Autizmli uşaqlara qarşı davranış qaydaları: Hər kəs bunları bilməlidir

Autizmli uşaqlara qarşı davranış qaydaları: Hər kəs bunları bilməlidir
SOSİAL
13:05 07.07.2026
541
Xəbər verdiyimiz kimi, dünən Bakıda liftə minmək istəyən autizm sindiromlu azyaşlıya qarşı zorakılıq edilib.

Qısa zamanda sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan hadisə cəmiyyətdə autizmli şəxslərə münasibət və ictimai yerlərdə onlarla düzgün davranış məsələsini yenidən gündəmə gətirib.
 
Bəs autizmli uşaqlara qarşı davranışda nələrə diqqət edilməlidir?

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan psixoloq Aynur İsgəndərova bildirib ki, autizmli uşaqlara qarşı kobud rəftar onların davranışını dəyişmir, əksinə, vəziyyəti daha da ağırlaşdırır:

"Bu uşaqlara qışqırmaq, onları vurmaq və ya zorla saxlamağa çalışmaq doğru deyil. Belə davranış onların stressini artırır və daha kəskin reaksiyalar verməsinə səbəb olur. Bəziləri qulaqlarını tutaraq uzaqlaşır, bəziləri isə fərqli reaksiyalar göstərir. Nəzərə almaq lazımdır ki, autizmli uşaqların bir qismi nitqi tam qavramır, bəziləri isə hətta adları ilə çağırılanda belə reaksiya vermirlər. Buna görə də onlarla ünsiyyətdə səbirli, sakit və anlayışlı olmaq vacibdir".


A. İsgəndərova qeyd edib ki, autizm sindiromlu övladı olan valideynlər yaşadıqları mühitdə insanları uşaqlarının xüsusiyyətləri barədə məlumatlandırmalı, onlarla necə davranılmalı olduğunu izah etməlidirlər:

"Əgər ailə hər hansı ərazidə yaşayırsa, fürsət düşdükcə qonşulara, məktəb kollektivinə, eləcə də uşağın tez-tez olduğu ictimai məkanlarda çalışan şəxslərə övladının autizmli olduğunu və ona necə yanaşılmalı olduğunu izah etməlidir. Çünki hər kəs autizmli uşaqlarla düzgün ünsiyyət qurmağı bilmir. Yanlış davranışla qarşılaşdıqda valideyn qarşı tərəfə uşağın vəziyyəti barədə məlumat verməli, onun davranışlarının autizmin xüsusiyyətlərindən irəli gəldiyini izah etməlidir".

Psixoloq liftdə autizmli uşağa qarşı baş verən zorakılıq hadisəsinə də münasibət bildirib. O vurğulayıb ki, belə hallarda uşağa qarşı fiziki müdaxilə və ya zor tətbiq etmək əvəzinə, sakit və anlayışlı yanaşma sərgilənməlidir:

"Əgər uşaq liftə daxil olmaq istəyirdisə, onunla maraqlanmaq, fiziki təmas və zorakılıq tətbiq etmədən valideyninə təhvil vermək mümkün idi. Uşağın diqqətini cəlb etmək üçün ona toxunmadan, göz səviyyəsinə enərək göz kontaktı yaratmaq daha düzgün yanaşmadır. Əgər valideyn övladını sərbəst şəkildə çölə buraxırsa, böyük ehtimalla uşaq autizm spektrinin ağır mərhələsində deyil və liftdən istifadə, mərtəbəni seçmək kimi gündəlik bacarıqlara yiyələnib".

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR