Avropa Parlamenti dekabrın 15-də Azərbaycan yazıçısı Rafiq Tağının qətlini pisləyən qətnaməni qəbul edib. Sənəddə deyilir ki, Avropa Parlamenti Azərbaycan yazıçısı Rafiq Tağının qətlini qəti şəkildə pisləyir. Avroparlament hökuməti ictimaiyyəti istintaqın gedişi ilə bağlı dolğun məlumat almasını təmin etməyə çağırıb. Avropa Parlamenti Azərbaycan hökumətinin Rafiq Tağının qətlinin açılması üçün xüsusi qrup yaratmasını alqışlayır və onu istintaqın hərtərəfli və effektiv aparılması, qatillərin ədalətli məhkəmə ilə bağlı beynəlxalq standartlara uyğun şəkildə məsuliyyətə cəlb edilməsini təmin etməyə çağırır. Qətnamədə ayrıca bənd olaraq Azərbaycan hökuməti vaxtilə Rafiq Tağı ilə birlikdə “dini ədavəti qızışdırmaq” ittihamı ilə məhkum edilmiş yazıçı Samir Sədaqətoğlunun təhlükəsizliyini təmin etməyə çağırılır. Avropa Parlamenti xatırladır ki, Mülki və Siyasi Hüquqlara dair Beynəlxalq Konvensiya söz və ifadə azadlıqlarına, o cümlədən din və inanc sistemlərinin tənqid edilməsinə təminat verir. Qətnamədə deyilir ki, “bəzi din və inanc sistemlərinin tərəfdarlarının ayrı-ayrı şəxsləri hədələməsi və onlara qarşı zorakılığa çağırması, buna səbəb kimi həmin şəxslərin fikirlərinin “təhqiramiz” olduğunu göstərməsi tamamilə yolverilməzdir. Belə hədələrə və zorakılığa çağırışlara yol verənlər məsuliyyətə cəlb edilməlidir. Hədələrə məruz qalan şəxslərinsə təhlükəsizliyinə tam təminat verilməlidir”. Avropa Parlamenti qətnamədə İran hökumətinə də müraciət edib. Qətnamə İran hökumətini indi İran parlamentində müzakirə olunan yenilənmiş Cinayət Məcəlləsi layihəsindən “ölümə layiq olma” konsepsiyasını çıxarmağa çağırır. Avropa Parlamenti çox narahatdır ki, ayrı-ayrı şəxslərin qətlinə çağıran ölüm fitvaları İran məhkəmələrində qatillər tərəfindən öz əməllərinə bəraət qazandırılması üçün istifadə edilə bilər, öldürülən şəxsin “öldürülməyə layiq olduğu” səbəb gətirilə bilər. Parlament İran hökumətini çağırır ki, ölkənin daxilində və xaricində qətllərə çağıranlar, qətlləri planlaşdıranlar, yaxud icra edənlərin ədalət məhkəməsinə cəlb olunması təmin edilsin. Qətnamədə İran hökumətindən istənilir ki, Rafiq Tağının qətli ilə bağlı istintaqda Azərbaycan hökuməti ilə əməkdaşlıq etsin, İran ruhanilərinin ölkə daxilində, yaxud başqa dövlətin ərazisində kiminsə qətlinə çağırmasının qarşısını alsın. Azadlıq Radiosu