Bakı şəhərində fəaliyyət göstərən apteklərdə son günlər dərman qıtlığı yaranıb.
AZXEBER.COM xəbər verir ki, paytaxtda fəaliyyət göstərən apteklərin bir çoxunda əksər dərmanlar tapılmır. Vətəndaşların müraciətlərinə cavab verən aptek satıcıları bildiriblər ki, dərman bazalarından dərman ala bilmirlər:
“Dolların kursu yüksələndən sonra bazalardan bütün dərmanları vaxtlı-vaxtında ala bilmirik. Ona görə də, bu günlər dərman qıtlığı yaranıb”.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli AZXEBER.COM-a bildirdi ki, nazirlik bu məsələləri diqqətdə saxlamaq üçün reydlər keçirir: “Səhiyyə Nazirliyi tərəfindən ölkədə dərman satışı ilə bağlı reydlər həyata keçirilir. Bu reydlər həm də İqtisadi İnkişaf Nazirliyi ilə birlikdə həyata keçirilir. Biz nazirlik olaraq ölkəyə gətirilən və satılan dərmanların keyfiyyətinə nəzarət edirik. Dolların kursunun yüksəldiyi ilk günlərdə bazalardan apteklərə dərman verilməsində bəzi problemlər olmuşdu. Aptekləri dərmanlarla təchiz edən bazalar özəl sektora aid olan şirkətlərə məxsusdur və bu qurumlar müstəqil şəkildə fəaliyyət göstərirlər. Səhiyyə Nazirliyi bu məsələləri diqqətdə saxlayır. Bu gün paytaxtda fəaliyyət göstərən bəzi apteklərdə bir sıra dərmanların olmaması həmin günlərdə olan problemlərdən irəli gələn məsələlərdir. Biz nazirlik olaraq bu məsələni hazırda diqqətdə saxlayırıq və bəzi mövcud problemlərin aradan qaldırılması istiqamətində iş aparırıq”.
Orxan