Səudiyyə Ərəbistanının ABŞ-dan müstəqil şəkildə uranın zənginləşdirilməsi proqramını inkişaf etdirməsi iki ölkə arasında nüvə energetikası sahəsində əməkdaşlığı təhlükə altına qoya bilər.
Bunu ABŞ Energetika Nazirliyinin Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının rəhbər müavini Metyu Napoli Vaşinqtonda Karnegi Fondunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Ər-Riyadın müstəqil uranzənginləşdirmə imkanları yaratması ABŞ-la nüvə əməkdaşlığını tənzimləyən "123-cü maddə sazişi”nin şərtlərinə zidd olacaq.
"Səudiyyə Ərəbistanı müstəqil şəkildə uranın zənginləşdirilməsi imkanlarını inkişaf etdirsə, bu, ABŞ-la bağlanan sazişi pozacaq və əməkdaşlığımızı təhlükə altına qoyacaq”, – deyə Napoli vurğulayıb.
ABŞ rəsmisi qeyd edib ki, iki ölkə arasında nüvə əməkdaşlığına dair saziş hazırda Konqresin baxışındadır. Onun sözlərinə görə, belə razılaşma olmadan Səudiyyə Ərəbistanı digər dövlətlərin dəstəyi ilə mülki məqsədli uranzənginləşdirmə proqramını inkişaf etdirə bilər.
Qeyd edək ki, "123-cü maddə sazişi” ABŞ-ın Atom Enerjisi haqqında Qanununa əsaslanır və digər ölkələrlə nüvə sahəsində əməkdaşlığın hüquqi çərçivəsini müəyyən edir. Saziş tərəfdaş ölkələrdən nüvə silahının yayılmaması ilə bağlı ciddi öhdəliklərə əməl etməyi tələb edir.
ABŞ Energetika Nazirliyi iyulun 22-də Vaşinqton və Ər-Riyad arasında Səudiyyə Ərəbistanının dinc nüvə proqramının inkişafına dəstək verilməsinə dair razılaşma əldə olunduğunu açıqlayıb.
Sentyabrın sonunda isə "The Washington Post” ABŞ administrasiyasındakı mənbələrə istinadən Amerika kəşfiyyatının Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq imkanını nəzərdən keçirə biləcəyini ehtimal etdiyini yazıb.
///teleqraf///











































