Atatürk Kamallıdan portallara maraqlı təklif

Atatürk Kamallıdan portallara maraqlı təklif
MEDİA
16:05 23.05.2013
1918

Gənc lider xəbər portallarında rəsmi xronika bölməsinin yaradılması ideyasını gündəmə gətirir

“Yeni Nəsil Gənclərin İnkişafına Dəstək” İctimai Birliyinin sədri Atatürk Kamallı internet medianın inkişafı ilə bağlı maraqlı təşəbbüslə çıxış edib.

Oxucular üçün maraqlı olacağını nəzərə alaraq, İB sədrinin bəyanatını olduğu kimi dərc edirik:

“Azərbaycanın qlobal dünyaya inteqrasiyası, internetin hər birimizin evinə çağırılmamış qonaq qismində təşrif buyurması xəbər portallarının da fəaliyyətinə təsirsiz ötüşmür və oxucular informasiya tələbatını daha çox bu yolla ödəyirlər. Belə olduğu təqdirdə internet xəbər portallarının fəaliyyəti cəmiyyətin fəal kəsiminin, o cümlədən biz gənclərin marağındadır. Hesab edirik ki, internet portallarda xəbər ardıcıllığı prinsipinə riayət olunması, qeyri-ciddi və sosial-siyasi əhəmiyyət kəsb etməyən informasiyalarla ciddi və dövlət əhəmiyyətli xəbərlərin eyni ardıcıllıqla yayımlanması düzgün deyil. Bu mənada biz “Yeni Nəsil Gənclərin İnkişafına Dəstək” İctimai Birliyi olaraq portallara rəsmi xronika rubrikasının yaradılması və dövlət əhəmiyyətli informasiyaların, Azərbaycan Respublikasının prezidenti ilə bağlı məlumatların ayrıca verilməsi təşəbbüsünü irəli sürürük. Düşünürük ki, bu medianın yeni və inkişaf etməkdə olan qolu – internet medianın ciddi bir təsisat kimi formalaşmasına öz tövhəsini verəcək”.

OXŞAR XƏBƏRLƏR