Prezident İlham Əliyevin Fələstinin paytaxtı Şərqi Qüds olmaqla, müstəqil dövlət olması ideyasını dəstəkləyən bəyanatı böyük səs-küyə səbəb olub. Dövlət başçısının öz mövqeyini belə açıq və birbaşa elan etməsi Fələstin prezidentinin Azərbaycana səfəri zamanı baş verib.
Xatırladaq ki, İlham Əliyev öz çıxışında Azərbaycanın bütün beynəlxalq təşkilatlarda Fələstin dövlətini dəstəklədiyini bildirib. Onun sözlərinə görə, İslam Konfransı Təşkilatında, Birləşmiş Millətlər Təşkilatı çərçivəsində aparılan bütün müzakirələr zamanı Azərbaycan Fələstinin yanındadır və bundan sonra da belə olacaq: “Biz hesab edirik ki, tezliklə müstəqil, suveren Fələstin dövləti yaradılmalıdır və onun paytaxtı Şərqi Qüds şəhəri olmalıdır. Bu bizim mövqeyimizdir və bütün beynəlxalq təşkilatlarda biz bu mövqeyi müdafiə edirik, edəcəyik. Bu bizim bir tərəfdən qardaşlıq borcumuzdur, digər tərəfdən bu mövqe beynəlxalq hüquq normaları əsasında formalaşıb”.
Prezident İlham Əliyevin bu bəyanatı dünya mediasında ciddi rezonans doğurub. Dövlət başçısı hətta böyük mübahisələrə səbəb olan Qüdsün statusu ilə bağlı problemə rəğmən, açıq şəkildə məhz Şərqi Qüdsün Fələstinin paytaxtı olmasının vacibliyini ortaya qoyub.
Real vəziyyətə gəldikdə, İsrail beynəlxalq təzyiqlərə baxmayaraq, Qüdsün bir qarışının belə Fələstin dövlətinə vermək niyyətində deyil. Halbuki bu ərazi BMT tərəfindən hələ 1947-ci ildə neytral bufer zona elan olunub və Qüdsün şərqi məhz fələstinlilərə verilib.
1967-ci ildə 6 gün davam etmiş döyüşlər nəticəsində yəhudilər Fələstinin qərb, Qüdsün isə şərq hissəsi və Qəzza zolağını işğal edib. Elə o gündən bu günədək müsəlman, xristian və yəhudilərin hər birinin özünə müqqədəs saydığı Qüdsün statusu Fələstin və İsrail arasında ciddi mübahisə predmetidir.
Artıq 60 ildir ki, davam edən münaqişənin həllinə dair ABŞ prezidenti Barak Obama təklif edib ki, danışıqlar prosesi davam etdirilməlidir, Fələstin dövləti 1967-ci il sərhədləri əsasında qurulmalıdır, eləcə də Şərqi Qüdsdə yəhudi yaşayış məntəqlərinin tikintisi dayandırılmalıdır. İsrail tərəfi isə İsrail-Fələstin münaqişəsinin 1967-ci il sərhədlərinə əsasən həllinin qəbuledilməz olduğunu və bölünməz Qüdsün İsrailin paytaxtı olaraq qalacağını bəyan edib.
Fələstin tərəfi məsələnin BMT qətnamələri əsasında həllini dəstəkləyir və İsraillə danışıqlara ancaq yeni yəhudi yaşayış məskənlərinin tikintisinin dayandırılalacğı təqdirdə gedəcəyini bildirib.
Qeyd edək ki, Fələstinin müstəqilliyini tanıyan ölkələrin sayı 100-ü keçib.