Ötən gün yayımladığımız “Çingiz Əsədullayevlə Eldar Mahmudovun səfil duruma saldığı ailə” (yazı ilə buradan tanış ol) sərlövhəli yazıda "Azərqazbank"da qanunsuzluqla üzləşmiş sahibkarHaqverdi Məmmədovun həyat yoldaşıElmira Məmmədovanın başlarına gətirilən müsibətlərdən bəhs edilmişdi.
Yazıda iş adamlarının "Azərqazbank"da qanunsuzluqlarla üzləşdikləri də iddia olunur.
Yazıyla bağlı AGBank ASC-nin mətbuat xidmətiöz mövqeyini AZXEBER.COM-a göndərib. Portal olaraq xəbərçilik prinsiplərimizdə qarşı tərəfin mövqeyini jurnalistikanın ümdə qanunlarından hesab etdiyimiz üçün bankın mövqeyini olduğu kimi təqdim edirik:
“23 noyabr, 2015-i il tarixində musavat.com saytına istinadən “Çingiz Əsədullayevlə Eldar Mahmudovun zəlil duruma saldığı ailə”(https://musavat.com/news/gundem/cingiz-esedullayevle-eldar-mahmudovun-zelil-duruma-saldigi-aile_306876.html)adlı material portalınızda yerləşdirilib. AGBank ASC olaraq məqalədə bank və bank rəhbərliyinə qarşı səsləndirilən ittihamları qəbul etmirik. Məqalədə bankın və bank rəhbərliyinin ünvanına yönələn fikirlər ictimaiyyət qarşısında bankımızın işgüzar nüfuzuna xələl gətirmək məqsədini daşıyır. Təəssüf hissi ilə bildiririk ki, materialda həqiqətə uyğun olmayan məqamlar yer alıb. Haqverdi Məmmədov adlı şəxsin həyat yoldaşı Elmira Məmmədovanın səsləndirdiyi fikirlər ilə razılaşmırıq və AGBank ASC olaraq Sizə Sumqayıt Ağac Emalı ASC-nin İdarə Heyətinin Sədri Qeys Kərimovun Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə ünvanladığı məktubu əlavədə göndəririk. Xahiş edirik məktubu olduğu kimi yerləşdirəsiniz.
Hesab edirik ki, məqaləni dərc etməmişdən öncə mətbu orqan məsələni diqqətlə araşdırmalı, tərəflərin mövqeyini diqqətlə öyrənməlidir. Bütün bu göstərilənləri nəzərə alaraq, yuxarıda qeyd edilənləri AGBank-ın mövqeyi kimi qəbul edib, onu olduğu kim yayımlamanızı və gələcəkdə AGBank-ın adı hallanan və onun mövqeyinə toxunan yazılar dərc olunmamışdan əvvəl mövqeyimizi öyrənməyi xahiş edirik”.
Zavod rəhbəri prezidentə müraciət etdi
Sumqayıt Ağac Emalı zavodunun İdarə Heyətinin sədri Qeys Kərimov ölkə başçısı İlham Əliyevə müraciət edib. Müraciətdə deyilir:
“Möhtərəm Cənab Prezident,
Mən Kərimov Qeys Rza oğlu ölkəmizin rifahı uğrunda uzun illər bir sıra mühüm əhəmiyyətli dövlət vəzifələrində çalışmışam.
Müasir Azərbaycan Respublikasının qurucusu Ümummilli liderimiz Heydər Əliyev tərəfindən iqtisadi sahədə aparılan quruculuq işləri nəticəsində yaranmış şəraitdən istifadə edərək 1999-cu ildə Sumqayıt Ağac Emalı Açıq Səhmdar Cəmiyyətini özəlləşdirmişəm.
Sumqayıt Ağac Emalı Açıq Səhmdar cəmiyyəti uzun illər fəaliyyət göstərmiş ağac istehsal edən bir zavoddur. Zavod özəlləşdirildikdən sonra tam şəkildə yenidən qurulmalı, avadanlıqlar müasir tələblərə uyğun olanlarla əvəzlənməli idi.
2005-ci ildə Məmmədov Haqverdi adlı şəxs mənim tərəfimdən işə cəlb olundu.
İşə cəlb olunduqdan sonra Məmmədov Haqverdi səhmdar cəmiyyətin yenidən qurulması üçün maliyyə vəsaitinin tələb olunduğunu və bunun üçün banklardan kredit götürülməyə ehtiyac olunduğunu bildirdi. Zavodun mülkiyyətimdə olan 51% səhmi və Haqverdi Məmmədova bağışladığım 40% səhm “AGbank”-a girov qoyuldu. Səhmlər girov qoyulduqdan sonra, Almaniyadan avadanlıqların alınması üçün bankdan kredit alındı.
