Təhsil nazirliyinin təftiş qrupu AMİ-də…
Azərbaycan Müəllimlər İnstitutununun filialları tərəfindən saxta diplomların verilməsi faktlarının aşkarlanması və bundan sonra həmin fakt üzrə cinayət işinin açılması haqda məlumat vermişdik. Hazırda isə bütövlükdə Azərbaycan Müəllimlər İnstitutunun fəaliyyəti ciddi şəkildə təftiş olunur. Hazırda Təhsil Nazirliyinin xüsusi komissiyası AMİ-də təftişlərə başalyıb və bu təftişlərin yekunu olaraq bir sıra ciddi qərarların veriləcəyi gözlənilir. Daxil olan məlumata görə, artıq AMİ-nin rektoru, millət vəkili Aqiyə Naxçıvanlı institutunun işlərindən faktiki olaraq uzaqlaşdırılıb və onu necə deyərlər, oyundan kənar vəziyyətə salıblar. Belə ki, mart ayının ortalarından məzuniyyət adıyla işdən kənarlaşan Aqiyyə xanım məzuniyyət müddətinin çoxdan bitməsinə rəğmən hələ də iş yerinə qayıtmayıb. Mənbəmizin sözlərinə görə, bir müddət Avropa ölkələrindən birində müalicə alan xanım rektor hazırda Azərbaycanda olsa da işə çıxmağa tələsmir. Bu isə onun faktiki olaraq işdən kənarlaşdırılması ilə bağlıdır. Mənbəmiz iddia edir ki, Aqiyə xanım özünü qorumaq üçün bir sıra vasitələri sınaqdan keçirsə də bunlar fayda verməyib və beləliklə də o “vurulacağı” ilə barışıb. Məlumatlara görə, ətrafında baş verənlərdən ciddi sarsıntı keçirən rektor indi müalicə almaqla məşğuldur. Çox yaxın zamanlarda isə onun öz ərizəsi ilə vəzifəsindən istefa verəcəyi gözlənilir.(savash.org)