Aynişan Quliyeva: 'Hiss edirem ki, gənclər əllərini Qarabağdan üzüblər'

MƏDƏNİYYƏT
17:40 18.01.2012
3729

“Vətən mənə oğul desə nə dərdim”

Bu gün Azərbaycan gənclərinin vətənpərvərlik ruhunda tərbiyəsi və gənclər arasında milli-mənəvi dəyərlərin təbliği məqsədilə “Vətən mənə oğul desə nə dərdim” adlı təbliğat aksiyasına başlanıb.

AZXEBER.COM-un məlumatına görə, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında aksiyanın açılış mərasimi və Qarabağ döyüşlərində qəhrəmancasına həlak olmuş şəhid, “Vətən uğrunda” medalı ilə təltif edilmiş Xalid Quliyevin həyatından və döyüş yolundan bəhs edən “Ölümsüzlər” filminin nümayişi ilə bağlı tədbir keçirilib.

Tədbirdə millət vəkili Qənirə Paşayeva, polkovnik leytinant Yavər Orucov, xalq artisti Zaur Rzayev, tarzən Ramiz Quliyev, Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev, hərbi jurnalist, yazıçı Roza Əliqızı və başqa qonaqlar iştirak edib.

Filmin baş rol ifaçısı, gənc müğənni Aynişan Quliyeva tədbirin gənclər üçün önəmindən danışıb: “İlk növbədə “İslahatçı Gənclər” İctimai Birliyinə təşəkkür edirəm. Çünki mən də hiss edirəm ki, gənclər əllərini Qarabağdan üzüblər. Düşünürlər ki, Qarabağ geri qayıtmayacaq. Ancaq belə tədbirlər onların vətənpərvərlik hissini daha da gücləndirir”.

“İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı isə bugünkü tədbirin gənclərin milli vətənpərvərlik ruhda yetişdirilməsi üçün daha böyük gücə malik olduğunu söyləyib: “Bildiyiniz kimi, Azərbaycan müharibə şəraitində yaşayır. Torpaqlarımızın 20%-i düşmən tapdağı altındadır. Belə bir məqamda Azərbaycan ordusunun güclənməsi, maddi - texniki bazasının təkminləşdirilməsi ilə yanaşı Azərbaycan gəncləri arasında hərbi vətənpərvərlik ruhunun təbliğinə çox böyük ehtiyac var”.

Respublikanın əməkdar artisti Aybəniz Haşımovada tədbirdə iştirak edənlər arasında olub. Mərhumun həyat yoldaşı, Aybəniz Haşımova öz növbəsində tədbirin əhəmiyyətindən danışıb: “Bu çox böyük bir addım, çox böyük bir işdir. Vətənpərvər ruhda gənclərin, tələbələrin, uşaqların yetişməsində bu aksiyanın önəmli rolu var. Biz hər birimiz bu işdə İslahatçı Gənclərə, Fərid Şahbazlıya dəstək olmalıyıq”.

Ozal İbrahimli

OXŞAR XƏBƏRLƏR