Sosial şəbəkələrdə yayılan görüntülər narazılıqla qarşılanıb. Videoda sürücünün azyaşlı uşağı heç bir təhlükəsizlik tədbiri görmədən motosikletlə daşıdığı görünür. Uşağın kask və digər qoruyucu vasitələrdən istifadə etməməsi diqqət çəkib.
Nəqliyyat eksperti Elməddin Muradlı AZXEBER.COM-a açıqlamasında bildirib ki, bu halda sürücünü 40 manat məbləğində cərimə gözləyir.
"Motosikleti bu formada idarə etmək təhlükəlidir. Bu, sərnişin daşıma qaydalarının pozulması hesab olunur. Belə olan halda sürücü 40 manat məbləğində cərimə edilə bilər. Videodakı sərnişin yetkinlik yaşına çatmadığı üçün məsuliyyətə cəlb olunmur. Lakin belə hallarda yetkinlik yaşına çatmış sərnişini 30 manat məbləğində cərimə gözləyir.
Bu cür qaydalara ciddi əməl etmək vacibdir. Çünki sürücü diqqətsizlik göstərsə və ya səhv manevr etsə, azyaşlı yıxılaraq xəsarət ala bilər. Belə halda sürücü həm hüquqi, həm də cinayət məsuliyyəti daşıya bilər”, - deyə ekspert qeyd edib.
Şəhanə Ziyad











































