AZXEBER.COM portalının məlumatına görə, Anar Yusifoğlu informasiyanın əldə edilməsi və istehsalı, analitik proqramların hazırlanması prosesi, İctimai Televiziyanın xəbər siyasəti ilə bağlı tələbə-jurnalistlərə məlumat verib.
Qonaq qeyd edib ki, İctimai Teleradio ictimaiyyətin maraqlarını əks etdirən milli televiziyadır: “Biz milli-mənəvi dəyərlərimizi reytinqdən üstün tuturuq. Bizim üçün əsas mövzudur, cəmiyyətə ötürdüyümüz fikir və ideyadır. İctimai televiziyanın imkanlarından hər kəs bərabər yararlana bilər. Bizim əsas prioritetimiz cəmiyyətə, xalqa xidmət etmək, onun görmək istədiyi şeyləri göstərməkdir. Televiziyalarda reytinq yığmaq çox asandır. Bu gün reytinq arxasınca qaçıb, kimliyimizi unutmamalıyıq”.
O, həmçinin İctimai TV-nin digər kanallardan fərqini də tələbələrə izah edib. Anar Yusifoğlu jurnalistika fakültələrində təlim mərkəzlərinin, laboratoriyaların olmasının vacibliyini, jurnalist kadrların hazırlığında təcrübəyə daha çox üstünlük verilməli olunduğunu barədə də fikirlərini bildirib. Bu gün on-line media ilə rəqabətə tab gətirmək üçün televiziyaların addım atmağını da vacib hesab edən Anar Yusifoğlu beynəlxalq təcrübə barədə də danışıb. O jurnalistikada ixtisaslaşmanın vacibliyini qeyd edib. A.Yusifoğlu bildirib ki,İTV daha çox ciddi, ölkənin önəmli məsələləri ilə bağlı xəbərlərin işıqlandırılmasına diqqət ayırır.
Anar Yusifoğlu rəhbəri olduğu departamentin işi haqda tələbələri məlumatlandırıb. Daha sonra “Jurnalistikada nəzəriyyə yoxsa təcrübə,hansı daha önəmlidir?” mövzusu ətrafında müzakirələr aparılıb. A.Yusifoğlu: “Mənim fikrimcə, tələbələrə nəzəriyyə və təcrübə eyni dərəcədə aşılanmalıdır. Jurnalistika fakultəsinin tələbəsi yalnız nəzəriyyə ilə məhdudlaşmalı deyil, ona praktik bacarıqlar da öyrədilməlidir. Qeyri-ixtisasların jurnalistikaya gəlişini istəmirsizsə, yerinizdə olun, işinizi sevin belə olduqda sizin yerinizi başqa ixtisaslardan gələnlər tutmayacaq” deyə qeyd edib.
2 saat davam edən görüşdə tələbələr praktik olaraq bir-birindən müsahibə götürüblər. Qonaq da öz növbəsində gənc jurnalistlərə müsahibə texnikası, müsahiblə davranış qaydaları haqda məlumat verib.
Sonda Anar Yusifoğlu Azərbaycan mətbuatının gənc jurnalistlərə ehtiyacı olduğunu vurğulayaraq onlara daima oxumağı və öyrənməyi tövsiyyə edib: “Bu gün Azərbaycan mətbuatının sizin kimi gənclərə ehtiyacı var. Sizin hər birinizi gələcəkdə media kapitanı kimi görürəm. Bunun üçün durmadan öz üzərinizdə çalışın. Jurnalist ilk növbədə qərəzsiz, obyektiv, vicdanlı, dəqiq olmalıdır. Hər şeydən öncə, özünüzə inanmalısınız. Əminəm ki, belə olsa,uğur hər zaman sizinlə olacaq”.
“İRƏLİ” Media Akademiyasının rəhbəri Hacıbəy Heydərli də səmimi görüşə görə İctimai Televiziyanın Analitik Proqramlar Departamentinin direktoru Anar Yusifoğluya minnətdarlığını bildirib və gənc jurnalistlərin praktik bacarıqlarının artırılması üçün bu tip görüşlərin tez-tez keçirilməsininvacibliyini vurğulayıb.
Görüş xatirə şəklinin çəkilməsi ilə yekunlaşıb.