Arif Hacılı Müsavatın sonunu gətirəcək

Arif Hacılı Müsavatın sonunu gətirəcək
Bütün Xəbərlər
15:25 29.09.2014
1118
Ölkə gündəmini məşğul edən mövzulardan biri – Müsavat Partiyasının qurultayı nəhayət ki, başa çatdı. Bəli, düz eşitdiniz, ölkə gündəmini məşğul edən. İnsaf naminə demək lazımdır ki, 2003-cü ilin prezident seçkilərinə qədər bu partiya ölkənin siyasi həyatında mühüm rola malik olub və “ana müxalifət” statusunu uzun müddət şəriksiz qorumağı bacarıb.
Səbəb bəlli idi. Əbülfəz Elçibəy Kələkiyə getmişdi. Naxçıvanın ucqar bir kəndindən ölkəni idarə etmək iddiasında idi. Əslində bilirdi ki, bu mümkün deyil. Sadəcə, siyasətdən çəkilmək istəmirdi. Müzakirələr, diskussiyalar yolu ilə gündəmdə qalıb, siyasi həyatda yeni bir mövqe qazanmağa, “ana müxalifət” statusunu əldə etməyə çalışırdı. Amma qarşısında böyük maneə var idi: İsa Qəmbər.
İsa Qəmbər o dövr üçün bir o qədər də özünü xərcləməmiş, tükətməmiş siyasətçi idi. Bu səbəbdən də Müsavatı böyüdə bildi, xalq hərəkatının ziyalı və elitar kəsimini ətrafına topladı. Protest elektoratın rəğbətini qazanmağa çalışırdı və hardasa buna nail olurdu da.
Məhz bunun nəticəsi olaraq Müsavatı ölkənin siyasi həyatında aparıcı partiyalardan birinə çevrildi. Amma eynən “Babək” filmindəki məşhur deyimdə olduğu kimi, hər şeyin bir əvvəli olduğu kimi, sonu da olmalı idi.
Özü də bu sonu İsa Qəmbər son 10 ildəki davranışları, cəmiyyəti aldatmağa yönəlik bəyanat və siyasi gedişləri ilə gətirmişdi. Yəqin, siyasət bilicisi İsa Qəmbər “Moskvada Corc Buş, Vladimir Putin, Əhməd Nejdət Sezərin görüşünü keçirib”, guya onu müdafiə etdiklərinə dair vahid qərara gəldiklərini qəzetlərində yaydıranda, “Qələbəyədək siz gəlin, oradan sizi Qələbəyə O aparacaq” vədini verəndə bilirdi ki, siyasi sonluğuna elə də çox qalmayıb. Amma bunu edirdi. Ehtimal ki, başqanın itirəcəyi bir şey qalmamışdı, sadəcə heç olmasa “2003 xatirələri” ilə gündəmdə qalmağa çalışırdı.
Adam özü-özünü təkzib etməklə məşğul idi. Parlamentə seçilib, halal mandatından imtina etmədiyinə görə, Vaqif Səmədoğlu və Şirzad Əyyubu partiyadan qovan başqan heç beş il keçmədi ki, parlamentə getməyin zəruriliyindən danışdı.
Etibar Məmmədov partiya sədrliyindən istefa verib, qurultayda partiyanın fəxri lideri elan olunanda, bunun siyasi mədəniyyətsizlik olduğunu dedi. Ardınca da 23 illik başqan fəaliyyətinin yekunu olaraq özünü partiyanın dörd il sonrakı prezidentliyə namizədi elan etdi. Hələ yeni başqana “Partiyada müavinlər İsa Qəmbərlə birlikdə müəyyən olunacaq” fikrini söyləməsi tapşırığını da verdi.
Bəli, bu gün Müsavat özünün yeni qurultayını yekunlaşdırdı. Qurultay sonrası müzakirələr, siyasi ehtimallar bitib-tükənmir. Amma hamının razılaşdığı bir həqiqət var. İsa Qəmbər Putin texnologiyasından istifadə edib və Arif Hacılını başqan gətirməklə, partiya üzərində nəzarəti tam təmin edib?
Niyə məhz Arif Hacılı?
Uzun müddətdir partiyada olmasına, təşkilati sahəni kurasiya etməsinə, seçki təbliğatına rəhbərlik etməsinə baxmayaraq, Arif Hacılı siyasi texnoloq sayıla bilməz. Bunu müəyyən etmək üçün heç də uzaq olmayan keçmişə ekskurs etsək, qəti qənaət formalaşdıra bilərik.
Nəzərə alsaq ki, Müsavat Partiyası siyasi aktivliyin pik nöqtəsində olandan yalnız bir dəfə qurultay keçirib, həmin qurultayı analiz etsək, Hacılının mövqelərinin nə qədər zəif olduğunu aydın görmək olar.
