Bu gün ANS ÇM radiosunda “Qafqaz top 20” musiqili veriıişi çərçivəsində mütəmadi olaraq erməni mahnılarının səsləndirilməsi ilə bağlı mətbuatda məlumatlar dərc edilib.
Qarabağ Azadlıq Təşkilatı da AZXEBER.COM-a məsələ ilə bağlı bəyanat yollayıb.
Həmin bəyanı olduğu kimi təqdim edirik:
Qarabağ Azadlıq Təşkilatı ANS ÇM radiosunda “Qafqaz top 20” musiqili veriıişi çərçivəsində mütəmadi olaraq erməni mahnılarının səsləndirilməsi və təbliğ olunması ilə bağlı məlumatı ciddi narahatçılıqla qarşılayıb. Biz erməni gülləsi ilə qətlə yetirilmiş Milli Qəhrəman Çingiz Mustafayevin adını daşıyan radiostansiyasına və bütövlükdə ANS Şirkətlər qrupuna hörmətlə yanaşırıq. ANS ölkədə vətənpərvərlik tərbiyəsi işində, Qarabağ həqiqətlərinin çatdırılmasında, cəmiyyətin problemlərinin gündəmdə saxlanılmasında əvəzsiz xidmətlər göstərmiş və göstərməkdə davam edir. Ona görə də bu cür hərəkət ANS-in adına qətiyyən yaraşmır. Biz həmişə ermənilərin bütün regional layihələrdən təcrid olunmasının tərəfdarı kimi çıxış edir və bu istiqamətdə iş görməyə çalışırıq. Dövlət səviyyəsində də bu istiqamətdə işlərin aparıldığı aydın görünür. Bunun əyani nümunələrindən biri xarici işlər nazirləri səviyyəsində “Azərbaycan – Türkiyə - İran” və “Azərbaycan – Türkiyə - Gürcüstan” formatlarının yaradılmasını göstərmək olar.
ANS-in erməni mahnılarını təbliğ etməsinə heç bir bəraət yoxdur. Əksinə,həmin verilişdə ermənilərdən başqa bütün Qafqaz xalqlarının mahnıları verilməli və izah olunmalıdır ki, işğalçı ölkənin mahnılarını işğalçı olduqlarına görə vermirik. London hər gün almanlar tərəfindən bombalananda ingilis radiosunda və yaxud Stalinqrad, Moskva, Bakı yaxınlığında alman qoşunları yerləşdiyi bir vaxtda Sovet radiosunda alman mahnılarını səsləndirməık mümkün olardımı? Düşmənlə bütün sahələrdə, xüsusilə də kütləvi-informasiya vasitələrində düşmən kimi davranılmalıdır.
Biz hesab edirik ki, bu hadisə bütün ANS ailəsinə utanc gətirən, onlara yaraşmayan bir olaydır. Biz hesab edirik ki, ANS Şirkətlər Qrupunun və Milli Radio-Televiziya Şirkətinin rəhbərlikləri dərhal bu məsələyə aydınlıq gətirməli və erməni mahnılarının təbliğinə son qoyulmalıdır.