"Azərbaycan" iki məmuru kəskin tənqid etdi - MƏQALƏ
Bütün Xəbərlər
13:38 14.03.2011
1864
Prezident İlham Əliyevin sədrliyi ilə Bakı şəhərinin və paytaxtətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair keçirilən müşavirə ictimaiyyət arasında geniş rezonansa səbəb olmuşdur. Müşavirədə dövlət başçısının əhalini narahat edən bir sıra problemləri – süni qiymət artımlarını, inhisarçılığı, elektrik enerjisi və təbii qazla təchizatı, məşğulluğun təminatını və s. dilə gətirməsini, eləcə də onların həlli ilə bağlı əlaqədar qurumların rəhbərlərinə konkret tapşırıqlar verməsini əhali böyük razılıq və məmnunluqla qarşılamışdır.
Tədbirdə Prezident xüsusən Bakıətrafı qəsəbə və yaşayış massivlərinin əhalisinə daha çox əziyyət verən başqa bir problemdən də danışdı. Bu, həmin ərazilərin abadlıq və kommunal infrastrukturunun, yumşaq desək, günün tələblərinə cavab verməməsidir. “Qəsəbədaxili yollar bərbad vəziyyətdədir, bir çox hallarda torpaq yollarıdır, heç asfalt da yoxdur. Yağış, qar yağanda oradan keçmək mümkün deyildir. Dözülməz bir haldır. Bu, Bakı şəhərinin içidir, niyə elə olmalıdır?” – deyən Prezident tezliklə bu cür problemləri həll etmək üçün təxirəsalınmaz tədbirlərin görülməsinin vacibliyini bildirmişdir.
Ötən il rayon mərkəzlərinin birində təəccüblü və təəccüblü olduğu qədər də əcaib bir mənzərə ilə rastlaşdıq. Orta məktəb binasının damının şəhərin mərkəzi küçəsinə baxan hissəsi təmir edilmiş, arxa tərəfinə isə əl vurulmamışdı. Həmin an yadıma vaxtilə oxuduğum bir informasiya düşdü. Yazırdılar ki, Qərb ölkələrindəki ritual mağazalarında mərhumlar üçün satılan kostyumların ön və arxa tərəfləri müxtəlif materiallardan olur, yəni, tabutda görünən qabaq hissəsi bahalı, görünməyən kürək hissəsi isə ucuz parçadan tikilir.
Bakının dünyanın ən gözəl şəhərlərindən biri olduğunu təkcə biz demirik. Bəlkə də hər gün gördüyümüzdən və gördüyümüz üçün də gözlərimiz öyrəşdiyindən bu gözəllik bizim üçün adiləşib. Amma şəhərimizə heç olmazsa yolu bir dəfə düşən əcnəbilər Bakının füsunkarlığına, qeyri-adiliyinə biganə qalmırlar.
Doğrudan da, Azərbaycanın paytaxtı sıradan bir şəhər deyil. Bakıda tarix və müasirlik, Şərq və Qərb çulğalaşıb. Xüsusən, son illər şəhərin siması sürətlə dəyişir. Bu gün dünyanın modern arxitekturasında elə bir nümunə yoxdur ki, Bakıda izini qoymasın. Hətta şəhərin ən mühafizəkar sakinləri belə, qədim paytaxtın, sözün həqiqi mənasında, cavanlaşmasına heyran olmaya bilmirlər. Axı, çoxdan Bakının “vizit kartı” hesab edilən bulvarın bugünkü görkəmini, təzə salınan və müasirləşdirilən köhnə parkları, fəvvarələri, dünənəcən gözyoran binaların fasadlarının ətrafa uyğun yenidən qurulmasını, şüşə kimi hamar küçələri, prospektləri, gecələri gündüzə çevirən işıqlandırma sistemlərini və s. necə qiymətləndirməyəsən?!
