Anonim hesabla təhqir yazanlar belə tapılır - AÇIQLAMA
SOSİAL
21:23 12.06.2026
444
Sosial şəbəkələrdə anonim hesabların artması ilə birlikdə təhqir və böhtan xarakterli paylaşımlar da daha geniş yayılmağa başlayıb. İstifadəçilər çox vaxt kimliyini gizlədərək digər şəxslərə qarşı təhqiramiz ifadələr işlədir, lakin bu halların hüquqi nəticələri barədə məlumatlılıq hələ də aşağı səviyyədə qalır.
İnformasiya Texnologiyaları üzrə mütəxəssis Fərid Əmirov Demokrat.az-a açıqlamasında deyib ki, bir çox istifadəçi hesabında real adını göstərmədiyi və ya saxta məlumatlardan istifadə etdiyi halda tam anonim olduğunu düşünür:
"Bu məsələyə peşəkar tərəfdən baxsaq informasiya texnologiyaları baxımından internetdə tam anonim qalmaq olduqca çətindir.
Sosial şəbəkələr təhlükəsizlik və audit məqsədilə istifadəçilərə aid müxtəlif texniki məlumatları qeydiyyata alır. Bunlara IP ünvanları, giriş tarixçələri, cihaz identifikatorları, brauzer məlumatları, əməliyyat sistemi məlumatları, geolokasiya göstəriciləri və sessiya qeydləri daxildir.
Hüquqi araşdırma zamanı sosial şəbəkədən əldə edilən giriş (login) qeydləri internet provayderlərinin məlumatları ilə müqayisə edilə bilər. Nəticədə konkret tarix və saatda istifadə olunan IP ünvanının hansı abonentə aid olduğu müəyyən edilə bilər".
Ekspert deyib ki, rəqəmsal forensika və OSINT (Open Source Intelligence) metodları vasitəsilə istifadəçinin digər sosial şəbəkə hesabları, istifadəçi adları, e-poçt izləri, paylaşım davranışları, yazı üslubu və əlaqəli rəqəmsal izləri təhlil edilə bilər:
"VPN və Proxy xidmətləri istifadəçinin həqiqi IP ünvanını gizlətməyə kömək etsə də, cihaz barmaq izi (Device Fingerprinting), brauzer barmaq izi (Browser Fingerprinting), hesablararası əlaqələrin analizi və digər texniki metodlar istifadəçinin müəyyən edilməsinə əlavə imkanlar yaradır.
Nəticə etibarilə, anonim hesabdan təhqir və ya böhtan xarakterli paylaşım etmək şəxsin tam gizli qalacağı anlamına gəlmir. Müasir rəqəmsal izlərin təhlili və hüquqi prosedurlar vasitəsilə hesab sahibinin müəyyən edilməsi bir çox hallarda mümkün olur", - deyə o qeyd edib.