ADPU-da diplom pul ilə satılır? - Universitetdən açıqlama

ADPU-da diplom pul ilə satılır? - Universitetdən açıqlama
SOSİAL
14:49 20.11.2026
93
Hər il semestr imtahanları ərəfəsində sosial şəbəkələrdə universitetlərdə qiymətlərin pulla yazılması, diplomların satılması və rüşvət halları ilə bağlı müxtəlif iddialar gündəmə gəlir.

Bu iddialar zaman-zaman sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olur.

Belə ittihamların səsləndirildiyi universitetlərdən biri də Azərbaycan Dövlət Pedaqoji Universitetidir. 
 
Vasif Əliyev adlı şəxs sosial şəbəkədə mövzu ilə bağlı yazıb: "ADPU Sahil korpusunda bir əl gəzdirmək lazımdır, biabırçı gündədir, bazardır. Salam verirsən, pul! Ciddi araşdırılmalıdır. Diplomlar pulla satılır, imtahanların hamısı pul. Niyə bunları görmürlər?".

Universitetlə bağlı yayılan iddialara aydınlıq gətirmək məqsədilə ADPU-ya sorğu ünvanladıq.

Universitetdən AZXEBER.COM-un sorğusuna cavab olaraq bildirilib ki, səsləndirilən iddialar əsassızdır:

"Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) olaraq səsləndirilən iddiaları tamamilə əsassız hesab edirik. Universitetdə tədris prosesinin təşkili, imtahanların keçirilməsi və tələbələrin qiymətləndirilməsi qanunvericiliyin tələblərinə uyğun qaydalar və şəffaflıq prinsipləri əsasında həyata keçirilir. Diplomların qanunsuz yollarla əldə edilməsi və ya imtahan nəticələrinin hər hansı maddi maraq qarşılığında dəyişdirilməsi ilə bağlı iddialar həqiqəti əks etdirmir.

Qeyd edək ki, universitetdə korrupsiya və digər neqativ halların qarşısının alınması, sağlam və şəffaf təhsil mühitinin təmin edilməsi istiqamətində mütəmadi olaraq profilaktik və maarifləndirici tədbirlər həyata keçirilir.

Bununla yanaşı, səsləndirilən iddialarla bağlı hər hansı konkret fakt və ya hal mövcuddursa, həmin tələbədən müvafiq faktları və məlumatları göstərməklə universitet rəhbərliyinə rəsmi qaydada müraciət etməsi xahiş olunur. Daxil olan müraciətlərə qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılır, qeyd olunan hallar müvafiq qaydada araşdırılır və təsdiqini tapdığı təqdirdə zəruri tədbirlər görülür.

ADPU hər zaman obyektivliyin, şəffaflığın və qanunun aliliyinin təmin olunmasını əsas fəaliyyət prinsiplərindən biri kimi rəhbər tutur”.
 


Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR