Abşeron yarımadasının məşhur gölü iki hissəyə bölünüb.
Masazır gölünün orta hissəsindən torpaqla bənd çəkilib. Nəticədə göl ortadan bölünüb.
Analoji bəndləmə işi İrandakı Urmiya gölündə həyata keçirilib. Gölü şərqindən qərbinə iki yerə bölən torpaq keçid tikilib. Həmin vaxtdan isə göl qurumağa başlayıb. Ekoloqların fikrincə, gölün qurumasının əsas səbəbi məhz elə bənd vasitəsilə gölün iki yerə bölünməsidir. Belə bir acınacaqlı durum Masazır gölündə təkrarlana bilərmi?
Ekoloq Telman Zeynalov açıqlamasında bildirdi ki, bəndin çəkilməsi gölə heç bir təsir göstərməyəcək. Çünki Masazır gölü yeraltı sularla qidalanır. Ona görə də tikilmiş bəndin gölə təsiri olmayacaq.
Geologiya-mineralogiya elmləri doktoru Yusif İsrafilov isə bildirdi ki, tikilmiş bənddən məlumatsızdır, lakin burada ciddi problem görmür. Onun sözlərinə görə, belə bir problemin yarana bilməsi ehtimalını müəyyən etmək üçün tədqiqatlar aparmaq lazımdır:"Zəngin duz ehtiyatları olan göllərdə faktiki olaraq duzun necə yaranması, formalaşması aydın deyil. Göl iki hissəyə bölünəndə quruya bilər, ancaq konkret bu göldə belə bir halın baş verməsi mənə məlum deyil. Göllərin qidalanmasına yeraltı suların təsiri böyükdür. Masazır gölünə də yeraltı suların təsiri böyüklür. Düşünürəm ki, gölün iki hissəyə bölünməsi ona mənfi təsir göstərməyəcək".
Abşeron yarımadasında 200-dək göl olduğunu xatırladan elmlər doktoru onların əksəriyyətinin süni göllər olduğunu qeyd etdi: "Abşerondakı göllərin böyük hissəsi neft sularının tullantıları və digər tullantılar ilə qidalanır. Tullantılar relyefin aşağı hissəsində toplanır və süni göllər əmələ gəlir. Masazır isə təbii göldür və yeraltı və yerüstü sulardan qidalanır".
Abşeron Rayon İcra Hakimiyyətinin şöbə müdiri, baş memar Akif Əliyev bildirdi ki, Bakı və kəndlərini fasiləsiz elektrik enerjisi ilə təmin etmək məqsədilə Sumqayıt İstilik Elektrik Stansiyasından Zabrat yarımstansiyasına elektrik xətti çəkilib. Həmin xətt Masazır gölünün üzərindən keçdiyindən orada süni bənd çəkilib və üzərində elektrik dirəkləri basdırılıb. Baş memarın sözlərinə görə, yenidənqurma işləri başa çatdırılandan sonra gölün hər iki tərəfi ilə əlaqə bərpa ediləcək.
//milli.az