasi sistem: Demokratiya işə yarayır…

Ötən əsrin 80-ci illərinin sonunda ABŞ dünyaya hakim kəsilmək və bütün dövlətləri təzyiq altında saxlamaq niyyətilə öz müttəfiqləri ilə birgə hərəkətə keçdi. Qarşıda çətin bir mübarizə dayanırdı. 70 ildir möhkəmlənən və sabit bir siyasi sistem qurmağa müvəffəq olan SSRİ-ni süquta uğratmaq. ABŞ bilirdi ki, sovet rejimini yıxmağın yeganə və sovet dövlətləri üçün cəlbedici olan yolu onları demokratiya adı ilə şirnikləndirmək və bu yolla ittifaqı daxildən parçalamaqdan keçir. Bu məqsədlə qərb texnoloqları o zamanlar ittifaqa rəhbərlik edən Mixail Qarbaçovu nəzarətə almaqla, faktiki olaraq SSRİ-ni çökdürməyə müvəffəq oldular. Əslində o dövrə qədər “demokratiya” bir o qədər də populyar deyildi və dünyanın ən böyük sosialist rejimini yıxmaqla, ABŞ və qərbin qarşısında yeni imkanlar açılmışdı.

Tarixə ekskurs etməyimizin səbəbi 20 ildən artıqdır dünyada liderliyini qoruyan ABŞ və müttəfiqlərinin bu gün də demokratiya adı ilə müxtəlif dövlətlərin daxili işlərinə qarışmaq cəhdi və bəzən bunu daha kobud formada həyata keçirmək niyyəti ilə bağlıdır. Baxmayaraq ki, 22 il qabaq bunu daha sivil və peşəkar səviyyyədə “demokratiya” yaymaqğa məşğul idilər .

“Ərəb baharı”: Səudiyyə Ərərbistanı və Küveytdən ötən daş Suriyaya dəydi…

Tunisdə Bin Əlinin devrilməsi və təhlükəsizliyinə təminat alması qarşılığında ərəb dünyasında baş qaldıran “inqilab sevdası” və bu inqilabları stimullaşdıran qərb texnoloqlarının ssenarilərinə nəzər salmaq kifayətdir ki, ortada hansı siyasi məqsədlərin olduğunu aydın görəsən. Tunisdə, Misirdə, Liviyada və faktiki olaraq Suriyada hakimiyyətlər devrilsə də, Səudiyyə Ərəbistanı, Küveyt, İraq, Əlcazair, Mərakeş, Yəmən, Oman, İordaniya liderləri bu prosesdən “sağ-salamat” çıxa bildilər. Səudiyyə Ərəbistanında şeyxin xalqa xitabən “cihad Allaha qarşı çıxmaqdır” bəyanatı və bu bəyanatın qərb tərəfindən dəstəklənməsi hadisələrin siyasi yönünü müəyyən etməyə imkan verirdi. Əslində ABŞ və qərb ərəb dünyasında bir “intizam” yaratmağa çalışır və bu yolla dünyaya mesaj verirdi. Bu həm də diktator üsul-idarəetmədən əziyyət çəkən ərəb xalqlarının rəhbərlərinə “ağıllı ol” mesajı idi. Bu gün inqilabların baş verdiyi heç bir ərəb ölkəsində nəinki inkişaf qeydə alınmayıb, əskinə həmin ölkələrin iqtisadiyyatı və infrastrukturu tamamilə məhv olmaq təhlükəsi ilə üz-üzə dayanıb.

Ukrayna, Qırğızıstan: “Demokratik” hakimiyyətləri qorumaq mümkün oldumu?

Bu məqamda xatırladaq ki, səkkiz-doqquz il öncə bu dalğa postsovet ölkələrindən də yan keçməmişdi və üç ölkə rəhbəri inqilab nəticəsində devrilmiışdi. Daha dəqiq ifadə etsək, o zaman Gürcüstana rəhbərlik edən Şvarnadzenin dətəklədiyi Abaşidze, Ukraynaya rəhbərlik edən Kuçmanın dəstəklədiyi Yanukoviç, Qırğızıstana rəhbərlik edən Akayev hakimiyyəti itirmək məcburiyyətində qaldı. Üzərindən böyük zaman keçməsə də, artıq onları əvəzləyən üç ölkə başçısı artıq siyasi gündəmdə yoxdur, birini isə inqilab dalğası yenidən öz aşuğuna alıb.İran: Bitib tükənməyən hədələr – Nəticəsi nə olacaq…

“ABŞ İranı vuracaqmı?”...

