Elşən Musayev: “ATƏT hər zaman siyasi partiyalar arasında ayrı-seçkilik qoyur”
Elçin Mirzəbəyli: “Vəziyyət ürək açan səviyyədə deyil”
ATƏT-in Bakı Ofisinin rəhbəri, səfir Koray Tarqay Azərbaycan siyasi müstəvisinə yad olan fikirlər səsləndirib. Səfir prezident seçkiləri öncəsi bütün siyasi partiyaların iştirakı ilə dəyirmi masa keçirəcəklərini bildirib. K.Trarqayın əsas diqqət çəkən fikiri belə olub: "Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların liderləri hər zaman görüşə bilər, onların aralarında olan münasibətlər pozulmayıb”.
Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev səfirin açıqlamasını belə dəyərləndirib: "ATƏT təmsilçisi verdiyi açıqlama ilə o mesajı təqdim etməyə çalışır ki, proseslər yaxınlaşdıqca həmin proseslərə diktə və nəzarət mexanizmlərini gücləndirməyə çalışacaqlar. Amma necə va hansı mexanizmlə-bunu özlərindən başqa kimsə bilmir. Həm də bunun Beynəlxalq missiya daşıyan bir təşkilatın təyinatına hansı formatda daxil olacağı da bir ayrı mövzunun söhbətidir. Digər məsələ isə həmin Beynəlxalq təşkilatların guya Partiyalar arasındakı dialoqa və konsensusa meylli olmaları ilə bağlı uydurduqları yalanlardır. Burda da səmimiyyət işartıları görünmür. Çünki iqtidar partiyası olan YAP və onun rəhbər təmsilçiləri dəfələrlə dialoqa və müzakirələrə açıq olduqlarını bildiriblər. Qarşı tərəfdən isə heç bir addım sərgilənməyib. Əksinə itiham dolu açıqlamalarla mövzudan yayınmağa çalışıblar”.
DMP sədri qeyd edib ki, bərabərlik və aşkarlıq prinsipindən çıxış edən ATƏT hər zaman siyasi partiyalar arasında ayrı-seçkilik qoyur: "Ölkədə bu qədər rəsmi qeydiyyatı və yetərli aktivlik dərəcəsi olan siyasi partiyaların var olmasına rəğmən həmin müzakirələrə yalnız bir neçə partiyanın qatılması və bir az da kobud desək müxalifət nümayəndələri ilə bərabər aparılan separate danışıqlardır. Yaxşı, ortada bütün bu söylədiyim faktlar varkən ATƏT-in səmimiyyətinə nə deyib inanaq?
Və son olaraq…qeyd edim ki, bir Partiya sədri olraq şəxsən öz timsalımda bu cür müzakirələrə hər zaman açıq olmuşam. Hətta müxalif Partiya rəhbərlərini- onların öz meydanında canlı fikir mübadiləsinə dəvət etmişəm. Məsələn konkret olaraq mənim tərəfimdən dəfələrlə AXCP sədri Əli Kərimliyə müraciət olunub ki, ürəyi istəyən meydanda-istər”Yeni Müsavat” qezetində, istər "Azadlıq”radiosunda onunla canlı debata hazıram. Bundan artıq nə edək? İndi bizimmi günahımızdır ki, kimsə öz təkəbbürünə və ya ambisiyasına bürünüb həmin debatlara gəmir?. Ya da bundan artıq nə edə bilərik?-ATƏT və müxalif funksionerlər yaxşısı budur, bununla bağlı bir söz desin”…
BAXCP sədrinin müavini Elçin Mirzəbəyli məsələ ilə bağlı fikirlərini bölüşərkən qeyd edib ki, siyasi partiya liderlərinin bir araya gəlməsi, fikir mübadiləsi, diskusiya aparması sivil cəmiyyətlərdə normal qarşılanan haldır. Onun sözlərinə görə, Azərbaycan reallığında müxalif liderlərin şəxsi maraqlardan çıxış etməsi səbəbindən liderlər bir araya gələ bilmir: "Bu baxımdan vəziyyət heç də ürək açan deyil. Bununda bir nömrəli səbəbi müxalif liderlərin şəxsi maraqlardan çıxış etməsidir. Bir çox hallarda müxalif liderlər təhqir və digər xoşagəlməz ifadələr işlədirlər”. BAXCP funksioneri onu da bildirib ki, bu gün müxalif partiya sədrləri arasında elələri var ki, onlarla bir masa arxasında oturub hər hansı məsələnin müzakirəsi mümkün deyil: "Bu siyahıya AXCP sədri Əli Kərimli başçılıq edir. AXCP sədri hər zaman şəxsi maraqları digər maraqlardan üstün tutur”.
Ədalət qəzeti