ANS efirində yayımlanan "İncə maraqlar" verilişinin aparıcısı Elnarə Təhməzovanın çadralı xanımları təhqir etməsi ilə bağlı məsələyə münasibət bildirib.
Məsələ ilə bağlı ANS-in ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mais Məmmədov aznews.az-a deyib ki, aparıcı konkret kimisə təhqir etməyib:
"Çox adam çox şey yaza bilər. Xoşlarına gəlmir baxmasınlar. Hamı indi tələb edir. Gözümüz aydın, nə qədər kanal var, başqasına baxsınlar. O aparıcı konkret kimisə təhqir etməyib".
M.Məmmədov aparıcıya heç bir xəbərdarlığın olunmayacağını bildirib: "Mən başa düşmürəm, niyə aparıcıya xəbərdarlıq olunmalıdır ki? Azad şirkətin azad jurnalistidir. Sabah da deyərlər ki, paltarı xoşlarına gəlmir, buna görə biz kimisə işdən çıxarmalıyıq?"
Qeyd edək ki, E.Təhməzova hicablıların qara geyinməsinə etiraz edərək, belə geyinən xanımları "bayquş"a bənzədib. Üstəlik, o, qara çadra geyinənlərin neqativ enerji yaydığını bildirib. Bundan qəzəblənən bir qrup hicablı xanım ANS rəhbərliyinə etirazlarını bildiriblər.
Onlar kanal rəhbərliyinə müraciət edərək Elnarə Təhməzovanın üzr istəməsini tələb edirlər: "Biz heç kimin geyiminə qarışmırıq. Kim istəyər başını bağlayar, kim istəyər çadra örtər. Bəs bizim çadramıza niyə qarışırlar? Biz onun efirdən uzaqlaşdırılmasını, ya da efir vasitəsilə hicablılardan üzr istəməsini tələb edirik. Tələbimiz tez bir zamanda yerinə yetirilməsə, onda hüququmuzu başqa cür qoruyacağıq".
Qalmaqala səbəb olan verilişdən həmin epizodu təqdim edirik: