Ayaz Əhmədovdan Turan İbrahimova sərt cavab (KÖŞƏ)

Ayaz Əhmədovdan Turan İbrahimova sərt cavab (KÖŞƏ)
KÖŞƏ
19:45 26.03.2011
2823

  AZXEBER.COM-a gələn şərhlərə əsasən deyə bilərik ki, yazı bir çox oxucunu hiddətləndirib. Belə oxuculardan biri də Ayaz Əhmədovdur. İxtisasca hüquqşünas olan Ayaz bəy Turana köşə yazısı ilə cavab verib. Həmin yazını olduğu kimi təqdim edirik.

 Azərbaycan Respublikasının Konstitusiyası barədə danışan insanların bu kiçik qanunvericilik aktının oxuması nə qədər cəfəngiyatın qarşısını ala biləcəyini düşünərək bir qərara gəldim. Sözün döğrusu bu qərarıma səbəb siyasətlə məşqul olmaq istəyim deyil, eks-aparıcı və Milli Məclisə eks-namizəd Samir (Turan) İbrahimovun məqaləsi oldu. Həmin məqalənin məzmunu Azərbaycan Dövlətinin maraqlarının müdafiəsi fonunda Eynulla Fətullayevin jurnalistika fəaliyyətini pisləmək və bu fəaliyyətin nəticələri barədə lovğa sözlər işlətmək idi. Azərbaycan Respublikasının vətəndaşı və hüquqşünas kimi şəxsən mən də cənab Fətullayevin siyasi baxışlarını bölmürəm və radikal jurnalistikanın əleyhinəyəm. Mən Azərbaycan Respublikasının mövcud hakimiyyətini müsbət xarakterizə edə biləcək bir çox faktları da danmaq istəmirəm. Dünyada baş verməkdə olan siyasi hadisələrdən sonra ölkəmizdə gedən ciddi islahatları da görüb gələcəyə ümidlə baxıram. Lakin buna görə biz vətəndaşlar heç kimə təşəkkür etməməliyik. Atılan bütün inkişafa yönəlmiş addımlar – demokratik, dünyavi, unitar respublikanın vətəndaşları olan Azərbaycanlıların haqqıdır. 

 

(Vacib məlumat: Mən siyasətlə məşqul olmuram, heç bir siyasi hərəkatın və partiyanın üzvü deyiləm, heç bir siyasi baxışları dəstəkləmirəm. Mən ağı ağ, qaranı qara deyən bir sadə hüquqşünasam.)

Başlayım ondan ki, Samir İbrahimov kimi efirdən uzaqlaşdırılmış aparıcının şəxsi fikirlərinin ictimailəşdirilməsi üçün hüquqi və siyasi savadının olması zəruridir. Gəlin diqqətimizi sözü gedən məqalədə Samir İbrahimovun “Dövlətimizin daxili və xarici siyasətinin, milli maraqlarının qarantı, siyasi sahibi Azərbaycan hökumətidir, iqtidardır” cümləsinə yönəldək. Zənnimcə “hökümətidir” deyəndə cənab İbrahimov dövlətidir yazmaq istəmişdir, lakin məişət söhbətlərində “dövlət”lə “hökümət” sözünün eyni mənada işlədilməsi adət halı alıb deyə, insanlar buna göz yumdu. Əslində isə Azərbaycan höküməti – Azərbaycan Respublikasının Prezidentinin yuxarı icra orqanı, Nazirlər Kabinetidir. Bu yerdə fikir müəllifinə Azərbaycan Respublikasının Konstitusiyasını oxumağı məsləhət görməklə yanaşı, Azərbaycan Respublikasında hakimiyyətin mənbəyinin xalq olduğunu və bu Konstitusiyada 47-ci maddə kimi (bəzən diqqətdən uzaq qalan) normanın olmasını xatırlatmaq istərdim. Qeydə aldığım ikinci kobud səhv isə bu cümlə ilə bağlıdır: “Biz ilk öncə yaşadığımız dövlətin atributlarına hörmət etməliyik, sahib çıxmalıyıq və tabe olmalıyıq”. Orta məktəbdə oxuyan şagirdlərində əksəriyyəti bilir ki, dövlətin atributları Dövlət Bayrağı, Dövlət Himni və Dövlət Gerbidir. Bu kontekstdə kimin və necə Azərbaycan Respublikasının Dövlət attributlarına hörmətsizlik etməsi də iri bir sual altında qaldı. Mən hələ dövlət atributlarına tabe olmağın necə baş verməsini və sahib çıxma məhfumunun nə səbəbdən işləndiyi barədə danışmaq istəmirəm. Belə dilevma qarşısında qalıram ki, ya bu fikirdə dərin fəlsəfi məna var, ya da cəfəngiyyatdan başqa bir şey deyil.

