Xidmətlərin qiymətləndirilməsi müasir qiymətləndirmə fəaliyyətinin aktual istiqamətlərindən biridir. "Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunda müəyyən edilmiş doqquz istiqamətdən biri olan bu sahə bazar qiymətlərinin əsaslandırılması, xidmət biznesinin dəyərinin müəyyən edilməsi və iqtisadi qərarların etibarlı məlumatlara söykənməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) sədrinin müavini Günay İsmayılqızı ilə müsahibəmizdə xidmətlərin qiymətləndirilməsinin mahiyyətini, tətbiq sahələrini, metodoloji prinsiplərini və bu istiqamətdə qarşıda duran vəzifələri müzakirə etdik.
- "Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunda doqquz qiymətləndirmə istiqamətindən birinin xidmətlərin qiymətləndirilməsi kimi müəyyən edilməsi hansı zərurətdən qaynaqlanır?
- Xidmətlərin qiymətləndirilməsi özünəməxsus xüsusiyyətləri və metodoloji tələbləri olan peşəkar istiqamətdir. Maddi aktivlərin fiziki xüsusiyyətlərini müşahidə etmək mümkün olduğu halda, xidmətin iqtisadi mahiyyəti onun göstərilmə prosesi, nəticəsi, keyfiyyəti və yaratdığı fayda ilə sıx bağlıdır. Buna görə də xidmətlərin qiymətləndirilməsi yalnız bazar qiymətlərinin müqayisəsi ilə məhdudlaşmır. Xidmətin xüsusiyyətlərinin, bazar şəraitinin, gəlir potensialının və müvafiq risklərin də təhlilini tələb edir. Bu istiqamətdə əsas məqsəd qiymətləndirmə nəticələrinin əsaslandırılmış, şəffaf və yoxlanıla bilən olmasını təmin etməkdir.
- Xidmətin qiyməti ilə dəyəri arasındakı fərq praktikada hansı hallarda xüsusi əhəmiyyət kəsb edir? Qiymətləndirici bu fərqi hesabatda necə əks etdirməlidir?
- Qiymət konkret əməliyyat çərçivəsində tələb olunan, təklif edilən və ya razılaşdırılan məbləğdir. Dəyər isə müəyyən edilmiş qiymətləndirmə bazasına, məqsədə və tarixə uyğun olaraq müvafiq yanaşma və metodlarla əsaslandırılan iqtisadi göstəricidir. Məsələn, dövlət satınalması üçün təmizlik xidmətinin bazar qiymətinin müəyyən edilməsi ilə həmin xidməti göstərən müəssisənin gələcək pul axınları əsasında dəyərləndirilməsi fərqli qiymətləndirmə məsələləridir.
Burada həm məqsəd, həm istifadə olunan məlumatlar, həm də tətbiq edilən metodlar dəyişir. Qiymətləndirici hesabatda qiymətləndirmənin məqsədini, dəyərin növünü və ya müəyyən edilən qiymət göstəricisini, qiymətləndirmə tarixini, əsas fərziyyələri və tətbiq olunan metodları aydın göstərməlidir. Bu, nəticənin düzgün anlaşılması və ondan qərarvermə prosesində etibarlı istifadə olunması üçün vacibdir.
- Xidmətin keyfiyyəti çox vaxt subyektiv meyarlarla əlaqələndirilir. Onun ölçülə bilən göstəricilərə çevrilməsi mümkündürmü?
- Xidmət keyfiyyətinin müəyyən metodlarla ölçülməsi mümkündür. Məsələn, SERVQUAL metodikası müştərilərin gözləntiləri ilə faktiki təcrübələri arasındakı fərqi beş ölçü üzrə təhlil edir. "Gizli alıcı” metodu isə xidmət standartlarının real şəraitdə icrasını yoxlamağa imkan verir. Bununla belə, keyfiyyət göstəricilərini birbaşa pul ifadəsində dəyər kimi qəbul etmək düzgün olmaz.
