Azərbaycan Avropa İttifaqı ilə viza rejiminin sadələşdirilməsində maraqlıdır. Rəsmi Bakı bu istiqamətdə qarşılıqlı addımların atılmasına hazır olduğunu bəyan edib.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bu barədə litvalı həmkarı Kestutis Budrislə Bakıda keçirdiyi birgə mətbuat konfransında danışıb.
Nazir bildirib ki, Azərbaycan Avropa İttifaqına üzv ölkələrin vətəndaşları üçün viza rejimini artıq sadələşdirib və bütün məhdudiyyətlərin aradan qaldırılmasına da hazırdır.
Mövzu ilə bağlı AZXEBER.COM-a danışan politoloq Tural İsmayılov bildirib ki, Azərbaycanla Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır:
"Azərbaycan və Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi məsələsi münasibətlərin inkişafı baxımından mühüm siyasi və humanitar əhəmiyyət daşıyır. Xarici işlər naziri Ceyhun Bayramovun litvalı həmkarı Kestutis Budrislə görüşündə bu məsələnin gündəmə gətirilməsi, Litvanın təşəbbüsə dəstək ifadə etməsi yeni diplomatik imkanlar yaradır. Xüsusilə Litvanın 2027-ci ilin birinci yarısında Avropa İttifaqı Şurasına sədrlik edəcəyini nəzərə alsaq, bu istiqamətdə müzakirələrin irəliləməsi üçün əlverişli siyasi zəmin formalaşır.
Azərbaycanın bu məsələdə mövqeyi kifayət qədər əsaslıdır. Ölkəmiz Avropa ilə münasibətlərini enerji təchizatı, nəqliyyat, ticarət və təhlükəsizlik sahələrində konkret əməkdaşlıq üzərində qurub. Avropanın enerji təhlükəsizliyində Azərbaycanın artan rolu, Cənub Qaz Dəhlizi, Orta Dəhliz və Şərq-Qərb bağlantılarındakı strateji mövqeyimiz münasibətlərin miqyasını göstərir. Belə bir tərəfdaşlıq fonunda insanlar arasında sərbəst təmasların genişləndirilməsi də münasibətlərin təbii inkişaf istiqamətidir".

Politoloqun sözlərinə görə, viza prosedurlarının sadələşdirilməsi yalnız turist səfərlərinin deyil, təhsil, elm və biznes əlaqələrinin də genişlənməsinə şərait yarada bilər:
"Burada söhbət sadəcə turist səfərlərinin asanlaşdırılmasından getmir. Azərbaycanlı tələbələrin Avropa universitetlərində təhsil alması, alimlərin elmi mübadilələrdə iştirakı, sahibkarların biznes əlaqələri qurması, jurnalistlərin və mədəniyyət nümayəndələrinin qarşılıqlı səfərləri daha geniş əməkdaşlıq imkanları yaradır. Viza prosedurlarının sadələşdirilməsi bu əlaqələrin inkişafına ciddi töhfə verə bilər.
Xüsusi diqqət çəkən məqamlardan biri Azərbaycanın bu məsələyə qarşılıqlı yanaşmasıdır. Ceyhun Bayramovun bəyan etdiyi kimi, Azərbaycan Avropa İttifaqı ölkələrinin vətəndaşları üçün viza məhdudiyyətlərini tamamilə aradan qaldırmağa hazırdır. Bu, Bakının münasibətlərin qarşılıqlı etimad və bərabərhüquqlu əməkdaşlıq əsasında inkişafına verdiyi önəmi nümayiş etdirir".
Tural İsmayılov qeyd edib ki, viza rejiminin sadələşdirilməsi Azərbaycanın Avropa ilə tərəfdaşlığının humanitar və ictimai istiqamətlərini də gücləndirə bilər:
"Azərbaycan artıq beynəlxalq münasibətlərdə etibarlı tərəfdaş, mühüm enerji və tranzit mərkəzi, müstəqil siyasi qərarlar qəbul edən dövlət kimi öz mövqeyini möhkəmləndirib. Avropa İttifaqı ilə viza rejiminin sadələşdirilməsi də bu tərəfdaşlığın ictimai və humanitar ölçüsünü genişləndirə bilər.
Məncə, bu məsələnin əhəmiyyəti Azərbaycanın Avropa ilə münasibətlərinin yeni mərhələyə keçməsi kontekstində qiymətləndirilməlidir. Azərbaycan artıq Avropa üçün sadəcə enerji resursları və tranzit imkanları təqdim edən ölkə deyil. Ölkəmiz Cənubi Qafqazda siyasi sabitliyin, regional bağlantıların və iqtisadi əməkdaşlığın əsas iştirakçılarından biridir. Viza prosedurlarının sadələşdirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun və Avropa ilə çoxşaxəli tərəfdaşlığının daha bir mühüm göstəricisi olacaq".
Fəridə Əsədzadə










