Amma təəssüf ki, bunlar yalnız şəhərin mərkəzi hissəsinə aiddir. Mərkəzdən bütün istiqamətlərə 3-4 kilometr aralanan kimi elə bil, bayaqdan şəninə tərif qoşduğumuz şəhərdə deyilsən. Yasamal, mikrorayonlar, 8-ci kilometr, Əhmədli, Günəşli və adlarını çəkmədiyimiz digər ətraf əraziləri Bakıya bağlayan nə isə varsa, o da təzə yol ötürücüləri və bir də yan-yörəsi qışda dizəcən palçıq, yayda isə toz-torpaq olan yeni tikililərdir.
Bu yerlərdə küçələrə düz-əməlli asfalt da döşənmir. Döşədikləri də bir yağıntılıq olur. Yüngül bir yağış, yaxud su və kanalizasiya xətlərinin artıq adət etdiyimiz partlaması bəs edir ki, asfaltla birgə “çəkilən” xərci də yuyub aparsın! Üstəlik, qazıntılar! Qazıb nə basdırdıqları görünməsə də, ondan sonra küçələrə vurulan yamaqlar gözə girir. Hətta bəzən həmin yamaqlar ağır qəzaya səbəb olacaq qədər çökür də. Şəhərin mərkəzindəki çıraqbanlıqdan ətraf küçə və ərazilərdə əsər-əlamət belə yoxdur. ŞİH-nin od qiymətinə alıb quraşdırdığı işıq dirəkləri çoxdan öz təyinatı üzrə istifadə olunmur. Onlar indi daha çox yol polisinin radar və kameralarının quraşdırılması üçün yarayır.
Bakının ətraf ərazilərinin əhalini ən çox narazı salan problemlərindən biri də yarımçıq qalan, yaxud inşası illərlə uzanan tikililərdir. Həmin tikililərin əksəriyyəti yaşayış binalarıdır və onları inşa edən şirkətlərin bu vəziyyətə düşmələrinin səbəbi sayları qədər çoxdur. Kimi küyə (buma) düşüb götürə bilmədiyi yükün altına girib, kimi “piramida” üsulu (birinci binanı ikincidən, ikincini üçüncüdən və s. yığılan pulla) ilə işlədiyindən sonda dirənib, kimi də qoyulan “tələb”lərə “cavab” verə bilməyib. Bu səbəbdən indi Bakı həm də sayı bilinməyən qədər yarımçıq tikililər meydanına çevrilib. Həmin yarımçıq tikililər təkcə bu binalarda mənzil almaq istəyənlər üçün göz dağı deyil, eyni zamanda, ətraf ərazidə çirkab, zibil, palçıq, toz dağıdır. Təkcə Yeni Yasamalda bu cür “dağ”ların sayı onlarladır. Onların hündürlüyü Yasamal təpələrini çoxdan kölgədə qoyub. Bir fikirləşən yoxdur ki, Yeni Yasamal çoxdan yeni deyil, burada 20-30 ildir əhali yaşayır və yaxın keçmişədək onlar paytaxtın ekoloji cəhətdən ən təmiz yaşayış massivinin sakinləri hesab olunurdular. İndi isə ən çirkli ərazidə ömür çürütməyə məhkumdurlar. Nə var, nə var kimlərsə ətək-ətək pul qazanacaq. Nəticədə bu gün massivdə barmaq basmağa yer yoxdur, təzə məktəb binası, uşaq bağçası üçün demirik, heç 5-10 ağac əkib yanına bir oturacaq qoymağa ərazi qalmayıb. İndi gəl yaşa görüm, bu küləklər şəhərinin ən küləkli massivində, necə yaşayırsan?!
