"Yalan xəbərlər vermək heç bir qəzetə başucalığı gətirmir"
Bunu tanınmış jurnalist, yazıçı, millət vəkili Aqil Abbas “Azadlıq” qəzetinin yalan məlumata görə iki nazir – Ramil Usubov və Kəmaləddin Heydərovdan üzr istəməsinə münasibət bildirərkən deyib.Qeyd edək ki, bir müddət öncə “Azadlıq” qəzetində “Ramil Usubov Kəmaləddin Heydərova qəzəblənib” adlı məqalə dərc edilmişdi.Qəzet bunu hakimiyyətdaxili çəkişmələrin əyani sübutu kimi təqdim etmişdi və mötəbər bir mənbəyə istinad edilmişdi.Bu xəbərdən bir neçə gün sonra nazirlər Kəmaləddin Heydərov və Ramil Usubov qəzetin baş redaktoru Qənimət Zahidi məhkəməyə verdilər.Yasamal Rayon Məhkəməsinə üz tutan nazirlər adıçəkilən xəbərə görə, baş redaktorun Cinayət Məcəlləsinin 147-ci maddəsi (Böhtan) ilə məsuliyyətə cəlb olunmasını istəyirdilər.Həmin maddə yüz manatdan beş yüz manatadək miqdarda cərimə, iki yüz qırx saatadək müddətə ictimai işlər, iki ilədək müddətə islah işləri, üç ilədək müddətə azadlıqdan məhrumetmə kimi cəzaları nəzərdə tuturdu.Məhkəmənin ilk iclasının keçirildiyi 12 mart tarixində isə “Azadlıq” qəzeti hər iki nazirdən üzr istəyərək yazılan xəbərin həqiqətə uyğun olmadığını etiraf edib.A.Abbas qeyd edib ki, yoxlanılmamış məlumatlar mətbuata ötürülür, saytlarda, qəzetlərdə yayımlanır və nəticədə mətbuat orqanları özü pis vəziyyətdə qalır.“Belə olan halda onların məlumatı yoxlamaq imkanı olmur.Məsələn, zəng edirsən, həmin şəxslər telefonu götürmür və s. bu kimi hallar səhv informasiyaların yayılması ilə nəticələnir. Ancaq elə də olur ki, sensasiya xatirinə və yaxud siyasi maraqlara görə belə xəbərlər verilir. Belə hallar təkcə “Azadlıq” qəzetində yox, digər media qurumlarında da dəfələrlə baş verib”.Millət vəkili hesab edir ki, hər halda “Azadlıq” qəzeti səhvini bildi və üzr istəməklə çox düzgün addım atmış oldu.“Bundan əvvəl də qəzet dəfələrlə yazdıqlarını təkzib etməli olub. Bu heç bir mətbu orqana başucalığı gətirmir. Təbii ki, belə hallar baş verdikdə qəzet nüfuzdan düşür.Oxucu daha ona inanmamağa başlayır. Bu gün Azərbaycan mətbuatının ən böyük problemi budur. Vaxtilə qəzetlərin yazdığının 100-dən biri səhv idisə, indi 100-dən biri düz olur. Bu da mətbuatın hörmətdən düşməsinə səbəb olur”.