Avropa Parlamentinə sualım var

Avropa Parlamentinə sualım var
Bütün Xəbərlər
03:03 16.06.2013
1978
Tural Əliyev"Baku Post" qəzetinin təsisçisiAdım və soyadım Tural Əliyevdir. Azərbaycan Respublikasının vətəndaşıyam. İstəyirəm ki, Avropa Parlamenti mənimlə bağlı qətnamə qəbul etsin.
Çünki mən 20 ildən çoxdur ki, adi insan hüquqlarından məhrumam, öz doğma torpağıma getməyə qoymurlar. Mənə icazə verilmir ki, öz qohumlarımın məzarlarını ziyarət edim. Şəkillərdə görmüşəm ki, Əbülfət Qurbanov adlı dayımın qəbrini dağıdıblar, ora od vurulub, evimizi də söküb aparıblar, heç nə saxlamayıblar. İndi bu evi bir də tikmək istəyirəm. Qoymurlar. Təsəvvür edin, mənim öz ölkəmdə öz evimə yaxınlaşmağa ixtiyarım yoxdur, o tərəfə getsəm, güllə ilə vuracaqlar. Heç bir cinayət əməli törətməmişəm. Ali təhsilliyəm, sağlamlıq haqqında həkimdən arayışım da var. Mənim BMT-nin təsdiq etdiyi Azərbaycanın sərhədləri içərisində nə üçün sərbəst gəzməyə ixtiyarım yoxdur?Niyə mənim elementar insan hüquqlarım pozulur?
Hörmətli Avropa Parlamentinin deputatları!
Siz insan hüquqlarının pozulmasına görə məsuliyyət daşıyırsınız. Xahiş və tələb edirəm sizdən, mənimlə bağlı qətnamə qəbul edin. Valideynlərimin, nənəmin, babamın yalnız bir arzusu var ki, Ağdama qayıtsınlar. Övlad olaraq mən bu arzunu yerinə yetirə bilmirəm. Əlimdə BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsi var. Həmin qətnamədə öz doğma torpağıma getmək hüququm təsbit olunub. Mən bu sənədi sizə göstərəndə 1-ci sinifdə oxuyurdum, indi doktorantam. İki onillik keçib, hələ də siz bu sənədə baxmırsınız.
Axı, neyləməliyəm ki, siz mənimlə bağlı qətnamə qəbul edəsiniz? Hüquqlarının pozulduğunu iddia edən İlqar Məmmədovla əlaqədar yığışıb qətnamə qəbul etmisiniz, işinizə qarışmaq kimi çıxmasın, bəs, mənimlə bağlı niyə etmirsiniz? Axı, mənim hüquqlarımın pozulduğunu iddia etməyə ehtiyac belə yoxdur, hər şey göz qabağındadır. Qarabağ 20 ildən çoxdur ki, işğal altındadır.
Əslində, sizə çox sözüm var. Hələ ki, bir sualıma cavab verin. Niyə mənim hüquqlarımı qorumursunuz? Bu cavabı tək mən yox, öz doğma torpaqlarından qaçqın və məcburi köçkün halına düşən 1 milyondan çox azərbaycanlı da gözləyir. Sükutunuz 20 ili keçib. Onların hamısının adından sizə müraciət edirəm: cavab verin, cənablar!
OXŞAR XƏBƏRLƏR