Paytaxtda ev söküntüsü geniş vüsət almaqdadır. Artıq nəinki Bakının mərkəzi küçələri, hətta Bakıətrafı kəndlərdə də söküntü sürətləndirilib. Bu zaman insanlara qarşı bir qayda olaraq zor tətbiq edilir, heç kimə acımadan evlər ağır texnika ilə dağıdılır. Binəqədi rayonu Hökməli və Sulutəpə qəsəbələri də o sıradadır. Ərazidə olarkən öyrəndik ki, ARDNŞ-ə məxsus olduğu iddia edilən həmin ərazidə evlərin əksəriyyəti artıq sökülüb. Ətrafda yaşayanlar ARDNŞ işçilərinin əməllərini pisləyirlər: “Polis evlərindən çıxmayan sakinləri hər hansı bir səbəb göstərmədən tutub aparırdı. Əllərində heç bir məhkəmə qərarı olmadan evləri sökürdülər. Heç kimə acımadan evləri dağıtdılar”.Evi sökülən şəxslərdən biri Jalə Mirzəyevadır. O, evdə üç övladı ilə birgə yaşayırmış. J. Mirzəyevanın qayınatası Kibrə kişi 2 sot torpağı ARDNŞ-in adını çəkmək istəmədiyi əməkdaşından 3 min manata aldığını iddia edir: “İki ay idi, tikmişdik, gəlinim üç nəvəmlə burada yaşayırdı. Dekabrın 17-də ARDNŞ-in mühafizəçiləri gəlib sökdülər”. Sakinləri isə sonadək mübarizə aparmaq, silsilə aksiyalar keçirmək əzmindədilər. Onlar yaxın günlərdə Prezident Administrasiyası və ARDNŞ-in binası önündə etiraz aksiyaları keçirəcəklər.Bu arada Xocasən bələdiyyəsi sədrinin müavini Rüstəm İsmayılov APA-ya açıqlamasında təmsilçisi olduğu bələdiyyənin “Bələdiyyə” MMC və “Mülkiyyətçi” MMC ilə əməkdaşlıq etdiyini deyib. Həmin MMC-lər ərazidəki vətəndaşların mülkiyyətlərini qiymətləndirir: “Vətəndaşın az xərci hesabına onların əmlaklarını qiymətləndirir, dəyərini müəyyənləşdirirlər. Bu, həm bələdiyyəyə, həm də vətəndaşa lazımdır. Bizə lazımdır ondan ötrü ki, vergi düzgün hesablansın. Qiymətləndirmə sənədində bələdiyyə sədrinin imzası olur, bələdiyyənin möhürü vurulub təsdiqlənir ki, həmin əmlak Xocasən bələdiyyəsinin inzibati ərazisindədir. Onu da deyim ki, müvafiq MMC-lərin verdiyi sənəd texniki xarakter daşıyır. Yəni hüquqi sənəd deyil”.R.İsmayılov ərazidə xeyli insana bələdiyyə tərəfindən torpaq sənədinin verildiyini desə də, bələdiyyənin qərarlarından bir neçəsinin məhkəmə tərəfindən ləğv olunduğunu etiraf edib: “Hazırda bələdiyyənin verdiyi qərarların ləğv olunması ilə bağlı məhkəmədə iddialar olsa da, onların sayını dəqiq bilmirəm”. Sədr müavininin sözlərinə görə, məhkəmə bələdiyyənin qərarını ləğv edibsə, vətəndaş evindən çıxarılır, əmlakı sökülür. Bu zaman vətəndaşa heç bir kompensasiya ödənmir. Xatırladaq ki, Xocasən bələdiyyəsinin əvvəlki sədri Zəfər Məsimov həbs olunub. Hətta ondan sonrakı bələdiyyə sədri Ədalət Seyidovun da həbs olunduğu, lakin sonradan azad olunduğu barədə mətbuatda məlumatlar yer alıb.Hüquqşünas Aslan İsmayılov isə APA-ya açıqlamasında məsələni belə şərh edib: “Birincisi, heç kim məhkəmə qərarı olmadan icazəli, yaxud icazəsiz tikilini sökə bilməz. İkincisi, əgər məhkəmə qərarı olsa belə, qərarı yalnız məhkəmə icraçıları - Ədliyyə Nazirliyinin müvafiq qurumunun əməkdaşları icra edə bilər. Digər qurumların belə bir işə müdaxiləsini qanun istisna edir”.ARDNŞ-in mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev isə APA-ya açıqlamasında deyib ki, mədən ərazisinə bələdiyyə sənədi verilə bilməz: “Bu, mümkün deyil. Əgər belə bir sənəd varsa da, bu, yalançı bir sənəddir”. N. Quliyev Sulutəpə sakinlərinin ARDNŞ-in ünvanına işlətdiyi ittihamları da qəti şəkildə rədd edib. O, sakinləri mədən ərazilərini qanunsuz olaraq zəbt etməkdə günahlandırıb. O, məhkəmə qərarı olmadan bir neçə evin sökülməsinə də münasibət açıqlayıb: “Bunlar tikili yox, yarımçıq tikililərdir. Amma yaşayış olan evlərlə bağlı məhkəməyə müraciət olunur, yalnız iddia təmin edildikdən sonra ev sökülür”.Azərbaycanda sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı hazırlanmış qanun layihəsindən xəbərsiz olduğunu deyən N. Quliyev belə bir qanun qəbul olunarsa, ona əməl ediləcəyini də bildirib.Sonda onu da qeyd edək ki, İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin sədri, hüquq müdafiəçisi İradə Cavadova da hadisə yerinə baş çəkib. Təşkilat bununla bağlı bəyanat verib və insanların evlərinin uçurulmasını qətiyyətlə pisləyib.