Anası məhbus, özü günahsız: Həbsxanada doğulan uşaqların hansı hüquqları var?

Anası məhbus, özü günahsız: Həbsxanada doğulan uşaqların hansı hüquqları var?
MARAQLI
13:56 14.08.2026
212
2025-ci il yanvarın 1-dən 2026-cı il iyulun 1-dək 4 saylı cəzaçəkmə müəssisəsində ümumilikdə 7 doğum qeydə alınıb.
Ədliyyə Nazirliyinin məlumatına görə, 2025-ci il ərzində müəssisədə 6 doğum baş verib. 2026-cı ilin ilk 6 ayında isə 1 doğum qeydə alınıb.

Bu rəqəmlər həbsxanada doğulan uşaqların hüquqları, onların hansı şəraitdə böyüməsi və anaları ilə bağlı sonrakı taleyinin necə tənzimlənməsi məsələsini gündəmə gətirir.

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan vəkil Roman Qaraşov bildirib ki, uşağın anasının məhkum olması onun hüquqlarının məhdudlaşdırılması üçün əsas deyil:

"Uşaq anasının məhkum olması səbəbindən hər hansı hüquq məhdudiyyətinə məruz qala bilməz. Onun doğumunun dövlət qeydiyyatına alınması, ad və soyad daşıması, ailə münasibətlərinin müəyyən edilməsi, tibbi xidmət, sosial müdafiə və valideyn qayğısından istifadə etmək hüquqları digər uşaqlarla eyni həcmdə qorunmalıdır. "Uşaq hüquqları haqqında” Qanuna görə, uşağın ailədə, valideynləri ilə birgə yaşamaq və onlardan qayğı görmək hüququ vardır. Doğum faktı isə ümumi qaydada vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına alınması proseduru ilə rəsmiləşdirilir. Uşağın penitensiar müəssisədə doğulması onun hüquqi statusunu ayrıca və ya aşağı statuslu etmir”.


Vəkil qeyd edib ki, hamilə və azyaşlı uşağı olan məhkum qadınlar üçün qanunvericilikdə xüsusi hüquqi təminatlar nəzərdə tutulub:

"Ananın vəziyyətinə gəlincə, qanunvericilik hamilə və azyaşlı uşağı olan məhkumlara xüsusi hüquqi təminatlar nəzərdə tutur. Həbs yerlərinin daxili intizam qaydalarına əsasən, hamilə və yanında üç yaşınadək uşağı olan qadınların saxlanma şəraiti ayrıca nəzərə alınmalı, onlar xüsusi təchiz edilmiş yerlərdə yerləşdirilməlidirlər. Cəzaçəkmə müəssisələrində üç yaşına çatmayan uşaqların yerləşdirilməsi üçün ayrıca şəraitin yaradılması da normativ qaydada nəzərdə tutulur”.

R.Qaraşovun sözlərinə görə, müəyyən hallarda məhkəmə hamilə və ya azyaşlı uşağı olan qadının cəzasının çəkilməsini də təxirə sala bilər:

"Cinayət Məcəlləsi mühüm güzəşt müəyyən edir. Şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayətə görə beş ildən artıq müddətə azadlıqdan məhrum edilmiş şəxslər istisna olmaqla, məhkəmə hamilə qadının və ya on dörd yaşına qədər uşağı olan qadının cəzasının çəkilməsini uşaq on dörd yaşına çatanadək təxirə sala bilər. Bu, avtomatik azad edilmə deyil, məhkəmənin konkret işin hallarını qiymətləndirməsi nəticəsində tətbiq edilə bilən hüquqi mexanizmdir”.

Vəkil həbsdə olan qadının doğuşu zamanı həyata keçirilməli prosedurlara da aydınlıq gətirib:

"Qadın həbsdə olarkən doğuş baş verdikdə əvvəlcə ana və uşağın tibbi təhlükəsizliyi təmin edilməli, daha sonra uşağın doğumu dövlət qeydiyyatına alınmalı və onun ananın yanında saxlanmasının qanuni və faktiki imkanları qiymətləndirilməlidir. Paralel olaraq, şərtlər mövcuddursa, cəzanın çəkilməsinin təxirə salınması məsələsi məhkəmə qarşısında qaldırıla bilər. Belə qərar verilərkən cinayətin xarakteri, təyin edilmiş cəzanın müddəti, ananın davranışı və uşağın mənafeyi nəzərə alınır”.

R.Qaraşov vurğulayıb ki, məhkumluq anaya tətbiq olunan fərdi hüquqi məsuliyyətdir və bu məsuliyyət uşağa şamil edilə bilməz:

"Burada əsas prinsip budur ki, məhkumluq anaya tətbiq olunan fərdi hüquqi məsuliyyətdir və onun nəticələri uşağa şamil edilə bilməz. Buna görə də dövlət həm penitensiar rejimin icrasını, həm də uşağın üstün mənafeyini, ailə həyatını, sağlamlığını və normal inkişaf imkanlarını eyni vaxtda təmin etməlidir”.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR