Avropa Birliyi Ermənistanda insan haqlarının müdafiəsi və demokratiyanın inkişaf tempindən narahatdır. Bu barədə Avropa İttifaqının genişlənmə və qonşuluq siyasəti üzrə Avropa Komissarı Ştefan Füle Ermənistanın "Azatutyun" radiosuna müsahəsində deyib.
“İnsan haqlarının müdafiə olunması bizi narahat edən əsas məsələlərdəndir və şadam ki, Ermənistan hökuməti Avropa Birliyi-Ermənistan əlaqələri çərçivəsində insan hüquqlarının müdafiə olunması üzrə alt komitənin yaradılmasına razılıq verib. Bu, olduqca vacibdir. Bundan başqa, iki il bundan öncə baş verən faciəvi xatirələri unutmaq lazımdır. Mən onların unudulmasını nəzərdə tutmuram, demək istəyirəm ki, baş verənləri yaddaşlarda saxlayaraq irəli getmək və 1 mart hadisələri ilə bağlı həbs olanları azad etmək lazımdır”,- deyə AB rəsmisi müsahibəsində bildirib.
Ştefan Füle müsahibə zamanı “Şərq tərəfdaşlığı” proqramına da toxunub. Onun sözlərinə görə, bir il bundan öncə start verilən proqrama rəsmi Brüssel 6 keçmiş sovet ölkəsi -Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna və Belarusa təklif edib: “Bildiyiniz kimi biz proqram çərçivəsində maliyyə yardımı, azad ticarət zonası, viza rejminin sadələşdirilməsini təklif edirik. Bunun əvəzində isə qurum adı çəkilən ölkələrdən insan haqlarının müdafiə olunması, azad rəqabət və sabit inkişaf şərtlərinin yaradılmasını tələb edir”. //Ans Press