Elə bilirsiniz, mərkəzdən kənar digər ərazilərdə vəziyyət Yeni Yasamaldakından yaxşıdır? Biz desək də ki, yaxşıdır, inanan olmayacaq! Götürək, köhnə avtovağzal ərazisini. Avtovağzal yeni ünvana köçürüləndən sonra çoxları fikirləşirdi ki, nəhayət, “Bombey bazarı”na oxşayan həmin ərazi səliqə-sahmana salınacaq, abadlaşdırılacaq. Deyir, sən saydığını say, gör Bakı ŞİH nə sayır. Bu gün həmin böyük ərazi tam yiyəsizdir (hər halda, belə görünür). Təkcə kiçik bir küncü avtomobillər üçün cərimə meydançasıdır. Qalanında “sahib”liyi sahibsiz itlər edir! 5-10 metr kənarda isə valideynlər uşaqlarını əyləndirmək, özləri dincəlmək üçün bir kiçik istirahət yerinə həsrətdir. Bəli, anlaşılmayan paradoksdur: bir tərəfdə on minlərlə əhalinin yaşadığı massivdə normal istirahət parkının olmaması, bir tərəfdə də uzun müddət istifadə edilməyən və bu səbəbdən zibilxanaya çevrilən böyük ərazi. Baxmayaraq ki, şəhər təsərrüfatı üçün çox vacib olan bu iki problemin həlli bir qəti qərardan asılıdır. Təbii ki, Bakı ŞİH bu istəkdə bulunsa…
Sözün düzü, bulunmağına nə qədər özümüzü əmin etmək istəsək də, inamımız azdır. Azdır ona görə ki, içi “Azərbaycan” qəzeti ölkənin kütləvi informasiya vasitələri vaxtaşırı Bakının müxtəlif təsərrüfat problemlərinə toxunmalarına baxmayaraq, adətən, dəyişən ya az olur, ya heç olmur! Olsaydı, nə Yeni Yasamalda bu gün ekoloji təhlükə yaranardı, nə mikrorayonlar “mokrırayonlar” “status”u qazanardı və nə də paytaxtın mərkəzi ilə kənar əraziləri arasında bu dərəcədə fərq əmələ gələrdi.
Lakin bəzən şəhərin mərkəzini də fasiləsiz təmir və söküntülərlə üz tutulması mümkün olmayan əraziyə çevirirlər. Bir küçəyə nə qədər asfalt döşəyərlər, bir səkinin örtüyünü neçə dəfə dəyişərlər, bir binanın fasadı bu sayda qaşınarmı? Bəzən adama elə gəlir ki, bu işlər sonsuzluğa qədər uzanacaq. Hələ dar küçələrdə 2-3 mərtəbəli evlərin arasına pərçimlənərək tikilən binalardan qopan toz-torpağı demirik. Çox vaxt ətrafda bir yer tapmayıb mərkəzə istirahət etməyə, uşaqlarını, nəvələrini gəzdirməyə gətirənlər peşman olurlar. İllah da Bakının heç vaxt korluq çəkmədiyi külək əsə, qurtardı, qayıdıb evə girməkdən savayı əlac yoxdur! Yaxşı, onlar qaçıb canlarını qurtardılar. Bəs, həmin ərazilərdə yaşayanlar nə etsinlər? Nə qədər sement, daş tozu “udmaq” olar?!
Bütün hallarda Bakının mərkəzi aybaay, günbəgün yaxşılığa doğru dəyişir. Bu gün mərkəzdə qonaqlara fəxrlə göstəriləsi ünvanlar çoxdur, hamısı da bir-birindən yaraşıqlı, ən müasir tələb və standartlara cavab verən. Amma paytaxtımız təkcə mərkəzdən ibarət deyil! Şəhərin rəsmi qeydiyyatda olan 2,1 milyon nəfər (qeyri-rəsmi nə qədərdir, heç kəs bilmir) əhalisinin əksəriyyəti qəsəbələrdə, mikrorayonlarda, bir sözlə, mərkəzdən kənarda yaşayır və işləyir. Onların da Bakının bugünkü gözəlliyindən zövq almaq üçün tez-tez mərkəzə getmələrinə nə vaxtları var, nə də imkanları. Əvəzində yaşadıqları ərazidə səliqə-sahmana, abadlığa, heç olmazsa, hər qəsəbədə, mikrorayonda normal bir istirahət guşəsinə, parka ehtiyacları var. Bunlar olmayacaqsa, Bakı damının yarısı təmir olunmuş məktəb binasına, yaxud mərhum kostyumuna oxşamaqda davam edəcək…