Planetin ən nəhəng media quruluşları müntəzəm olaraq bu sualı başlığa çıxararaq, mövzunun təhlilini aparır, müəyyən ssenarilər və proqnozlar irəli sürürlər. Hətta bir çox hallarda bir neçə günə və ya bir neçə saata İranın vurulacağı ilə bağlı proqnozlar verilsə də, rəsmi Pentaqondan bunun əski sayılacaq əsaslı təkziblər gəlmirdi. Bütün bunların qarşılığında İran iqtidarı heç bir halda geri çəkilmir və hətta ironik olaraq qərbə

“Bəs nə oldu, nə zaman vuracaqsınız?!” şəklində cavab verməkdən də çəkinmirdi. Hadisələrin sonrakı gedişatı və son dönəmlərdə ABŞ-la İran arasında münasibətlərin yumşalması açıq şəkildə ortaya qoyurdu ki, Amerika İranı vurmayacaq! Bunu doğuran səbəblər nədir, bu başqa mövzunun müzakirəsi olsa da, görünən odur ki, bütün hallarda Amerika İrana qarşı diplomatik yollarla mübarizə aparacaq və ötən əsrin 80-ci illərinin sonunda SSRİ-yə qarşı etdiklərini yenidən təkrarlamağa çalışacaq. Əlbəttə bu məsələdə ABŞ-a region dövlətlərinin, xüsusən də son illər ciddi inkişaf yoluna qədəm qoymuş Türkiyə və Azərbaycanın dəstəyi lazımdır.

Azərbaycan dövlətinin isə ən yüksək səviyyədə məsələyə adekvat münasibəti var: “Azərbaycan heç bir qonşu dövlətə qarşı əməliyyatlarda iştirak etməyəcək!”. Belə olduğu təqdirdə siyasətdən az-çox məlumatlı olan hər kəsə bəllidir ki, ABŞ və qərbi müstəqil siyasət yürüdən bir dövlət narahat etməlidir və edir də.

Demokratiya çağırışları: Səmimi bəyanatlar, yoxsa təzyiq rıçağı…

Yuxarıda qeyd olunan məqamlara nəzər salsaq ABŞ-ın demokratiya çağırışlarının səmimi olmadığı, siyasi manevr imkanları üçün bir fürsət olduğu aydın görünür. ABŞ-ın ən yaxın müttəfiqi və “dostları” qrupuna aid olan Avropa ölkələrində aksiyaçılara qarşı ən qəddar münasibətin hökm sürdüyü, özlərinə yaxın və illərdir avtoritar üsul-idarəetmənin hökm sürdüyü diktatorlara “yaşıl işıq” yandırması fonunda qərbə demokratiyanın hansı məqsədlər üçün lazım olduğu tam çılpaqlığı ilə ortadadır.

Hətta demək olar ki, birtərəfli və qərəzli yanaşmalar, bir çox qərb dövlətlərində, o cümlədən Amerikada seçkilərə təsir edəcək erməni lobbisinə bağlı bir-iki səsə görə ümumi siyasi prinsiplərdən imtina edən “demokrat”lar üçün insan haqları siyasi, iqtisadi və hərbi maraqlardan o tərəfə keçmir. Məhz elə bu səbəbdən də sürətlə siyasi nüfuzunu və mövqelərini itirmək faktı qarşısında dayanıb.

Bu gün Azərbaycanda həyata keçirilən islahatlar, regionun strateji və həlledici dövlətinə çevrilməsi, dünya miqyaslı tədbirlərin ölkəmizdə baş tutması, artan turzim potensialı hər kəsi narahat edir. Amma bu narahatlıq hakimiyyətlə xalqın vəhdəti fonunda bumeranq effekti verir, ölkəmizi müstəqil siyasi kursundan yayındıra bilmir.

Əgər belə olmasaydı ABŞ-ın “əl oyuncağı” ATƏT-in vasitəsi ilə Azərbaycandakı demokratik seçkilərə kölgə salmaq niyyətinin ardınca səbirsizliklə bu hakimiyyətlə işləməyi gözlədiyini bəyan etməzdi.

Bu gün dünya siyasətinə bir “Azərbaycan modeli” daxil olub və bu model xalqın iradəsinə söykənən, dünya birliyi qarşısında hesabat verməyən və onları öz qarşısında hesbatlı edən bir modeldir.

OXŞAR XƏBƏRLƏR