“Azərbaycan kinosu üçün 9 milyon manat çox azdır” – Rejissordan etiraz

“Azərbaycan kinosu üçün 9 milyon manat çox azdır” – Rejissordan etiraz
MƏDƏNİYYƏT
16:51 13.11.2026
140
"2027-ci ilin dövlət büdcəsinin layihəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində Kino Agentliyinin və Dövlət Film Fondunun saxlanılması üçün 3,1 milyon manat vəsait proqnozlaşdırılıb”.

Bunu maliyyə nazirinin müavini Himalay Məmişov Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

O bildirib ki, Azərbaycan kinosunun davamlı inkişafının təmin edilməsi ilə bağlı 9 milyon manat vəsait proqnozlaşdırılıb.

Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlamasında Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibi, rejissor və prodüser Türkan Hüseyn bildirib ki, Azərbaycan kinosu üçün 9 milyom çox azdır:

"Azərbaycan kinosunun inkişafı və dünya kinosu ilə rəqabət apara bilməsi üçün ayrılan 9 milyon manatlıq büdcə olduqca azdır. Əgər məqsədimiz dünya kino sənayesinə çıxmaq və beynəlxalq səviyyədə rəqabət aparmaqdırsa, bu məbləğ həmin hədəflərə çatmaq üçün kifayət etmir. Büdcə vəsaiti təkcə filmlərin çəkilişinə ayrılmır. Ölkədə keçirilən festivallar, xarici ölkələrdə təşkil olunan kino festivallarında iştirak üçün səfərlər və digər istiqamətlər də var. Bu, kifayət qədər geniş mövzudur. Kinolarımızın inkişafı üçün yeni bir sistem icad etməyə ehtiyac yoxdur. Türkiyə və Özbəkistan kimi ölkələrin təcrübəsinə baxmaq, onların kino sahəsində vəsaitləri hansı istiqamətlərə xərclədiyini öyrənmək və oxşar mexanizmləri Azərbaycanda da tətbiq etmək olar. Mənim fikrimcə, Azərbaycanda həm çəkilən filmlərin, həm də kinoteatrların sayı azdır. Ölkədəki ekran sayı və film istehsalının həcmi də diqqət yetirilməli məsələlərdəndir”.

Aynur Babazadə
OXŞAR XƏBƏRLƏR