Azərbaycanda son illər hissə-hissə ödənişlə alış-verişə maraq artıb.
Bir çox vətəndaş məişət texnikası, elektronika, mebel və digər məhsulları birdəfəlik ödəniş etmək əvəzinə taksitlə almağa üstünlük verir. Lakin bu üsul bəzi hallarda ailə büdcəsinə əlavə maliyyə yükü yarada bilər.
Taksitlə alış-verişin sərfəli olub-olmaması, aylıq ödənişlərin ailə büdcəsinə təsiri və vətəndaşların bu zaman diqqət etməli olduqları məqamlar müzakirə mövzusudur.
Mövzu ilə bağlı AZXEBER.COM-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, taksitlə alış-veriş bəzi hallarda vətəndaşların büdcəsinə ciddi yük yarada bilər:
"Lakin taksitin mənfi tərəfi ondan ibarətdir ki, aylıq ödənişlər əvvəlcə kiçik görünür, amma bir neçə alış-veriş üst-üstə düşəndə ailənin gəlirinin əhəmiyyətli hissəsini əhatə edə bilər. İnsan eyni vaxtda telefon, televizor, mebel və məişət texnikası alırsa, hər bir məhsul üzrə ayrıca ödəniş məbləği az görünsə də, onların cəmi büdcəyə ciddi yük yaradır. Nəticədə ərzaq, kommunal xidmətlər, nəqliyyat və digər zəruri xərclər üçün vəsait azalır.
Digər risk istehlakın süni şəkildə artmasıdır. İnsan nağd pul ödəmədiyi üçün məhsulun real dəyərini və öz maliyyə imkanlarını əvvəlki qədər ciddi qiymətləndirməyə bilər. Bəzən ehtiyac olmadığı halda belə, reklamlar və əlçatan taksit imkanları insanı əlavə alış-verişə sövq edir. Bu isə gələcək aylarda əldə ediləcək gəlirin artıq indidən xərclənməsi deməkdir”.
İqtisadçı qeyd edib ki, hissə-hissə ödənişlə alış-veriş zamanı məhsulun nağd qiyməti ilə taksit üzrə ümumi qiymətini müqayisə etmək vacibdir:
"Bəzən "faizsiz taksit" kimi təqdim edilən təkliflərdə əlavə xidmət haqqı, komissiya və ya başqa xərclər ola bilər. Buna görə yalnız aylıq ödənişə deyil, müqavilənin sonuna qədər ödəniləcək ümumi məbləğə baxmaq lazımdır.
İkinci vacib məsələ ailənin aylıq büdcəsinin əvvəlcədən hesablanmasıdır. Gəlirdən ərzaq, kommunal xidmətlər, nəqliyyat, dərman və digər zəruri xərclər çıxıldıqdan sonra qalan vəsait müəyyənləşdirilməlidir. Taksit ödənişləri gəlirin hamısını deyil, yalnız ailənin rahatlıqla qarşılaya biləcəyi hissəsini əhatə etməlidir. Gözlənilməz xərclər və gəlirin müvəqqəti azalması ehtimalı da nəzərə alınmalıdır”.
Akif Nəsirli vurğulayıb ki, müqavilə şərtləri və ödənişlərin gecikdirilməsi ilə bağlı mümkün nəticələr də diqqətdə saxlanılmalıdır:
"Ödəniş vaxtında edilmədikdə əlavə faiz və digər hüquqi nəticələr yarana bilər. İstehlak krediti müqavilələrində faktiki illik faiz dərəcəsi, bütün əlavə ödənişlər, gecikmə faizləri və ödəniş qrafiki barədə məlumatlar nəzərdə tutulmalıdır.
Bundan başqa, vətəndaşlar eyni vaxtda çoxsaylı taksit öhdəlikləri götürməkdən çəkinməli, müqavilənin surətini saxlamalı və məhsulun zəmanət, dəyişdirilmə və geri qaytarılma şərtlərini əvvəlcədən öyrənməlidirlər. Məhsulun qiyməti və ödəniş şərtləri aydın deyilsə, müqavilə bağlamağa tələsməmək daha düzgündür”.
Fəridə Əsədzadə











