Onların iqtisadi əhəmiyyəti xidmət müəssisəsinin gəlirlərinə, müştəri loyallığına, rəqabət qabiliyyətinə və əməliyyat risklərinə mümkün təsiri əsasında qiymətləndirilməlidir. Bu təsir müvafiq bazar məlumatları və əsaslandırılmış fərziyyələrlə təsdiqləndiyi halda gəlir proqnozlarında və risk təhlilində nəzərə alına bilər. Beləliklə, keyfiyyətin qiymətləndirilməsi ilə iqtisadi dəyərin müəyyən edilməsi arasında əlaqə qurulur, lakin bu iki anlayış bir-biri ilə eyniləşdirilmir.
- AQP xidmətlərin qiymətləndirilməsi sahəsində vahid metodoloji yanaşmanın formalaşdırılması üçün hansı tədbirləri həyata keçirir?
- Palatanın prioritetlərindən biri bu istiqamətdə həm nəzəri biliklərin, həm də praktiki bacarıqların inkişafına dəstək verməkdir. İxtisas imtahanına hazırlıq məqsədilə 300 test sualı və 50 hesablama tapşırığı hazırlanıb. Materiallar xidmətlərin qiymət və dəyərinin müəyyənləşdirilməsi, keyfiyyətin ölçülməsi, eləcə də mehmanxana, ictimai iaşə, nəqliyyat və İT xidmətlərinin xüsusiyyətləri kimi mövzuları əhatə edir. Digər mühüm istiqamət metodiki tövsiyələrin hazırlanmasıdır.
Hesabatlarda qiymətləndirmənin məqsədinin, istifadə edilən məlumat mənbələrinin, ƏDV-nin nəticəyə daxil edilib-edilməməsinin, əsas fərziyyələrin və yekun nəticənin əsaslandırılmasının aydın göstərilməsi peşəkar şəffaflığın vacib elementləridir. Növbəti mərhələdə nümunəvi hesabatların hazırlanması və metodiki materialların əlçatanlığının genişləndirilməsi də bu işin davamı olacaq.
- Xidmətlərin qiymətləndirilməsi üzrə peşəkar standartların inkişafı dövlət qurumları, biznes subyektləri və vətəndaşlar üçün hansı praktiki nəticələri yarada bilər?
- Əsas nəticə qiymətləndirmə qərarlarının daha əsaslandırılmış və müqayisəolunan məlumatlara söykənməsidir. Dövlət satınalmalarında xidmətlərin bazar qiymətinin düzgün müəyyənləşdirilməsi büdcə vəsaitlərindən səmərəli istifadə və satınalma qərarlarının əsaslandırılması baxımından əhəmiyyətlidir. Xidmət biznesinin alqı-satqısında gəlir potensialının və risklərin təhlili tərəflərə daha məlumatlı qərar verməyə kömək edir. Müqavilə öhdəliklərinin pozulması, keyfiyyətsiz təmir və ya turizm xidmətləri ilə bağlı mübahisələrdə isə müstəqil qiymətləndirmə müvafiq zərərin müəyyən edilməsinə dəstək verə bilər.
Rəqəmsal iqtisadiyyatın inkişafı elektron və İT xidmətlərinin qiymətləndirilməsinə də artan diqqət tələb edir. Qarşımızda duran əsas vəzifə metodoloji yanaşmaların təkmilləşdirilməsi, dövlət qurumları və bazar iştirakçıları ilə əməkdaşlığın gücləndirilməsi, eləcə də qiymətləndirmə nəticələrinin şəffaflığının artırılmasıdır. İnanırıq ki, vahid peşəkar prinsiplərin ardıcıl tətbiqi həm qiymətləndirmə institutuna etimadı gücləndirəcək, həm də xidmət bazarında daha əsaslandırılmış iqtisadi qərarların qəbuluna töhfə verəcək.
Günel Hüseynli











































