İsrailin Baş naziri Benyamin Netanyahunun BMT Baş Assambleyasındakı çıxışı zamanı çoxsaylı nümayəndələrin zalı tərk etməsi diqqət çəkib.
Nümayəndələrin bu addımı İsrailin Qəzzadakı müharibəsi və Fələstin məsələsi ilə bağlı beynəlxalq mövqeyə dair müzakirələri yenidən gündəmə gətirib.
Netanyahu isə zalı tərk edən nümayəndələri "mənəvi cəhətdən qorxaq” adlandırıb.
Bəs nümayəndələrin kütləvi şəkildə zalı tərk etməsi beynəlxalq ictimaiyyətin İsrailə münasibəti baxımından nəyi göstərir?
Mövzu ilə bağlı AZXEBER.COM-a danışan siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, nümayəndələrin zalı tərk etməsi Netanyahunun siyasətinə etirazın ifadəsi kimi qiymətləndirilə bilər:
"İsrailin baş naziri kürsüyə çıxanda zalın böyük bir hissəsi zalı tərk etdi. Telekanallardan izlədiyim görüntülərdə zalın təxminən dörddə birinin onun çıxışını dinləməkdən imtina etdiyi görünürdü. Ümumiyyətlə, BMT Baş Assambleyasında çıxışların vaxtı əvvəlcədən məlum olur. Netanyahunun nə zaman çıxış edəcəyi də əvvəlcədən bəlli idi. Buna baxmayaraq, nümayəndələrin məhz onun kürsüyə çıxmasını gözləyərək zalı tərk etməsi diqqət çəkir”.

Siyasi şərhçinin sözlərinə görə, bu addım Netanyahunun siyasətinə qarşı etiraz forması kimi qiymətləndirilə bilər:
"Bu, ona qarşı etiraz forması idi. Eyni zamanda, siyasi və diplomatik baxımdan ciddi mesaj xarakteri daşıyırdı. Düşünürəm ki, zalı tərk edən nümayəndələr bununla İsrail hökumətinin Qəzza siyasətinə münasibətlərini nümayiş etdirdilər. Artıq Qəzzada baş verənlərlə bağlı beynəlxalq səviyyədə ciddi narazılıq mövcuddur və bu narazılığın BMT kimi beynəlxalq platformada nümayiş etdirilməsi diqqət çəkir. Bu hadisə İsrailin baş nazirinin beynəlxalq müstəvidə vəziyyətinin kifayət qədər mürəkkəb olduğunu göstərən nümunələrdən biridir. Son dövrlərdə İsrailin Qəzza siyasətinə münasibətdə müxtəlif ölkələr və beynəlxalq siyasi subyektlər tərəfindən fərqli mövqelər səsləndirilir. Zalın bir hissəsinin Netanyahu çıxışa başlayarkən oranı tərk etməsi də həmin narazılığın konkret formada nümayiş etdirilməsi kimi qəbul oluna bilər”.
Siyasi şərhçinin sözlərinə görə, ABŞ və İsrail arasındakı münasibətlərdə yaranan fikir ayrılıqları da prosesə təsir edən amillərdən biri ola bilər:
"Son aylarda ABŞ və İsrail arasında müəyyən məsələlər üzrə fikir ayrılıqları müşahidə olunur. Xüsusilə İranla bağlı siyasət və Yaxın Şərqdə baş verən proseslər fonunda tərəflərin mövqelərində müəyyən fərqlər meydana çıxıb. Bu baxımdan, zalı tərk edən nümayəndələrin davranışını yalnız bir səbəblə izah etmək düzgün olmaz. Burada həm Qəzza müharibəsinə münasibət, həm də ayrı-ayrı ölkələrin İsrail siyasətinə yanaşması rol oynaya bilər”.
C.Abbaslı bildirib ki, Netanyahunun çıxışının BMT Baş Assambleyasında bir qrup nümayəndə tərəfindən boykot edilməsi beynəlxalq ictimaiyyətin İsrail hökumətinin siyasətinə münasibəti baxımından siyasi mesaj kimi diqqət çəkir:
"İsrailin Qəzzadakı hərbi əməliyyatları ilə bağlı beynəlxalq ictimaiyyətdə ciddi müzakirələr gedir. Bu məsələyə münasibətdə ölkələr arasında fərqli mövqelər olsa da, Netanyahu çıxış edərkən nümayəndələrin zalı tərk etməsi onların müəyyən hissəsinin İsrail hökumətinin siyasətinə etiraz etdiyini göstərir. Bunun BMT kimi nüfuzlu beynəlxalq qurumun platformasında baş verməsi isə hadisəyə əlavə siyasi əhəmiyyət verir”.
Siyasi şərhçi hesab edir ki, bundan sonra İsrail hökumətinin beynəlxalq münasibətlərdə üzləşəcəyi siyasi reaksiyalar da diqqət mərkəzində olacaq:
"İstənilən halda, bu hadisə beynəlxalq ictimaiyyətin İsrail siyasətinə münasibətində müəyyən dəyişikliklərin olduğunu göstərən siyasi jest kimi yadda qala bilər. Bundan sonra əsas məsələ bu etirazların ayrı-ayrı nümayəndələrin zalı tərk etməsi ilə məhdudlaşıb-məhdudlaşmayacağı və hansı siyasi addımlara çevriləcəyidir”.
Fəridə Əsədzadə











































