Son zamanlar Dağlıq Qarabağ münaqişəsinin həllində yaranmış qeyri-müəyyənlik Azərbaycan ictimaiyyəti və rəhbərliyi tərəfindən haqlı narazılıqla qarşılanıb. Bütün bunların fonunda, təbii ki, müharibə əhvali-ruhiyyəsi də artır. Artıq Rusiyanın son iki ildə təşəbbüsü öz üzərinə götürərək göstərdiyi səylərin də nəticə verəcəyinə dair ümidlər azalmaqdadır. Beynəlxalq birlik isə hələ də tərəfləri hərbi bəyanatlar verməkdən, kəskin addımlar atmaqdan çəkinməyə çağırır. Ancaq münaqişənin həll edilməsi üçün Ermənmistana ciddi təzyiqlər göstərilmir. Bütün bu məsələlərlə bağlı suallarımızı Rusiyanın tanınmış politoloqu və siyasi şərhçisi Konstantin Eqqert cavablandırır:
- Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı nə düşünürsünüz?
- Dağlıq Qarabağ problemi keçmiş SSRİ-nin geosiyasi irsinin ən mürəkkəb elementlərindən biridir. Fikrimcə, lap əvvəldən bu münaqişə böyük mənada həm Azərbaycan, həm də Ermənistanda daxili siyasi amillərin fəaliyyətinin təsirinə də məruz qalıb. Bu səbəbdən sözügedən münaqişənin həllinin yaxın gələcəkdə mümkün olacağını düşünmürəm. Bu uzun bir vaxt alacaq.
- İndiki şəraitdə Dağlıq Qarabağda hərbi əməliyyatların yenidən başlaması risqi nə dərəcədədir?
- Azərbaycan rəhbərliyi son zamanlar münaqişənin hərbi yolla həlli ilə bağlı daha çox danışmağa başlayıb. Həmçinin rəsmi Bakı son bir neçə ildə Silahlı Qüvvələrinin hazırlığı, müasirləşdirilməsi və təchazitına böyük pullar da xərcləyir. Əgər Azərbaycan münaqişənin güc yoluyla həllinə qərar versə, 100 faiz əmin olmalıdır ki, hərbi əməliyyatları 48-72 saat ərzində başa çatdıra biləcək. Bunu isə tam dəqiqliklə hesablamaq və əmin olmaq bir qədər çətin məsələdir. Hərbi əməliyyatların uzanması Moskva, ABŞ və Avropa Birliyinin çox mənfi reaksiyalar verməsinə səbəb olacaq. Bu səbəbdən Azərbaycan sakitliyi pozduğu üçün əlverişsiz mövqeyə düşə bilər.
- Nə üçün Rusiya bu məsələnin həllindən ötrü Ermənistana təzyiqlər göstərmir?
- Çünki Ermənistan siyasi konyukturanın dəyişməsindən asılı olmayaraq Rusiyanın o qədər də çox olmayan ən sadiq müttəfiqlərindən biridir. Bu dövlətin ərazilərində Rusiyanın hərbi bazaları yerləşir. Ümumiyyətlə, Ermənistan hakimiyyətində Dağlıq Qarabağdan gəlmiş qüvvələrin cəmlənməsini nəzərə alaraq Rusiyanın İrəvanın siyasi elitasına təsir imkanları o qədər də böyüdülməməlidir. Fikrimcə, Moskvanın postsovet məkanında əlahiddə təsir imkanlarına malik olması barədə söylənilənlər həqiqəti tam əks etdirmir. Keçmiş SSRİ dövlətlərinin əksəriyyətində ölkələrinin milli maraqları barədə öz düşüncələri olan siyasi elitalar formalaşıb. Rusiya vaxt keçdikcə bu amili daha çox diqqətə almaq məcburiyyətində qalır.
- Son zamanlar ABŞ bölgədə, xüsusilə də Cənubi Qafqazda hansı rolu oynayır?
- Düşünürəm ki, ABŞ-da hakimiyyətə Barak Obamanın hökumətinin gəlməsindən sonra Ağ evin Cənubi Qafqaza marağı azalıb. Demokratların digər prioritetləri var. Bu əsasən ABŞ-ın daxili problemləri ilə bağlıdır. Bunun müqabilində Cənubi Qafqaz Rusiya, Türkiyə, İran rejimi, hətta getdikcə imkanları artan səviyyədə hərəkət edən Çinin nəzər dairəsinə düşüb. Bölgənin problemlərindən müəyyən məsafədə dayanmaq cəhdləri ABŞ üçün xoşagəlməz sürprizlər də vəd edə bilər.
- Azərbaycan və Rusiya arasındakı mövcud münasibətlərin səviyyəsini necə dəyərləndirirsiniz?
- Bu münasibətlər yaxşı və olduqca praqmatikdir. Lakin Azərbaycan - Rusiya əlaqələrində xüsusi istilik yoxdur. Azərbaycan rəhbərliyi balanslı xətt yürüdərək həm Moskva, həm də Vaşinqtonla yaxşı münasibətlərin qorunub saxlanılmasına çalışır. Rusiyada bunu nəzərə alırlar və qəbul da edirlər. Rusiyada azərbaycanlıların böyük diasporunun olduğunu nəzərə aldıqda qarşılıqlı maraqların daim qorunub saxlanılacağını da söyləmək mümkündür.
- Necə fikirləşirsiniz, Azərbaycan və Ermənistan yaxın vaxtlarda NATO-ya üzv qəbul edilə bilər?
- Bunun baş verəcəyini düşünmürəm. Ermənistanda bu ideya o qədər də populyar deyil. NATO-ya üzvlük Azərbaycanda daha çox dəstəklənir. Lakin bir-birinə qarşı ərazi iddiaları olan dövlətlərin alyansa üzv olma şansları yoxdur. Dağlıq Qarabağ münaqişəsinin həlli bu şansları kəskin şəkildə artıra bilər. Lakin bununla yanaşı, əhalinin əksəriyyətinin NATO-ya üzvlüyü dəstəkləməsi üçün addım atılmamışdan öncə ictimaiyyət da buna hazırlanmalıdır.
//"Həftə-içi"