Avtobus sürücülərinin narazılığı böyüyür

Avtobus sürücülərinin narazılığı böyüyür
Bütün Xəbərlər
16:38 05.09.2011
3346
Maştağa və Buzovna qəsəbələri istiqamətində işləyən 7 saylı marşrutda gündəlik planın aşağı salınması tələbi ilə bağlı narazılıqlar səngimək bilmir. Belə ki, 35 nəfərə yaxın narazı sürücü hələ də üzləşdikləri problemlə əlaqədar yuxarı qurumlara şikayət etməkdə davam edirlər. İndiyədək sürücülər bir neçə dəfə etiraz aksiyası keçirsələr də, rəhbərlik palanı aşağı salmayacaqlarını bildirib. Bu barədə “Yeni Müsavat”a narazı sürücülərdən biri məlumat verib. Onun sözlərinə görə, artıq 10 gündür ki, şikayət etmədikləri qurum qalmayıb: “ Amma şikayətimizi eşidən yoxdur. Məlum olduğu kimi, ötən ayın sonlarında işlədiyimiz marşrutda gedişhaqları 10 qəpik aşağı salınıb. İndi metronun ”Əzizbəyov" stansiyasından Buzovna qəsəbəsinə sərnişinləri 30 qəpiyə aparırıq. Amma bununla belə, gündəlik plana toxunulmayıb. Hazırda plan 114 manatdır. Bundan əlavə, hər gün 50-55 manatlıq “salyarka” alırıq. İndi Maştağa qəsəbəsinədək gediş haqqı 25 qəpik, Buzovna qəsəbəsinədək isə 30 qəpik olub. Əvvəllər bu rəqəm 30-40 qəpik idi. Gedişhaqqının aşağı salınması sözün düzü bizi qane etmir. Tələbimiz budur ki, avtobuslara qoyulmuş gündəlik plan 25 faiz endirilsin. Əks halda, bizim marşrutda işləməyimiz qeyri-mümkün olacaq “. Mənbə eyni zamanda sürücülərin Nurəddin adlı ”qaraj" rəisi ilə danışıqlar apardıqlarını da diqqətə çatdırdı: “ Nurəddin müəllim bizə bildirdi ki, bu barədə yuxarılara müraciət etmək lazımdır. Əks halda planı ödəməyən sürücülərə əməkhaqqı verilməyəcək”. Amma sürücülər bununla razılaşmayıb. Onların fikrincə, idarənin rəhbərliyi planı 75 manata endirməlidir: “Bizim də ailəmiz var. Belə getsə aç qalacağıq. Nə maaş verirlər, nə də planı aşağı salırlar”. Narazı sürücülər həmçinin rəhbərliklə aralarında bağlanmış əmək müqaviləsinin tələblərinin dəyişdirilməsini də tələb edirlər. Xatırladaq ki, metronun “Əzizbəyov” stansiyasından Buzovna qəsəbəsinə gedən 7 saylı avtobusda gedişhaqqının 40 qəpik olması ilə bağlı dəfələrlə Tarif Şurasına şikayət daxil olub. Şikayətçilər ərizələrində Bakı ətrafı qəsəbələrə işləyən marşrutlarda Tarif Şurasının tələblərinə əməl olunmadığını bildiriblər. Bu məqsədlə ötən ay İqtisadi İnkişaf Nazirliyinin əməkdaşları 31 və 7 saylı marşrutlarda yoxlamalar keçirib. Məlum olub ki, Tarif Şurası Buzovna qəsəbəsinə gediş haqqını 30 qəpik müəyyənləşdirdiyi halda 7 saylı marşrutun sürücüləri vətəndaşlardan 40 qəpik alıb. Qeyd edək ki, Müstəqil Nəqliyyatçılar Birliyinin sədri Natiq Ələkbərov da sözügedən məsələ ilə bağlı yuxarı qurumlara müraciət edib. Deyilənlərlə razılaşmayan 7 saylı marşrutun sürücüləri isə qiymətləri onlar yox, Nəqliyyat Nazirliyinə məxsus “Transqeyt” MMC-nin qaldırdığını iddia edirlər. /// Yeni Musavat 
OXŞAR XƏBƏRLƏR