ATGTİ-nin mətbuat xidmətindən AZXEBER.COM-a bildirilib ki, flaşmobda əvvəlcədən müəyyən edildiyi kimi gənclərdən biri əlindəki plastik şüşəni yerə atıb gedib, bütün iştirakçılar zibili kimin götürüb zibil qutusuna atacağını gözləyiblər. Bir müddət sonra Zəhra adlı bir xanım yaxınlaşaraq zibili yerdən götürüb zibil qabına atıb və həmin an flaşmob reallaşıb.
Belə ki, gənclər üzərində “Təmiz dünya naminə” şüarı qeyd edilən xüsusi hazırlanmış yaşıl papaqları geyinərək Zəhra xanımı alqışlayıblar. Ətrafdakılar baş verənləri böyük maraqla qarşılayıb və özləri də aksiyaya qoşulublar.
Aksiyanın əsas məqsədi gənclərin və ümumilikdə bütün ictimaiyyətin diqqətini ekologiya problemlərinə cəlb etmək və bu sahədə birgə fəaliyyət göstərməkdən ibarətdir.
Sonda flaşmob iştirakçıları qarşısında çıxış edən ATGTİ-nin Ekologiya işçi qrupunun rəhbəri Surxay Novruzov bu cür aksiyaların davamlı olacağını bildirib.