İctimai nəqliyyat gündəlik həyatımızın ayrılmaz hissəsidir. Lakin sıxlıq, tıxaclar və yorğunluq fonunda bəzi sərnişinlərin davranışları yolçuluğu daha da dözülməz edir.
AZXEBER.COM ictimai nəqliyyatda ən çox edilən etik səhvləri təqdim edir:
Sürücü ilə gediş haqqı mübahisəsi:
Avtobusa minərkən kartda balansın olmaması və ya gediş haqqını ödəyərkən yaranan lazımsız ləngimələr arxadakı sıranı və avtobus qrafikini saxlayır.
Yolu kəsib qapı ağzında durmaq:
İçəridə boş yerlər olduğu halda, sırf düşəcəyi dayanacağı bəhanə edərək qapının ağzında dayanmaq və digər sərnişinlərin keçidinə mane olmaq.
Yüksək səslə telefonla danışmaq:
Şəxsi həyatı, ailə münaqişələrini və ya iş məsələlərini bütün avtobusun eşidəcəyi tonda müzakirə etmək.
Qulaqlıqsız videolara baxmaq və ya musiqi dinləmək:
Sosial şəbəkələrdə (TikTok, Reels) gəzərkən səsli videoları yüksək tonla izləyərək ətrafdakıları narahat etmək.
Düşənlərə yol vermədən minməyə çalışmaq:
Nəqliyyat dayanacağa yaxınlaşanda daxildəki sərnişinlərin enməsini gözləmədən içəri tələsmək.
Çantaları oturacağa və ya başqasının üstünə qoymaq:
Böyük arxalıq çantalarını (ryukzak) çiynindən çıxarmayaraq sıxlıqda insanlara vurmaq və ya yan oturacağı çanta ilə zəbt etmək.
Şəxsi sərhədlərə riayət etməmək:
Başqasının telefon ekranına baxmaq, lazımsız yerə söhbətə qoşulmaq və ya fiziki məsafəni gözləməmək.
Şəxsi gigiyena qaydalarına diqqət etməmək:
Kəskin ətir, tütün və ya tər qoxusu ilə nəqliyyata minərək qapalı məkanın havasını korlamaq.
Nəqliyyatda yemək yemək:
Kəskin qoxulu qidaları avtobusda yemək həm təmizlik, həm də digər sərnişinlərin rahatlığı baxımından narahatlıq yaradır.
Şahanə Ziyad











































