Bakı Slavyan Universitetində (BSU) jurnalistika fakültəsi yaradılıb.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, BSU-nun mətbuat xidmətindən verilən məlumata görə, bu zamana kimi filologiya fakültəsinin nəzdində fəaliyyət göstərən Jurnalistika və Azərbaycan filologiyası şöbələri artıq ayrıca fakültə olacaq. Universitetin Jurnalistika və Azərbaycan filologiyası fakültəsinin açılması barədə Təhsil Nazirliyinə etdiyi müraciət nazirlik tərəfindən müsbət cavablandırılıb və BSU-da jurnalistika fakültəsi yaradılb. BSU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor Kamal Abdullayev bu hadisəni belə qiymətləndirib: “Bu bizim son illərdə jurnalist kadrlari yetişdirmək istiqamətində gördüyümüz işlərin məntiqi davamıdır. Məqsədimiz model rolunu oynaya biləcək, müasir jurnalistikanın çağırışlarına cavab verən fakültə yaratmaq və peşəkar jurnalistlər yetişdirməkdir”.
Yeni fakültədə müasir texnologiyaların və innovasiyaların tədris prosesinə tətbiqində BSU-nun “Heydər Əliyev məktəbi” tələbə teleradio-studiyasının, “Tədrisdə Yeni Texnologiyalar və İnnovasiyalar” və “Fotojurnalistika”, “Türk-slavyan əlaqələri”, “Azərbaycanşünaslıq”, “Folklor araşdırmaları” laboratoriyalarının rolu böyük olacaq. Fakültədə yaradılmış “Yeni media və kommunikasiya texnologiyaları”, “Jurnalistika nəzəriyyəsi və təcrübəsi”, “Türkologiya”, “Azərbaycan ədəbiyyatı”, “Müasir Azərbaycan dili” kafedraları da tədris prosesinin təkmilləşməsini, tələbə gənclərin jurnalistika və filologiya sahəsində mükəmməl bilik və bacarıqlara yiyələnməsini təmin edəcək. Bu yaxınlarda BSU-da Avropa Şurasının “Azərbaycanda jurnalistika tədrisinin inkişafına dəstək” layihəsi icra olunub. Bolonya prosesinin tələblərinə uyğun olaraq yeni kurrikulum hazırlanıb, 10 fəndən 20-yə yaxın modul yazılıb və hazırda tədrisin bu kurrikulum üzərində tədricən yenidən qurulması prosesi gedir. Siyasi elmlər üzrə fəlsəfə doktoru, jurnalist Aynur Bəşirli fakültənin dekanı təyin olunub.