Asiya Futbol Konfederasiyası (AFC) Beynəlxalq Futbol Federasiyasının (FİFA) hazırkı prezidenti Canni İnfantinonu 2027-ci ilin martında keçiriləcək seçkilərdə dəstəkləyəcək.
Bu barədə AFC prezidenti Şeyx Salman bin İbrahim Əl Xəlifə Tokioda keçirilən konfederasiyanın növbədənkənar konqresində bildirib. Məlumatı "Reuters” agentliyi yayıb.
"FİFA prezidentliyinə yenidən seçilmək istəyinizdə sizi və rəhbərliyinizi tam dəstəkləməyə hazır olduğumuzu bir daha təsdiqləyirik”, – deyə Əl Xəlifə konqresdə iştirak edən İnfantinoya müraciət edərək bildirib.
Qeyd edək ki, iyul ayında İnfantinonun FİFA-nın kişi və qadınlar arasında əsas turnirlərinə nəzarət edəcək "FIFA Forward Enterprise” adlı şirkət yaratmaq təşəbbüsü irəli sürdüyü barədə məlumat yayılıb. FİFA-nın bildirdiyinə görə, bu təşəbbüs üzv assosiasiyaların gəlirlərini 4,2 milyard dollar artıra bilərdi.
Təşəbbüs bir sıra futbol qurumlarının tənqidi ilə qarşılaşıb. Onların arasında Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA), Şimali və Mərkəzi Amerika, eləcə də Karib hövzəsi Futbol Konfederasiyası (KONKAKAF), AFC və Cənubi Amerika Futbol Konfederasiyası (KONMEBOL) da olub. Sonradan Afrika Futbol Konfederasiyası və Argentina Futbol Assosiasiyası İnfantinoya dəstək ifadə edib.
56 yaşlı İnfantino ilk dəfə 2016-cı ilin fevralında FİFA prezidenti seçilib. O, sonradan iki dəfə rəqibsiz şəkildə yenidən bu vəzifəyə seçilib. Növbəti prezident seçkilərinin 2027-ci ilin martında keçirilməsi planlaşdırılır.
///teleqraf///










































