ABŞ Dövlət katibi Marko Rubio Ukraynada müharibənin başa çatması üçün Moskva və Kiyev arasında razılığın əldə olunmasının vacibliyini bildirib.
Rubio bu barədə Parisdə "Böyük yeddilik” (G7) ölkələrinin xarici işlər nazirlərinin görüşü çərçivəsində jurnalistlərə açıqlamasında danışıb.
Onun sözlərinə görə, müharibənin başa çatmasının əsas şərtlərindən biri Ukraynanın gələcək təhlükəsizliyinin təmin edilməsidir.
"Müharibənin başa çatmasının açarı Ukraynanın müharibədən sonra özünü təhlükəsiz hiss etməsidir. Əlbəttə, bunun işləməsi üçün Rusiya da buna razılıq verməlidir”, – Rubio vurğulayıb.
Dövlət katibi qeyd edib ki, ABŞ Ukraynaya mümkün təhlükəsizlik zəmanətlərinin beynəlxalq müqavilə şəklində rəsmiləşdirilməsinə hazır olub-olmadığı barədə hələ yekun qərar qəbul etməyib.
Rubio belə sənədlərin Konqres tərəfindən təsdiqlənməsində çətinliklərin yarana biləcəyini istisna etməyib.
O, müharibənin yalnız Rusiya və Ukraynanın razılığı əsasında başa çata biləcəyini bildirib.
"ABŞ bu müharibənin iştirakçısı deyil. Nəticə etibarilə, bu, Amerikanın müharibəsi deyil. Biz müharibəni başa çatdırmaq üçün əlimizdən gələni edirik. Lakin bunun üçün döyüşən tərəflərin razılığı lazımdır”, – dövlət katibi deyib.
Rubio Vaşinqtonun Əbu-Dabidə keçiriləcək üçtərəfli danışıqlarda yeni təkliflər irəli sürməyə davam edəcəyini, lakin nəticəyə zəmanət verə bilməyəcəyini də açıqlayıb.
"Məndən uğurlu nəticəyə zəmanət verməyimi istəyirsiniz. Mən bunu edə bilmərəm. Biz yalnız danışıqlara kömək edə və diplomatik həllə nail olmaq ümidi ilə yeni ideyalar təqdim edə bilərik”, – o bildirib.
Dövlət katibi Ukraynada seçkilərin keçirilməsi məsələsinə də toxunub. Onun sözlərinə görə, seçkilərin etibarlı hesab olunması üçün sabitliyin mövcudluğu vacibdir.
Rubio Ukraynada müharibə səbəbindən uzun müddətdir seçkilərin keçirilmədiyini xatırladıb.
///apa.az











































