Aparıcıdan deputata qədər: Azərbaycanda psixologiyaya maraq niyə artır?

Aparıcıdan deputata qədər: Azərbaycanda psixologiyaya maraq niyə artır?
SOSİAL
14:37 31.08.2026
226
Son dövrlər Azərbaycanda psixologiya ixtisasına marağın artdığı müşahidə olunur.

Xüsusilə keçmiş deputat Jalə Əhmədovanın və aparıcı Elnarə Təhməzovanın ikinci təhsil olaraq psixologiya ixtisasını seçməsi mövzunu yenidən gündəmə gətirib.

Müxtəlif peşə sahələrindən olan şəxslərin ikinci təhsil kimi psixologiyanı seçməsi diqqət çəkir.

Bəs Azərbaycanda psixologiya ixtisasına marağın artmasının əsas səbəbləri nələrdir?

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan təhsil eksperti Məzahir Məmmədli bildirib ki, son illər həm təhsil sistemində, həm də cəmiyyətdə psixologiya sahəsinə diqqət artıb:

"Psixologiya ilə bağlı təhsil müəssisələrində artıq kifayət qədər diqqət ayrılır. Bu sahə üzrə müəllimlərin əməkhaqqının artırılması, onların sertifikasiyaya cəlb olunması məsələsi də gündəmdədir. Digər tərəfdən, cəmiyyətdə artıq psixiatriya ilə psixologiyanın fərqini ayırd edən insanların sayı artır. Əvvəllər hər hansı problemi ilə bağlı psixoloqa müraciət etmək istəyən insanlar cəmiyyətin qınağından çəkinirdilər. Lakin bu gün artıq psixoloqa müraciətə münasibət dəyişib”.
 
 

Ekspert qeyd edib ki, psixoloji xidmətlərə artan tələbat bu sahədə çalışan mütəxəssislər üçün də yeni imkanlar yaradır:

"Bu gün psixoloqlar pasiyentləri minimum 50 manatdan qəbul edirlər. Bu da psixoloqlara olan tələbatın artdığını göstərir. Həmçinin müxtəlif sahələrdə, o cümlədən ali təhsil müəssisələrində, kolleclərdə və ümumilikdə təhsil sistemində psixoloqlara ciddi ehtiyac yaranıb”.

M.Məmmədli bildirib ki, psixoloqlara ehtiyac əmək bazarında da özünü göstərir:

"Əmək bazarında da bu sahəyə ciddi tələbat formalaşıb. Artıq idarə, müəssisə və təşkilatlarda psixoloqlar üçün ən azı bir ştat ayrılmasına və bu sahəyə diqqət göstərilməsinə çalışılır. Ona görə də düşünürəm ki, müxtəlif peşə sahiblərinin ikinci təhsil kimi psixologiyanı seçməsində təsadüfi heç nə yoxdur”.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR