Xəbər verdiyimiz kimi, Bakı-Sumqayıt qatarlarından istifadə edən bir qadın sosial şəbəkə hesabında paylaşım edərək Azərbaycan Dəmir Yollarının (ADY) qatarların hərəkət cədvəli ilə bağlı qərarından narazılığını bildirib.
Vətəndaş qeyd edib ki, iki qatarın bir qatarla əvəzlənməsi nəticəsində sərnişin sıxlığı artıb və işdən çıxarkən uzun müddət qatar gözləməli olur:
"İki dolu qatardakı insanları birləşdirib bir qatara yığmaq qərarına gəldilər. Mən işdən çıxanda bir saata yaxın qatar gözləyirəm. Hələ bir üstəlik, oturacağam, oturmayacağam, qatara minəcəyəm, minməyəcəyəm dərdini və stresini çəkirəm”.
Məsələ ilə bağlı Azərbaycan Dəmir Yollarına (ADY) sorğu ünvanladıq.
Qurumdan AZXEBER.COM-a bildirilib ki, son günlərdə xüsusilə pik saatlarda Abşeron dairəvi dəmir yolu marşrutu üzrə hərəkət edən qatarlarda sərnişin sayının artması müşahidə olunur:
"Son günlərdə xüsusilə pik saatlarda Abşeron dairəvi dəmir yolu marşrutu üzrə hərəkət edən qatarlarda sərnişin sayının bir qədər də artması müşahidə olunur. Sərnişinlərin narahatlığını anlayırıq. Mövcud vəziyyət bir neçə amillə bağlıdır. Hazırda şəhərətrafı sərnişindaşıma 9 qatarla 102 reys həyata keçirilir. Sərnişin sayının sürətli artımı fonunda qatar parkının mövcud imkanları əsasən səhər və axşam pik saatlarında daha intensiv istifadə olunur".
ADY-dən bildirilib ki, son iki ildə şəhərətrafı qatarlarla sərnişindaşımada 40 faizdən çox artım qeydə alınıb:
"Bununla yanaşı, son illərdə şəhərətrafı dəmir yolu nəqliyyatına tələbat əhəmiyyətli dərəcədə artıb. Gündəlik sərnişin sayı 2024-cü ildə 36 min, 2025-ci ildə 42 min olduğu halda, 2026-cı ilin sentyabrından isə artıq 52 mindən çox təşkil edir. Beləliklə, son iki ildə sərnişin axınında 40 faizdən çox artım qeydə alınıb. Sərnişin artımına şəhərin ümumi nəqliyyat sistemində baş verən dəyişikliklər də təsir edir. Məlum olduğu kimi, "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Bakı Metropoliteninin Qırmızı və Yaşıl xətlərinin ayrılması layihəsinin icrasına başlanılıb. Xətlərin ayrılması ilə əlaqədar sərnişinlərin bir hissəsinin şəhərətrafı qatarlarla səfərlərə daha çox üstünlük verməsi müşahidə olunur".
Qurum qatarların təmirə cəlb olunmasının hərəkət cədvəlinə təsir etdiyini açıqlayıb:
"Onu da qeyd edək ki, qatarlar əsasən yay aylarında planlı şəkildə əsaslı təmirə cəlb olunur. Bununla yanaşı, müəyyən texniki xidmət və təmir işləri, o cümlədən aylıq qaydada həyata keçirilir. Sentyabrda tədris ilinin başlaması ilə əlaqədar sərnişin artımı nəzərə alınaraq qatarlardan biri pik saatlarda əlavə reyslərin yerinə yetirilməsinə cəlb olunub. Həmin qatar oktyabrın 5-dən təmirə göndərildiyi üçün hərəkət cədvəlində müvəqqəti dəyişikliklər edilib. Texniki xidmət və təmir işləri qatarların təhlükəsiz və etibarlı istismarının təmin olunması baxımından zəruridir".
ADY sərnişin tələbatının artması fonunda şəhərətrafı daşımaların imkanlarının genişləndiriləcəyini bildirib:
"Sərnişin tələbatının artması nəzərə alınaraq şəhərətrafı daşımaların imkanlarının genişləndirilməsi istiqamətində mərhələli şəkildə tədbirlər həyata keçirilir. Abşeron dairəvi dəmir yolu xəttinin dəyişən cərəyan sisteminə keçidi üzrə işlər başa çatdıqdan sonra dəyişən cərəyan sistemi ilə işləyən qatarların da bu marşrutda istifadəsi mümkün olacaq. Bu, sərnişin tələbatının yüksək olduğu saatlarda əlavə daşıma imkanlarının artırılmasına şərait yaradacaq".
Qurumdan bildirilib ki, 2030-cu ilədək əlavə 20 sərnişin qatarının alınması üçün işlər görülür:
"Bununla yanaşı, "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində 2030-cu ilədək əlavə 20 sərnişin qatarının alınması üçün işlər görülür. Nəzərə almaq lazımdır ki, yeni qatarların alınması yalnız satınalma prosedurundan ibarət deyil. Hərəkət tərkibinin texniki tələblərinin müəyyənləşdirilməsi, istehsalı, sınaqları, Azərbaycan dəmir yolu infrastrukturu və enerji sistemlərinə uyğunlaşdırılması, eləcə də istismara qəbul prosesi müəyyən vaxt tələb edir. Azərbaycan Dəmir Yolları artan sərnişin tələbatını nəzərə alaraq mövcud imkanlardan maksimum səmərəli istifadənin təmin edilməsi, qatar parkının mərhələli şəkildə genişləndirilməsi və pik saatlarda sərnişin sıxlığının azaldılması istiqamətində tədbirləri davam etdirəcək".
Fəridə Əsədzadə











































