Noyabrın 11-də Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova və Xalq artisti Fəxrəddin Manafovun Laçın rayonuna səfəri çərçivəsində "Laçından keçən ulduzlar” adlı yaradıcılıq gecəsi keçirilib.
AZXEBER.COM xəbər verir ki, görkəmli sənət xadimlərinin səfəri Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Qarabağ Dirçəliş Fondunun dəstəyi, "Hocazfilm” kinostudiyasının dəvəti ilə təşkil olunub.
Yaradıcılıq gecəsində Laçın rayon ictimaiyyətinin nümayəndələri, rayon sakinləri və Qarabağ Universitetinin tələbələri iştirak ediblər.
Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov salamlama nitqi ilə çıxış edərək qeyd edib ki, "Laçından keçən ulduzlar” layihəsi Laçının mədəni həyatına yeni nəfəs gətirmək, sənətin müxtəlif nəsillər arasında yaratdığı mənəvi körpünü möhkəmləndirmək təşəbbüsü kimi davam etdiriləcək. O, belə görüşlərin tanınmış sənət adamlarının yaradıcılıq təcrübəsinin gənc nəslə çatdırılması ilə yanaşı, Laçının zəngin mədəni irsinin təbliği baxımından da əhəmiyyətini vurğulayıb.
Tədbir zamanı kino sənəti, milli kinematoqrafiyanın inkişafı, sənətin cəmiyyətə təsiri və gənclərin yaradıcılığa marağının artırılması kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb. Xalq artistləri Şəfiqə Məmmədova və Fəxrəddin Manafov sənət və yaradıcılıq təcrübələrini bölüşüb, iştirakçıların suallarını cavablandırıblar.
Görüş iştirakçılarının sualları arasında aktyorların canlandırdıqları obrazlar, şəxsi seçimləri və həyata baxışları ilə bağlı suallar da xüsusi maraq doğurub.
Söhbət zamanı 2026-cı ildə ilk dəfə təşkil olunan Laçın Beynəlxalq Film Festivalının təəssüratları və nəticələri də müzakirə edilib. Festivalın Laçının mədəni həyatına verdiyi töhfə, kino sənətinin bölgədə təbliği və yaradıcı mühitin formalaşdırılması baxımından əhəmiyyəti vurğulanıb.
Həmçinin qarşıdan gələn II Laçın Beynəlxalq Film Festivalının təşkili, proqramı və əhatə dairəsinin genişləndirilməsi ilə bağlı sənət adamlarının fikir və təklifləri dinlənilib.
Yaradıcılıq gecəsinin bədii hissəsində Laçın şəhər Uşaq Musiqi Məktəbinin müəllimi Sevil Ağayeva musiqi nömrələri ilə çıxış edib.
Sənət söhbətləri, maraqlı suallar, xoş xatirələr və musiqi nömrələri ilə yadda qalan yaradıcılıq gecəsi iştirakçılara unudulmaz anlar yaşadıb.











































