Avropanın iki önəmli təşkilatı bu çağırışlara qarşı olduğunu açıqlayıb.
ATƏT və Avropa Şurası (AŞ) Azərbaycanda keçiriləcək “Eurovision” mahnı yarışmasının boykot edilməsinə dair bəzi insan haqları təşkilatlarının və fəallarının çağırışlarına qarşı çıxıb. AZXEBER.COM-un “Yeni Müsavat” qəzetinə istinadən verdiyi xəbər görə, Avropada insan haqları üzrə bu iki ən iri təşkilatın rəsmiləri bildiriblər ki, yarışmanın boykot edilməsi Azərbaycandakı problemlərin həllinə kömək etmir. Xatırladaq ki, İrlandiya bu il ATƏT-ə sədrlik edir. Qəzet qeyd edib ki, beynəlxalq insan haqları qruplarının Azərbaycandakı vəziyyətdən narahatlıq ifadə etmələri bir sıra azərbaycanlı dissidentlərin “Eurovision” mahnı yarışmasının boykot edilməsinə dair çağırışlarını artırıb. Məqalədə “Human Rights Watch”, “Sərhədsiz Reportyorlar” kimi təşkilatların “Eurovision” yarışması ərəfəsində Azərbaycanda infrastrukturun yenilənməsi üçün evlərin sökülməsi nəticəsində bəzi sakinlərin narazı qalması ilə bağlı etirazlarını, ifadə azadlığı ilə əlaqədar problemləri xatırladıb: “Lakin ATƏT və AŞ mahnı yarışmasının boykot edilməsi ideyasına qarşıdır”. AŞ baş katibi Turborn Yaqland “İrish Times”ə açıqlamasında ”Eurovision" yarışmasını problemləri qaldırmaq və debatlar aparmaq üçün yaxşı fürsət adlandırıb. ATƏT-in söz azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç də eyni fikirdə olub: “İstənilən boykot söz azadlığının digər yöndən məhdudlaşdırılması olardı”. Qeyd edək ki, bir müddət öncə “Amnesty İnternational” təşkilatı da Azərbaycanda “Eurovision” mahnı müsabiqəsini boykot etmək çağırışı ilə çıxış etməsi barədə informaiyaları təkzib edib. Təşkilat “Eurovision”un Bakıda keçirilməsini təqdir etməklə yanaşı, yarışmanı öılkənin Avropaya açıqlması istiqamətində yaxşı fürsət kimi dəyərləndirmişdi. “Amnesty İnternational” yarışma ərəfəsində “Eurovision” yarışmasının keçmiş iştirakçılarının da iştirakı ilə sosial şəbəkələrdə müxtəlif kampaniyalar başlayacağını açıqlayıb. Azərbaycan rəsmiləri isə ölkə paytaxtında aparılan yenidənqurma işlərinin “Eurovision” yarışması ilə əlaqəli olmadığını, prosesin yarışmadan çox əvvəl başladığını və yarışmadan sonra da davam edəcəyini bildiriblər. Onlar bildiriblər ki, şəhər infrastrukturunun yenilənməsi nəticəsində bəzi hissələrdə sakinlərin köçürülməsi prosesi baş verir. Rəsmilər sakinlərə qarşılıqlı razılıq əsasında müvafiq kompensasiyalar ödənildiyini, heç bir köçürülmənin təzminatsız baş vermədiyini də vurğulayıblar.