Bankdan kredit götürdükdən sonra müxtəlif fiziki şəxslərdən mənə şikayətlər daxil olmağa başladı. Bu şikayətləri araşdıraraq müəyyən etdim ki, Haqverdi Məmmədov zavoda avadanlıqlar almaq üçün müəyyən fiziki şəxslərdən pul tələb edib. Fiziki şəxslərdən cəlb olunan pul vəsaitləri isə Haqverdi Məmmədov tərəfindən mənimsənilib.
Haqverdi Məmmədovun səhmdar cəmiyyətdə apardığı mənfi fəaliyyət nəticəsində bir müddətdən sonra bütün istehsalat sahələrimizdə tam durğunluq yarandı, cəmiyyət “AGbank” ASC qarşısında olan öhdəliklərini icra edə bilmədi. Mən çıxılmaz vəziyyətdə qalaraq, “AGbank” ASC-yə müraciət edərək məhkəmə qərarı olmadan səhmlərimi banka təhvil vermək qərarına gəldim. Bankın rəhbərliyi ilə görüş zamanı mən götürülmüş öhdəlikləri icra edə bilmədiyimi, Haqverdi Məmmədovun məni aldatdığını və etimadımdan sui-istifadə etdiyini bildirdim. Yaranmış külli miqdarda borcun ödənilməsi üçün mənə müəyyən müddət verilməsini, işin məhkəməyə verilməməsini xahiş etdim.
Dediklərimin təminatı olaraq bankda girovda olan səhmlərimi məhkəməsiz bankın adına keçirməyi təklif etdim. Bank tərəfindən mənimlə alqı-satqı olundu və səhmlər bankın Müşahidə Şurasının sədri Çingiz Əsədullayevin adına keçirildi. Həmçinin zavodun borcu qaytarıldıqdan sonra həmin səhmlərin alqı-satqı məbləği ödənilməklə mənə geri qaytarılacağına dair vəd verildi.
Məmmədov Haqverdi isə ona bağışladığım səhmləri Burhan Həmidov adlı şəxsə satdı. Müəyyən müddət keçdikdən sonra bank zavodun öhdəliklərinin icra olunmamasına görə məhkəməyə müraciət elədi. Mənim mülkiyyətimdə olan və eyni zamanda Həmidov Burhana satılan səhmlər hərraca çıxarıldı. Amma məhkəmə qətnaməsinin icrasını həyata keçirmək mümkün olmadı, çünki zavod Haqverdi tərəfindən tam olaraq talan edilmiş, avadanlıqlar qeyri-işlək vəziyyətə gətirilmişdi.
Hal-hazırda mən həmin zavodun İdarə Heyətinin sədri vəzifəsində çalışıram. AGBank götürdüyüm kreditin ödənilməsi üçün mənə iş şəraiti yaradıb. Böyük çətinliklərimiz olsa da, banka olan milyonlarla borcun ödənilməsi üçün çalışıram.
Mən Azərbaycan Respublikasının vətəndaşıyam. Ölkəmlə və Sizinlə fəxr edirəm. İndiyə qədər mən heç bir təzyiqlərə məruz qalmamışam, o cümlədən də Məmmədov Haqverdi heç kim tərəfindən sıxışdırılmayıb. Əksinə, bu insan zavodun külli miqdarda pulunu mənimsəyib və banka pul ödəməyib. Hazırda isə başqa şəxslərə borcu olduğundan qorxaraq ölkədən qaçıb. Əslində bank bütün bu məsələlərdə çox demokratik mövqe tutub və hər zaman borclularla danışıqların tərəfdarı olub.
Bu baxımdan Məmmədov Haqverdinin həyat yoldaşının mətbuatda həqiqətə uyğun olmayan açıqlamaları məni çox narahat edir.
Bütün bu əsassız həqiqətdən uzaq olan müraciətləri cəmiyyətə iğtişaş və sahibkarla bank arasında qurulmuş münasibətlərin məhvinə yönəlmiş bir addım kimi qəbul etməyinizi xahiş edirəm.
Sizə Təşəkkür edirəm.
Hörmətlə,
Sumqayıt Ağac Emalı ASC-nin İdarə Heyətinin sədri Kərimov Qeys Rza oğlu”.