Avtomobilini “Atəşgah” şirkətində sığortaladan Bakı sakini qəzadan sonra sığorta ödənişini ala bilmir. Bunu Musavat.com-a şikayətində Bakı şəhəri, Yasamal rayonu, Ümid Əkbərov küçəsi 108 A ünvanında yaşayan Məmmədov Zaur Məmməd oğlu yazıb.
Onun yazdığına görə, “Atəşgah”da tam sığortalanmış “KİA Cerato” markalı avtomobili etibarnamə ilə idarə edir: “03.08.2014-cü il tarixdə idarə etdiyim avtomobillə Quba rayonu ərazisində düzgün ara məsafəsi saxlamadığıma görə qəza törətmişəm. Qəzadan sonra hadisə yerinə yol-patrul xidmətinin əməkdaşları gəliblər. Hadisədən dərhal sonra sığorta şirkətinin 055 255 00 30 nömrəli telefonuna məlumat vermişəm. Lakin sığorta şirkətinin nümayəndəsi hadisə yerinə gəlməyib, YPX əməkdaşları isə magistralda nəqliyyatın hərəkətinə mane olduğu üçün avtomobili hadisə yerindən evakuasiya ediblər”.
Sürücü Zaur Məmmədov avtomobildə ailəsi, o cümlədən, bir neçə gün əvvəl doğulmuş qızı olduğundan, DYP əməkdaşlarının həyata keçirdiyi prosessual hərəkətlərdən və həkim müayinəsindən keçdikdən sonra Bakıya qayıdıb. Avtomobil isə Quba Rayon Dövlət Yol Polisi İdarəsinin cərimə meydançasında qalıb: “04.08.2014-cü il tarixdə “Atəşgah” sığorta şirkətinə bir daha müraciət etdim. Lakin bildirdilər ki, bazar günü olduğundan, iş günü ofisə yaxınlaşım. 05.08.2014-cü il tarixdə ofisə getsəm də, mənə sığorta ödənişindən imtina etdilər”.
Sürücü bildirir ki, DYP tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokolu, yol-nəqliyyat hadisəsinin sxemini, eləcə də, Quba Rayon Mərkəzi Xəstəxanasının alkoqolun qəbulu faktını və sərxoşluq vəziyyətini təyin edən müayinə protokolunu da sığorta şirkətinə təqdim edib. O, hüquqlarının bərpasında və dəymiş ziyanın ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinə və Atəşgah Sığorta Şirkəti ASC-yə rəsmi şikayət məktubu yazıb. Amma, bu qurumlardan şikayətə cavab verilməyib: “Hər ay avtomobilin kreditinə görə 400 manat vəsait ödəyirəm. Avtomobil isə Quba Rayon Dövlət Yol Polisi İdarəsinin cərimə meydançasında qalıb və onu təmir etdirməyə imkanım yoxdur”.
///Musavat