2001-ci ilin mayında baş tutan qurultayda partiyada üç qütb arasında siyasi mübarizə gedirdi. Bir cinahda Arif Hacılı və tərəfdarları – bu siyahıya İlham İsmayılı, Mehman Cavadoğlunu və digərlərini aid etmək olar, digər cinahda Vurğun Əyyub tərəfdarları – bu siyahıya Əsgər Əhmədi, Qubad İbadoğlunu, Qabil Hüseynlini və digərlərini aid etmək olar, daha bir cəbhədə isə Sülhəddin Əkbər və tərəfdarları – bu siyahıya İbrahim İbrahimlini, Səxavət Əlisoyu, Telman Nüsrətoğlunu və digərlərini aid etmək olar, təmsil olunurdu. Qruplar arasında mübarizənin məntiqi nəticəsi olaraq Vurğun Əyyub tərəfdarları Məclisdə 41, Sülhəddin Əkbər tərəfdarları 33, Arif Hacılı tərəfdarları isə cəmi 8 nəfərlik heyətlə təmsil olundu. Elə şəhər və rayon təşkilatı yox idi ki, orada Hacılı tərəfdarları kütləvi şəkildə Vurğun Əyyub cinahına aid olan namizədlərə məğlub olmasın.
Partiyanın son qurultayı öncəsi Arif Hacılının uduzacağı səbəbindən Məclis sədrliyinə iddialı olmaması, mübarizənin Vurğun Əyyub və Sülhəddin Əkbər arasında getməsi, nəticə olaraq Sülhəddin Əkbərin qalib gəlməsi Hacılı cinahının faktiki süqutu idi.
Amma partiyanın həyatında bir məqam da olub ki, həmin situasiyada Arif Hacılı vəziyyətdən qalib durumda ayrılıb. Belə ki, partiyanın 2000-ci il parlament seçkiləri ilə bağlı keçirdiyi daxili seçki İsa Qəmbərdən sonra Arif Hacılının proporsional sistemlə partiya siyahısında ikincilik qazanması ilə nəticələnib.
Müsavatın son qurultayında Arif Hacılının qalib gəlməsi elan olunan kimi, İsa Qəmbərin “Biz həmişə demokratik seçki keçirmişik, 2000-ci ildə keçirdiyimiz daxili seçki də bunun bariz nümunəsi idi” fikri də bu xüsusda təsadüfi sayıla bilməz.
Müsavatın sabiq başqanı bununla həm qurultay nümayəndələrinə və ictimaiyyətə, həm də Arif Hacılıya mesaj verirdi.
İctimaiyyətə bəyan edirdi ki, 2000-ci ildə də Arif Hacılını mən dəstəkləmişdim deyə siyahıda ikinci oldu, indi də mən dəstəklədim deyə, başqan seçildi.
Arif Hacılıya eyham vururdu ki, səni mənim seçdirməyimi unutma və davranışlarında səmimi olmağa çalış! Unutma ki, sən partiyanın formal başqanısan!
Partiyanın son qurultayı Müsavatın mövqelərinin daha da zəifləməsi ilə yanaşı, həm də süqutunun əsasını qoydu. Qubad İbadoğlunun "partiyada qalırıq, həm də qalmırıq" şəklində son açıqlaması göstərir ki, bu xəmir hələ çox su aparacaq.
Bu siyahıya Vurğun Əyyubun “Qurultayın nəticələri legitim deyil, bu məsələyə yenidən baxılmalıdır” açıqlamasını, Səxavət Əlisoyun seçkilərin saxtalaşdırılmasına yönəlik ittihamlarını və digər nüansları da əlavə etsək, vəziyyətin hələ bundan sonra gərginləşəcəyini söyləmək olar.
Digər yandan bu Müsavatla AXCP arasında münasibətlərin zəifləməsinə, bununla da müxalifətin süqutuna gətirib çıxaracaq. Bütün hallarda Müsavatdan yenilik, İsa Qəmbərdən cəsarət gözləyənlər bu dəfə də məyus oldular. Hətta AXCP bu gün Arif Hacılını təbrik etməkdən imtina etdi. Partiya funksioneri Aktual.Az-a açıqlamasında bildirib ki, bu məsələ müzakirə olunmur.
P.S. Deyilənə görə, Müsavat başqanlığına namizəd Tural Abbaslı partiya Məclisinə üzv seçilməyib. Ümumilikdə Qubad İbadoğlu tərəfdarlarından cəmi üç nəfər Məclis üzvü seçilib.
OXŞAR XƏBƏRLƏR