 Gəlin Eynulla Fətullayevə mövcud hakimiyyətin simpatizanı kimi deyil, adi Azərbaycanlı kimi yanaşaq. O, Azərbaycan Xalqına qarşı cinayət törətməyib, ölkəmizin parçalanmasına cəhd etməyib, hakimiyyəti mənimsəmək istəməyib və Azərbaycanlı adına xələl gətirəcək namussuzluğa yol verməyib. İddia olunur ki, "Realnı Azerbaydjan" qəzetində yerləşdirilən, ABŞ-ın İrana hərbi təcavüzü ilə bağlı ehtimalların səsləndirildiyi məlumatlardan sonra, bu Azərbaycanda işləyən xarici ölkə vətəndaşlarında və beynəlxalq qurumlarda təşviş yaratmışdır. Halbuki iri beynəlxalq təşkilar olan Amnesty İnternational E.Fətullayevin azadlığa buraxılması ilə əlaqədar Prezident İlham Əliyevə məktub ünvanlanmışdır və Avropa İnsan Hüquqları məhkəməsi sözü gedən jurnalistin dərhal azadlığa buraxılması qərarını çıxarmışdır. Siyasi qüvvə olan müxalifət - dünyanın bütün normal dövlətlərində mövcuddur. Dövlətin yalnış hərəkətlərini və ya hərəkətsizliklərini ictimailəşdirən və real mənzərəni əks etdirən yazarların olması cəmiyyət üçün vacibdir. Lakin bu tənqidlərin də müəyyən formatı, çərçivəsi vardır ki, onların pozulması - artıq içilən suyu xatırladır. Bəli, Eynulla Fətullayev “barıt”ı çox qoydu və nəticə ürəkaçan olmadı... Onun müdafiəsinə qalxan beynəlxalq təşkilatların hesabatlarında Azərbaycanda İnsan Hüquqlarının müdafiə səviyyəsini əks etdirən göstəricilər aşağı düşdü, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyansının tələbləri pozulməsı və Azərbaycan Respublikasının Avropa şürası qarşısında götürdüyü öhdəliklərinin icra olunmaması ehtimalı ortaya çıxdı, intellekti zəngin olan gənc azərbaycanlı jurnalist uzun müddət həbsxanada qaldı və s. 

 Növbəti diqqətimi çəkən cəfəngiyyat “Beynəlxalq qurumlara üzv olmamız, konvensiyalara qoşulmamız, ölkəmizin suverenliyindən əl çəkməmiz, onlara təhvil verməmiz demək deyildir! Çox təəssüf ki, Eynulla Fətullayev bunu gec anladı. Artıq hər kəs, gec olmadan bunu anlasın və qəbul etsin...” yazılan abzas oldu. Ey hüquqdan anlayışı zəif olan insan, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə Azərbaycan Respublikasının Qanunları arasında ziddiyyət yaranarsa, beynəlxalq müqavilələr tətbiq edilir. Azərbaycan Avropa Şurasının üzvüdür və «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyansına tərəfdar çıxıb. Bu konvensiyaya tərəfdar çıxmağa Azərbaycan Respublikasını heç kim məcbur etməyib və istədiyi vaxt ondan imtina da edə bilər. Bu səbəbdən suverenliyimizi risk altında qoymamışıq, lakin Konvensiyanın tələblərini yerinə yetirmək öhdəliyi götürmüşük (Lətif Hüseynovun “Beynəlxalq Hüquq” kitabını oxumaq lazım idi). Adı çəkilən konvensiyanın müdafiə mexanizmi olan “Avropa İnsan Hüquqları Məhkəməsi”nin qərarı dolayısı ilə icra olunmadı. Bu mövzuda ölkəmizin zərrə qədər də olsa imicinə dəymiş zərərə görə məsuliyyət təkcə dövlətin üzərində deyil, həm də siz jurnalistlərin üzərindədir. Həbsdə olan həmkarınızın arxasında beynəlxalq təşkilatlardan öncə siz azərbaycanlı jurnalistlər durmalı idiniz. Lakin arxasıza arxa olmağı istəmədiniz (bəzi jurnalistlərə ünvanlanır). Bu yerdə isə atalarımızın məsəlini xatırladım: Arxalıya arxa olma, deməsinlər yamağdır, arxasıza arxa ol ki, desinlər dayaqdır. Bütün dövrlərdə saray şairləri, düvlətin güclü olması səbəbindən ona tərif deyən və haqqa göz yumanlar olub və onların sözlərindən cəmiyyət tez doyub (çünki belələri çoxdur, çoxluq isə “Toxluqdur”). 

 Azərbaycan Respublikasını vətəndaşı kimi mən dövlətimizdən özümə görə razıyam. Buna səbəb odur ki, həqiqətən də savadlı və qabiliyyətli insanlara müəyyən şəraitlər yaradılmışdır və bundan bəhrələnənlər arasında mən də varam. Lakin məhkəmə hakimiyyətinin təşkilində olan ciddi problemlər, televiziyada nümayiş olunan sosial problemlərin olması və digər bəlli məsələlər ürəyimi sıxır. Eynulla Fətullayevin jurnalistika fəaliyyətinə kənardan baxırdım və hazırda həbsdə olmasına qarşı çıxıram. O, həbsxanada anasını bıçaqlamış, 5 yaşında qızı zorlamış murdarlarla bir yerdə cəza çəkməyə layiq olan birisi deyildir. Unutmayaq ki, Şeyx Şamil kimi Rus orudusunu darmadağın etmiş düşmən - II Aleksandr tərəfindən hörmətli qonaq kimi qarşılandı və hətta həcc ziyarətinə göndərildi. Əsrlər keçdi, dövr dəyişdi, amma bu humanizm tarixdə qaldı. 50 ildən sonra isə bəzi riakar jurnalistlərin adının nə dəftərində olacağını düşünməyə dəyər.

Səmimi qəlbdən mən və məni kimi düşünən minlərlə Azərbaycanın intellektual gəncləri ümid edirik ki, Prezident İlham Əliyev həbsdə olan jurnalistin azadlığa buraxılması üçün onu əfv edəcək. Yaxşı xatırlayıram ki, Azərbaycan Xalqına qarşı ən ağır cinayətlərə görə uzun müddət həbs cəzası almış şəxsləri də cənab Prezident humanistlik göstərərək əfv etmişdi. Jurnalist Fətullayev azadlığa çıxarsa, biz gənclər də demokratiyanın hökm sürdüyü ölkədə yaşadığımıza əmin olarıq...

Hüquqşünas Ayaz Əhmədov

 p.s. Qarşı tərəfin də fikrini yayımlamağa hazırıq...


OXŞAR XƏBƏRLƏR