Dekabr ayının 2-də (məhərrəm ayının 6-sı) cümə xütbəsində Hacı İlqar İbrahimoğlu ölkədə Aşuranın qeyri-iş günü olmasının zəruriliyini və bunun artıq vaxtının gəlib çatdığını vurğulayıb. Ardınca ölkənin sabiq baş naziri Pənah Hüseyn dekabr ayının 3-ü İctimai Palatanın sessiyasında belə bir təklifdə bulunmuşdu. Xatırladaq ki, qardaş Türkiyədə bu mövzu parlament səviyyəsində qaldırılıb. Aşura öncəsi bu məsələyə münasibət bildirməsi üçün Hacı İlqara müraciət etdik. Hacı İlqar açıqlamasında bunları qeyd etdi: “Biz bu qənaətdəyik ki, xalqın özünün təbii olaraq qeyd elədiyi, yaşatdığı, hətta Sovet dönəmində də qoruyub saxladığı bir günün matəm günü kimi qeyd olunaraq, qeyri-iş günü olması zərurətdir. Çünki belə olmaması böyük çətinliklər yaradır. Bəzi məmurlar insanların matəm mərasimlərində iştirakı ilə bağlı müəyyən maneələr ortaya çıxarır. Bu, xalq matəmidir, xalqın içindən gələn bir matəmdir. Necə ki, Novruz bayramı, Novruz şənliyi xalqın içindən gələn bir bayramdır və bu, bayramı rəsmi qeyd eləmək üçün imkan yaradır. Adət-ənənələrimizdə də Aşura xalqımızın içindən gələn, duyğularından gələn, Peyğəmbər (s) və onun pak Əhli-beytinə (ə) olan məhəbbətindən irəli gələn bir matəm günüdür. Bu gün artıq bu məsələ Türkiyədə də müzakirələrə çevrilibsə, o deməkdir ki, əslində Azərbaycan bu məsələdə gecikib. Hesab edirik ki, bu mövzuda ölkəmizdə ictimai-siyasi insanların da qeyd edilən məsələdə dəstək verməsi məsələnin nə qədər aktuallığını göstərir. Bununla bağlı ölkəmizin bütün ictimai kəsimi ilə müzakirələr aparacağıq. Hesab edirik ki, Azərbaycanda bunun həyata keçməsi üçün yetərincə zəmin mövcuddur və bu həm də Sovetlərdən xilas olmağın bir nümunəsidir. Bir daha Allahdan tofiqat diləyirik ki, bu nəcib işdə xalqımızın öz matəmini yaşatması üçün daha da böyük imkanlarının yaranmasını nəsib etsin, inşallah”. /// deyerler.org