Azərbaycan teleməkanında əsasən, əyləncəli, şou-biznes telekanalı kimi tanınan ATV bu ildən etibarən mədəniyyət, incəsənət xəbərlərinə, daha ciddi verilişlərə üstünlük verəcək.
Bundan başqa, bu ildən etibarən ATV-nin loqosu, dizaynı, kompüter qrafikası da dəyişiləcək. Əldə etdiyimiz məlumata görə, islahatlar telekanalın həm də verilişlərində və onların məzmununda da aparılacaq. Belə ki, bir neçə verilişlərin dayandırılması, bəzilərinin adının, məzmununun dəyişdirilməsi nəzərdə tutulur. Telekanalın şou-biznes məzmunlu, qalmaqallı, ailədaxili konfliktlərin qabardıldığı verilişlərinin sayının azaldılması, mahiyyətcə daha ciddi proqramlar və mədəniyyət verilişləri ilə əvəzlənməsi gözlənilir. Bununla əlaqədar olaraq bəzi verilişlərin, təxminən 5-6 verilişin dayandırılması, bəzilərinin isə adının və ya aparıcısının dəyişdiriləcəyi gözlənilir.
Bağlanılması gözlənilən verilişlər sırasında Dilarə Əliyevanın aparıcısı olduğu «Burada və indi» (keçmiş «Çal-çağır» verilişi) adlı proqramın da yer aldığı deyilir. Həmçinin bəzi məlumatlara görə, «Sən tək deyilsən» verilişinin bir müddət yayımı dayandırılacaq və adı dəyişdirilərək «Səni axtarıram» olacaq. Qısa müddətlik fasilədən sonra yeni adla, yeni formatda efirə çıxacağı gözlənilir.
Bağlanılması planlaşdırılan verilişlərdən birinin - «Onun yarısı»nın isə yüksək reytinqini nəzərə alıb, yenidən bərpa edilməsi gözlənilir. Hazırda isə həmin verilişin çəkilişləri dayandırılıb.
Bu gün məlumat verdiyimiz kimi, bağlanması gözlənilən verilişlərdən biri kimi «ATV maqazin» verilişinin də adı çəkilir. Ona görə də verilişin aparıcısı İlkin Həsəni ilə əlaqə saxladıq. Lakin İlkin Həsəni Milli.Az xəbər portalına açıqlamasında bu məlumatı təkzib etdi və verilişinin əvvəlki axarında davam edəcəyini deyib: «Dediyiniz məsələlərlə bağlı mən yalnız onu deyə bilərəm ki, "ATV maqazin" verilişinin artıq 8 ildir ki, aparıcısıyam və veriliş indi də fəaliyyətini davam etdirir. Hər həftə öz vaxtında, öz saatında efirə çıxacaq, yəni, proqram öz axarı ilə davam edəcək". //milli.az