Arzu Nağıyev: “Azərbaycanın qarşısında yeni inkişaf vəzifələri dayanır”

Arzu Nağıyev: “Azərbaycanın qarşısında yeni inkişaf vəzifələri dayanır”
SOSİAL
15:01 03.10.2026
213
"Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın müasir siyasi tarixində çox mühüm bir vaxtda, mühüm bir mərhələdə keçirildi. Çünki artıq bu qurultay ərazi bütövlüyümüzün tam bərpası, eyni zamanda suverenliyimizin tam təmin olunması, bütün Azərbaycan ərazisində Azərbaycan Konstitusiyasının işlədiyi bir dövrə təsadüf edir”

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə Komitəsinin sədri Arzu Nağıyev deyib.

Deputat bildirib ki, Prezident Zəfərdən sonrakı mərhələnin yeni reallıqlarına və Azərbaycanın qarşısında duran əsas vəzifələrə xüsusi diqqət ayırdı:

"Prezident İlham Əliyev də öz çıxışında xüsusi vurğuladı ki, bu qurultay Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi yeni reallıq şəraitində keçirilir. Cənab Prezident Azərbaycanın qarşısında duran bir sıra tarixi vəzifələrin həyata keçirilməsinin mühüm nəticəsi kimi bunu qeyd etdi. Əsas məsələ bundan ibarətdir ki, Zəfərin qeyd olunması böyük bir məsələdir. Azərbaycan artıq öz təhlükəsizliyini, hərbi və iqtisadi potensialını daha da gücləndirməli, beynəlxalq mövqelərini möhkəmləndirməli və yeni regional reallıqlardan milli inkişaf naminə istifadə etməlidir. Prezident bunu qarşıya qoyulan əsas məsələlərdən biri kimi qeyd etdi. Burada əsas məqam ondan ibarətdir ki, kimlərsə müdafiə və təhlükəsizlik xərclərinə daha çox diqqət yetirilməsinin, onun artırılmasının səbəblərini gündəmə gətirməyə çalışırlar. Lakin Cənab Prezident də öz çıxışında qeyd etdi ki, bu, sülhün bərqərar olunması istiqamətində atılan addımlar və sərhədlərimizdən çox da uzaqda olmayan ərazilərdə müharibələrin getməsi fonunda məhz Azərbaycanın daha güclü olması üçün atılan addımlardır".

 

Parlamentari qeyd edib ki, qurultayda səsləndirilən fikirlər Azərbaycanın qarşısında duran əsas vəzifələri və gələcək inkişaf prioritetlərini aydın şəkildə ortaya qoyur:

"Prezident öz çıxışında əsas vəzifələrdən biri kimi hərbi gücün artırılmasını, iqtisadi müstəqilliyin daha da möhkəmləndirilməsini, Qarabağ və Şərqi Zəngəzurun bərpasını, Böyük Qayıdışın davam etdirilməsini və Azərbaycanın tranzit imkanlarının genişləndirilməsini xüsusi vurğuladı. Orta müddətdə ölkə ərazisindən keçən tranzit yük həcminin 30 milyon tona çatdırılması hədəfi Azərbaycanın nəqliyyat-logistika imkanlarının strateji əhəmiyyətini göstərir. Qarabağın, Şərqi Zəngəzurun gücləndirilməsi, güclü ordu, iqtisadi dayanıqlıq, nəqliyyat və enerji layihələri, insanların öz doğma torpaqlarına qayıdışı – bunlar çox mühüm məsələlərdir. Eyni zamanda beynəlxalq mövqelərin daha da möhkəmləndirilməsi bu mərhələnin əsas istiqamətlərindəndir. Zənnimcə, bu baxımdan VIII Qurultay həm də gələcəyə baxış qurultayı kimi xarakterizə oluna bilər. Azərbaycanın qarşısında artıq işğal olunmuş ərazilərin azad edilməsi deyil, əldə edilmiş suverenliyin və ərazi bütövlüyünün, dövlət gücünün davamlı şəkildə möhkəmləndirilməsi, ölkənin regional və beynəlxalq əhəmiyyətinin daha da artırılması vəzifəsi dayanır.

Cənab Prezidentin çıxışında Azərbaycanın öz imkanlarına arxalanması xətti də çox mühüm əhəmiyyət kəsb edir. Siyasi müstəqillik, iqtisadi müstəqillik, güclü hərbi potensial, milli imkanlardan maksimum istifadə edilməsi, düşünürəm ki, Ali Baş Komandanın uzunmüddətli inkişaf strategiyasının əsas dayaqları kimi təqdim olunurdu. Eyni zamanda, Cənab Prezident bir sıra dövlətlərə də mesajlar ötürdü ki, biz bu gün müstəqilik. Biz bu gün öz siyasətimizi suveren və müstəqil şəkildə həyata keçiririk. Balanslı siyasətimizi də qoruyuruq. Bizim üçün kimsənin bizə istiqamət göstərməsi və yaxud "bunu belə et” deməsi əhəmiyyət kəsb etmir. Çünki biz müstəqilik.Biz bu gün çox çətin sınaqlardan keçərək bugünkü nailiyyətlərə nail olmuşuq. Bir daha qeyd etmək istəyirəm ki, Cənab Prezidentin çıxışında da vurğulanan əsas məqam ərazi bütövlüyü, suverenliyin qorunması və hər bir Azərbaycan vətəndaşının rifahıdır",-deyə deputat bildirib.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR